Rusiya lideri Vladimir Putinin Ukraynaya könüllü döyüşçülərin qəbul oluna biləcəyini açıqlamasından sonra Suriyadan rejim sıralarından və milis qruplarından 40 mindən çox insanın Ukraynadakı işğalçı qüvvələrə qoşulmaq üçün müraciət etdiyi iddia edilib.
Hafta.az xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu iddia edib ki, Rusiya pul və fayda müqabilində Ukraynada suriyalı döyüşçüləri cəlb etmək üçün müraciət mərkəzləri yaradıb. Fransanın AFP agentliyinə danışan Rami Əbdülrəhman, Dəməşq və Hələb kimi şəhərlərdə yaradılan müraciət mərkəzlərinə indiyədək 40 mindən çox döyüşçünün müraciət etdiyini bildirib.
Ukraynaya getmək üçün müraciət edən döyüşçülərə aylıq 1100 dollar maaş və əlavə ödənişlər vəd edildiyi iddia edilib. Müvafiq olaraq, Rusiya qüvvələrinə qoşulan suriyalı döyüşçülərin yaralanması halında 7700 dollar, qarşıdurmada həyatını itirdikləri təqdirdə isə ailələrinə 16500 dollar (təxminən 240 min TL) təzminat veriləcəyi bildirilib. Hərbçilərin maaşlarının 15-35 dollar arasında olduğu Suriyada müraciətlərin artmasının əsas səbəbinin pul vədləri olduğu düşünülür.
Suriyada müharibə dünəndən 11 ili geridə qoyduğu üçün Rusiyanın buradakı sahə təcrübəsindən yararlanmaq istədiyi düşünülür. Bu çərçivədə Suriya ordusu ilə yanaşı, Rusiya ordusu tərəfindən yetişdirilmiş və şəhər döyüşlərində təcrübəli rejim tərəfdarı milislərdən də müraciətlər qəbul edilir. Bununla belə, Suriya İnsan Haqları Müşahidə Qrupu rəsmisi qeydiyyatdan keçənlərdən heç birinin Ukraynada olub-olmadığını təsdiqləməyib.