“Ruslar qolları və ayağı olmayan qazini Ukraynanı sevdiyi üçün güllələyib” – Sergey Qayday

15:35 11.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hücumundan 47 gün ötsə də, nəinki bu ölkəni boyunduruğa keçirə bilməyib, əksinə, daha əvvəllər zəbt etdiyi şimal bölgələrdən geri çəkilib. İlk günlər paytaxt Kiyevi ələ keçirmək üçün qüvvə sərf edən Moskva, hazırda əsas gücünü şərq torpaqlarını – separatçı bölgələr olan Donbas və Luqanskı birdəfəlik nəzarətdə saxlamağa yönəldib. Artıq neçə illərdir ki, yarısı separatçıların timsalında Rusiyanın, qalan yarısı isə Ukrayna hökumətinin nəzarətində qalan adıçəkilən vilayətlərin şəhər və kəndləri müharibənin amansız zərbələrindən təsirlənərək xarabaya çevrilib. Dağılmış infrastruktur, daş qalağına çevrilmiş binalar və ən əsası, sakinləri qaçqın düşdüyü üçün kimsəsizləşmiş bu ərazilər sabitlik və insan nəfəsinə ehtiyac duyur.

Ukrayna hökumətini qanuni şəkildə təmsil edən Luqansk Dövlət Administrasiyasının sədri Sergey Qayday bölgədə real vəziyyətdən söz açarkən UP-a bildirib ki, hazırda Luqansk Donbasla birlikdə müharibənin ən qızğın getdiyi bölgədir. Hətta Rusiyanın yaxın vaxtlarda bütün qüvvələrini bu istiqamətdə cəmləyəcəyi istisna olunmur. Elə bu səbəbdən də Kiyev hökuməti bütün mülki şəxsləri Luqansk və Donbası tərk etməyə çağırıb.

“Bu ərazilərdə adi silahlardan atəş açılmır. Burada ancaq ağır artilleriyadan, o cümlədən 152 kalibr toplar, iriçaplı minaatanlar, yaylım atəş sistemləri, “Dolu”, “Tornado”, “Qasırğa”, qanadlı raketlər, təyyarələrdən və sair danışmaq olar. Bu sadəcə dəhşətdir. Luqanskdakı bütün xəstəxanalar uçurulub, əksər evlər tamamilə, qalanları isə qismən dağıfılıb. Döyüşlər mütəmadi getdiyi üçün dağıtıların miqyasını hesablaya bilmirik. Hər gün insanları ərazidən təxliyə edirik. Amma burada da çətinlik var. Çünki ruslar yolları, mülki insanları daşıyan avtobusları belə vurur” deyən S.Qaydaya görə, məhz bu səbəbdən də sakinlərin döyüş meydanından çıxarılması prosesi ləngiyir.

Cənab Qayday bildirib ki, rəhbərlik etdiyi bölgədə - Lisiçansk və Severodonetskda yalnız iki xəstəxana qalıb. Hansı ki, həm mülki xəstələr, həm də yaralılardan bir çoxu məhz burada - damları-divarları  zədələnmiş, bəzi hallarda şüşələri çatlamış xəstəxanada təcili tibbi yardım ala bilər.

Bu günlərdə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba demişdi ki, Donbasda gedən döyüşlər əslində İkinci Dünya Müharibəsinin təkrarıdır. Maraqlıdır, Luqanskın inzibati rəhbəri bu prosesdən nə gözləyir? O, özünəməxsus tərzdə bildirib ki, yəqin səhərüzü saat 3-4 radələrində şəhəri atəşə tutmağa başlayan ruslar bundan sonra hücuma keçəcəklər. “Ağır və iriçaplı minaatanlardan, artilleriya, aviasiya, MLRS, “Dolu”, “Tornado”, “Hurricane”, “Point-U”, “Point-B” tipli minaatanlardan istifadə olunacaq. Bu atəşlər Donetsk və Luqansk vilayətlərində bir neçə saat davam edəcək, sonra onlar çox sayda tank və piyada ilə hücuma keçəcəklər. Şimaldan ona görə çəkildilər ki, hücumu eyni istiqamətdən daha sürətlə aparsınlar. Çünki rusların hər tərəfdən Ukraynaya cəbhə açmaları texniki baxımdan əlverişsizdir”, - deyib müsahib.

Ruslar üçün 9 may tarixinin əhəmiyyəti çox böyükdür. Hətta belə fikirlər var ki, bu tarixədək Donbas və Luqansk əraziləri tamamilə işğal ediləcək. Qayday deyib ki, bura Ukraynadır. Rusiya hökuməti öz xalqını aldatmaq, başını qatmaq üçün hər dəfə bir gün uydura bilər və necə ki, uydurur. “Məsələn, indi deyirlər 9 mayadək, bu tarixdə dedikləri olmasa, sonra deyəcəklər iyunun 3-də qələbə çalacaqlar. Bəs iyunun 3-də nə olub ki, heç nə. Amma ruslar həmin tarixi müqəddəsləşdirmək üçün nəsə yaradacaqlar. Amma bütün hallarda Rusiyada insanlar sevinirlər ki, ölkələri başqa bir ölkəyə hücum edib. Hamısı deyir, əla, biz bütün ukraynalıları öldürəcəyik. Onlar xəstə təxəyyüllüdürlər. Ona görə də istənilən tarixi, istənilən məlumatı, yalanı udacaqlar”, - deyib Qayday.

Qəribədir, Luqanskın Rusiyanın əsarətində qalan hissəsində vəziyyət necədir? Müsahibin yerli şahidlərə əsaslanaraq dediklərinə görə, Luqanskın rusların nəzarətində qalan hissəsində kişiləri görmək mümkün deyil. “Niyə, çünki bəziləri tutulub, bəziləri Ukrayna ilə müharibəyə getməmək üçün gizlənir, çünki görürlər ki, nə qədər “KamAZ” meyit gətirilir. İndi səfərbərliyin ikinci dalğası davam edir, onlar hətta sonuncu kurs tələbələrini də döyüşə aparmağa hazırdırlar. Əslində rusların planı bəllidir: ön cərgədə  “top yemi”, yəni orduya yeni səfərbər olunanlardır. İkinci sırada Luqansk qüvvələri və Kadırovun çeçen silahlılarıdır. Bu müharibədə ruslar isə üçüncü və ən arxa sırada, at belində və parad geyimində nəzərdə tutulub. Bu gün Luqanskın separatçılar tərəfində insanları assimilyasiya, rusca danışmağa məcbur edirlər. Şəxsən mən özüm Severodonetskdə anadan olmuşam, amma Lvova köçənədək ukrayna dilini ümumiyyətlə bilmirdim” deyən Qayday Kadırov silahlılarına da toxunub. Bildirib ki, hazırda rusiya Luqanska Suriyadan silahlılar gətirir, Kadırovçuları və digər müharibə cinayətkarlarını köçürür. Onların çəkilməyə yerləri yoxdur, hamısı qan içində cinayətkarlardır. Onlar Ukraynayönümlü mövqeyi olan bir əlili – onun qolu və ayağı yox idi – elə əlil arabasındaca güllələdilər. Başqa bir misal: bir rus tankı sürərək qocalar evini vurdu, nəticədə 56 qoca dağıntılar altında can verdi...

Son vaxtlar tərəflərin danışıqlara meylləndiyi hiss olunur. Bəs Luqansk rəhbərliyi bu danışıqların müsbət nəticələnəcəyinə əmindirmi? Qayday deyib ki, qətiyyən. Onun sözlərinə görə, Vladimir Zelenski ukraynalıları bir qarış da olsun torpaq itirmədən Rusiya ilə sülh müqaviləsi imzalayacağına inandırmalıdır. “Amma bunu düşünmək belə çətindir. Onlar danışıqlar aparmaq istədiklərini göstərməklə sadəcə vaxt qazanırlar. Vaxtilə Cövhər Dudayev belə deyirdi: “Əgər Rusiya danışıqlar masasına oturarsa, deməli, pis işləyir və hücuma yeni planlar hazırlamaq üçün vaxt qazanmağa çalışır”.

Müsahib bildirib ki, hazırda “Facebook”da və ümumiyyətlə, ünsiyyətdə olduğu insanların çoxu ruslarla aparılan danışıqlarda hansısa güzəştlərin olacağından narahatdırlar. Hətta bu güzəştlərin içində Luqansk və Donbasın da olacağından qorxurlar. “Müharibə ərəfəsində yalnız tənbəllər tutduğu vəzifəyə görə Zelenskini qınamırdı. Xəyanət hər yerdə vardı. Bu gün xalq, müxtəlif ölkələrdən sığınacaq təklifi verilən liderin ətrafında birləşib. Zelenskiyə nələr vəd olunmurdu: Əla şərait, təyyarə və sair. Amma o qaldı. O, yerindədir. Normal, güclü komandan olaraq ordunu birləşdirdi. İndi bütün Ukrayna əhali deyil, konkret millətdir. İrqçiliklə savaşan yeganə millət. Ona görə də Zelenski heç vaxt heç bir mövqedən əl çəkməyəcək və bu barədə açıq şəkildə danışır. 2,5 ildir ki, bu adamla işləyirəm. Bu komandada çalışdığım üçün heç vaxt peşman olmamışam”, - deyib S.Qayday.