Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə sahibkar xanımlarla birgə şəhid anası ilə görüşüblər.
AQSİA-dan hafta.az-a bildirilib ki, sahibkar qadınlar Balakənin Qaysa kəndində şəhid Əsdiyev Eybullanın anası Nəzakət xanımı, şəhidə məxsus qorunub saxlanan şəxsi guşəsini ziyarət ediblər. AQSİA-nın təmsilçiləri qurumun adından şəhidlərin ruhu qarşısında baş əydiklərini və hər zaman ananın yanında olduğunu diqqətə çatdırıblar.
AQSİA-nın icraçı katibi Mətanət Ağamirli və idarə heyətinin üzvü Afət Həsənova Balakən rayon icra hakimiyyətinin başçısının müavini Mehbarə Əliyevanın təklifi və vasitəçiliyi ilə kəndin sahibkar xanımları ilə görüşüb. AQSİA-nın təmsilçiləri sahibkar xanımlara qurum haqqında məlumat verərək assosiasiyanın müxtəlif təşkilatlarla bölgələrdə biznesin inkişafı istiqamətində birgə layihələr həyata keçirdiyini diqqətə çatdırıblar. Balakəndə əsasən xanımların quşçuluqla, mürəbbə-cem istehsalı ilə, şirniyyat sexlərində çalışmaqla məşğul olduğu bildirilib. AQSİA-nın gələcəkdə bölgələrin sahibkar xanımları ilə görüşlərinin və layihələrin faydalı olacağı ilə bağlı fikirlər səsləndirilib.
Gələcəkdə bu kimi görüş və müzakirələrin daha geniş vüsət alması nəzərdə tutulur.