"Ruslar işğal etdikləri ərazilərdə yaşayan mülki əhalini qul kimi işlədirlər".
Hafta.az-ın yazdığına görə, bu sözləri Mariupol Bələdiyyə sədrinin müavini Sergey Orlov "The Sun" qəzetinə açıqlamasında deyib. “Rus hərbçilər xalqımızın gizləndiyi sığınacaqlara girir və onlara "getmək üçün 15 dəqiqəniz var" deyirlər. Getmək istəməyənləri binanı başlarına uçuracaqları ilə hədələyirlər. Daha sonra onları Rusiyaya apararaq çox ağır şəraitdə, ən ağır işləri görməyə məcbur edirlər. Bizdəki məlumata əsasən, ən azı 40 min ukraynalı mülki insan Rusiyaya aparılıb" deyən Mariupol rəsmisi həmin şəxslərdən bəzilərinin onun gizli təmas qurduqlarını diqqətə çatdırıb.
Orlov deyib ki, ukraynalılar məhz Rusiyanın ayaqda qalması üçün zorla işlədilirlər. Amma ən pisi həmin insanların övladlarını əllərindən alıb tamamilə uzaqda, heç kimin bilmədiyi yerdə saxlanılmasıdır. "Bizdəki məlumatlara görə, yüzlərlə azyaşlı uşaq və yeniyetmə Donetskdəki xəstəxana binasında saxlanılır. Bu çox dəhşətlidir və insanlığa sığmayan cinayətdir. Buna baxmayaraq, biz dözürük və ölkəmizi müdafiə edirik. Ruslar bizi ram eləmək üçün əllərindən gələni edirlər. Şəhərimiz artıq yoxdur. İndi də insanlarımızı yox etməyə başlayıblar", - deyib Sergey Orlov.
Bələdiyyə sədrinin müavini bildirib ki, əsirlər Rusiya ərazisinə aparıldıqdan sonra qəribə bir yoxlanmaya start verilir. Yaşından asılı olmayaraq bütün kişilər lüt soyundurulur, bədənlərində Ukrayna millətçiliyini göstərən hər hansı döymə olub-olmadığını araşdırırlar. Daha sonra isə sənədlərinə baxırlar, sorğu-sual edirlər. Sonda pasportlarını özlərində saxlayan ruslar ukraynalılara "yaşamaq istəyirsinizsə işləyin, qazanın" deyirlər. Hətta onlara formal da olsa müvəqqəti işləmək haqda icazə verilir və ən ağır sahələrdə işlədilir.
Hazırda Mariupolda qaz, elektrik, içməli su və sair - heç nəyin olmadığını deyən Orlov bildirir ki, vətəndaşlar hər gün ondan kömək istəyirlər, amma əməli cavab vermək üçün əlində heç bir imkan yoxdur. "Ən çətin vəziyyətdəyik. Analar mənə deyir ki, körpəsinə verməyə yeməyi yoxdur və sual edirlər ki, indi nə etsinlər, məndən çıxış yolu istəyirlər. Amma nə edim - verəcək cavabım yoxdur. İndi hamımızın tək bir çıxış yolu var - mümkün qədər dözmək və şəhərimizi yenidən inşa etmək üçün Allaha dua etmək", - deyib Sergey Orlov.