Məlum çətinliklərə baxmayaraq, Argentinada doğuş etməklə uşaqlarına vətəndaşlıq almaq istəyən rus ailələri üçün bu ölkə cazibə mərkəzi olmaqda davam edir. Ötən il bu yolla Argentinada yaşamaq icazəsi alan Rusiya vətəndaşlarının sayında rekord qırılıb.
Hafta.az-ın yazdığına görə, 2022-ci ildən bəri məhz bu yolla 5100 Rusiya vətəndaşı Argentinada daimi yaşamaq icazəsi alıb.
2022-ci ildə bu rəqəm 919 idisə, 2023-cü ildə 3700-ə yüksəlib.
Argentinada yaşamaq icazəsi alan rusların əksəriyyəti bu ölkəyə doğum etmək üçün gedən qadınlardır.
Argentina Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən yanvar ayında 501 Rusiya vətəndaşı ölkədə yaşamaq icazəsi alıb.
2022-ci ildə Argentinada yaşayış icazəsi alan Rusiya vətəndaşlarının sayı ayda orta hesabla 50-150, 2023-cü ildə isə 201-dən 459-a çatıb.
Bu arada “Baza” xəbər saytı ən azı 10 Rusiya vətəndaşının İstanbul - Buenos Ayres reysinə buraxılmadığını iddia edib. Xəbərə görə, bütün reyslərin ləğvi Türk Hava Yollarında (THY) baş verib. Əlavə yoxlamalar səbəbilə Rusiyadan gələn və Argentinadan geri dönüş bileti olmayan sərnişinlərin təyyarəyə buraxılmadığı, şirkətin yəqin ki, Argentina hakimiyyət orqanlarının tələbini yerinə yetirərək mühacir kimi səyahət edən sərnişinlərin deportasiya riskini azaltmağa çalışdığı bildirilib. THY-dən heç bir açıqlama verilməyib.