Rüstəm Muradov amili bizim üçün vəziyyəti dəyişmir – Hərbi ekspert

12:38 22.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradov yenidən dövriyyəyə buraxılıb. Hazırda sülhməramlı kontigentin komandanı Gennadi Anaşkin olsa da, nədənsə Rusiya hərbi-siyasi rəhbərliyi Muradova etimad göstərir, o cümlədən Bakı və İrəvan da onun işini pis qarşılamır. Muradov erməni cənazələri və əsirlərin qaytarılması ilə bağlı Bakı və İrəvan arasında vasitəçilik etmək üçün geri çağrılıb. Xəbər verildiyi kimi artıq Muradov son hadisələrdən sonra bir erməni hərbçisinin cəsədini təhvil alaraq İrəvana qayıdıb.

Maraqlıdır, niyə Ermənistan atəşkəsi pozan kimi, toqquşmalar olan kimi, hərbi əsirlər və Ermənistana cəsəd aparılmasında Rüstəm Muradov amili önə çıxardılır.  Bu şəxsin bu işdəki effektivliyi hansı səviyyədədir?

Bu barədə hafta.az-a açıqlama verən  hərbi ekspert Nazim Cəfərsoy bildirib ki, yeni təyin olunan komandan Rüstəm Muradovla müqayisədə regionla bağlı proseslərə o qədər bələd deyil. Bu prosesdə daha geniş məlumata sahib olan şəxs  Rüstəm Muradovdur.

“Rüstəm Muradov prosesin çox da xaricində deyil. O, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavinidir və cənub sərhədlərinin  təhlükəsizlik məsələləri ilə bağlı Rusiya perspektivinə faydalı görünür. Eləcə də zaman-zaman gündəmə o gəlir ki, Rüstəm Muradov qafqazlıdır, Qafqaz psixologiyasını, orda baş verən prosesləri digərləri ilə müqayisədə daha yaxşı anlaya bilir”.

Hərbi ekspert Rüstəm Muradovun Azərbaycan tərəfdən neqativ imiclə yadda qaldığını onun Ermənistana rahat səfərlər etməsi baxımından əhəmiyyətli məqam kimi qeyd edir. Onun fikrincə, Rusiya belə bir böhranlı dövrdə öz adına Muradovu daha başarılı şəxs kimi  görür.

Hərbi ekspert hesab edir ki, Rüstəm Muradovun bu prosesə cəlb olunması, bizim üçün vəziyyəti dəyişmir.

“Son hadisələrdə Azərbaycan tərəfi öz sərt mövqeyini ortaya qoyub və öz maraqlarını müdafiə edir. Ermənilər isə istəyirdilər ki, Rusiya bu proseslərə müdaxilə eləsin. Ermənistanda narazılıq yaranırdı ki, Rusiya onun müttəfiqi olduğu halda hərbi əməliyyatlarda iştirak etmədi. Rusiya bu gün erməni əsrilərini, erməni cənazələrini aparmaqla bir növ ermənilərin könlünü alır. Rüstəm Muradov da Ermənistanda qəbul olunan bir fiqur kimi aktivləşir”.

Hərbi ekspert bildirib ki, artıq R.Muradovun sülhməramlı nümayəndə kimi yox, Cənub Hərbi Dairəsinin komandanının müavini kimi prosesə daxil edilib.