Ruslar niyə uşaq dünyaya gətirmir?

10:38 11.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar Rusiyada doğum səviyyəsinin aşağı düşməsini ekspertlər sosial-iqtisadi və siyasi səbəblərlə əlaqələndirirlər.

Hafta.az-ın “Forbes” jurnalına istinadən yazdığına görə, araşdırmalar 2022-2023-cü illərdə fərdlərin uşaq sahibi olmaq niyyətlərinin dəyişdiyini göstərir. Dəyişiklikdə mühüm rol oynayan iki amil iqtisadi çətinliklər və ölkənin siyasi atmosferidir.

Xəbərin mövzusu olan və Ali İqtisadiyyat Məktəbinin mütəxəssisləri tərəfindən hazırlanan araşdırmada fərdlərin maddi vəziyyətinin pisləşməsi və etibarsızlıq kimi amillərin onların doğum qərarlarını təxirə salmasına və ya tamamilə imtina etməsinə səbəb olduğu ortaya çıxıb.

“Voprosı Ekonomii” elmi jurnalında dərc olunan araşdırmaya qatılan insanların əksəriyyəti həyat şərtlərindəki qeyri-müəyyənliklər səbəbindən uşaq sahibi olmaq planlarını təxirə saldıqlarını bildiriblər. Xüsusən də iqtisadi cəhətdən çətin olanların bu qərarı maddi sıxıntıların öhdəsindən gəlmək üçün qəbul etdikləri anlaşılır. Bundan əlavə, Rusiyanın həyata keçirdiyi xüsusi hərbi əməliyyat kimi xarici siyasi faktorların ayrı-ayrı şəxslərin gələcəklə bağlı narahatlıqlarını artırdığı və bu narahatlıqların onların doğum planlarında mənfi şəkildə əks olunduğu bildirilir.

Araşdırmanın nəticələrinə görə, uşaq sahibi olmaq planlarını təxirə salanların əhəmiyyətli hissəsi makroiqtisadi problemlərdən xüsusilə təsirləndiklərini, digərləri isə şəxsi səbəblər və sağlamlıq problemləri kimi amilləri önə çəkiblər. Digər tərəfdən, jurnal hökumətin ailə siyasətinə inamın aşağı olması səbəbindən insanların bu cür uzunmüddətli planları yenidən nəzərdən keçirdiyini yazır.