Sanksiyaların Ermənistana olan təsirlərini azaltmaq mümkün olmayacaq - Natiq Cəfərli

16:05 05.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Aprelin 6-da Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü olacaq. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş nəhayət Ermənistanın öz siyasətindən əl çəkməsi üçün hansı təsir imkanlarını ortaya qoyacaq?

İctimai müzakirələrdə həmçinin, Brüssel görüşündə nələrin müzakirə olunacağı, Avropa İttifaqı tərəfindən Ermənistanın sülh sazişinə imza atması üçün hansı addımların aıtlacağı, hansı razılaşmaların əldə olunacağı da birmənalı qarşılanmır.

Politoloq Natiq Cəfərli hafta.az-a Rusiyanın danışıqlar prosesindən kənarda qalmasının mümkün olmadığını deyib. Onun sözlərinə görə, Rusiya prosesdən kənarda qalarsa, təxribatların, müxtəlif siyasi addımların şahidi olmaqla yanaşı, Xankəndi və onun ətrafında vəziyyətin gərginləşdiyini müşahidə edə bilərik.

“Növbəti görüşlərin biri də Rusiyada ola bilər. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın başı Ukraynada düşdüyü “bataqlığa” qarışıb. Daxili auditoriya və beynəlxalq münasibətləri ilə bağlı çox ciddi problemlər yaşayır. Bu görüşlər dünyada yerlə bir olmuş imicinin pozitiv yöndə dəyişdirilməsi üçün Rusiyanın özünə də lazımdır. Brüsseldə hər hansı sazişin imzalanması ilə prosesə dəstəyin ifadə olunması üçün yəqin ki, belə bir görüş nəzərdə tutulacaq. Əgər ciddi irəliləyişlər olarsa, ola bilər ki, yay aylarında növbəti Brüssel görüşü baş tutsun”.

Politoloq Brüssel görüşünü təşkil edən Avropanın nə dərəcədə Azərbaycanın yanında olub, sülhün təmin edilməsində olması ilə bağlı məqama da diqqət çəkib. Eyni zamanda Avropa Şurası və Avropa Şurası Parlament Assambleyasının fərqli qurumlar olduğunu qeyd edərək, bu qurumların zaman-zaman işğal faktı, Sərsəng su anbarı ilə bağlı Azərbaycanın lehinə olan bəyanatlar qəbul etdiyini qeyd edib.

N.Cəfərli bildirib ki, son zamanlar Ukrayna-Rusiya müharibəsi çərçivəsində Cənubi Qafqaza maraq getdikcə artır. Azərbaycanın önəmi Avropa üçün daha çox artır. Azərbaycan enerji daşıyıcılarının alternativ mənbələrindən biri kimi görülür və bu ölkə ilə münasibətlərin daha yaxşı olmasına çalışılır.

“Həmçinin, Cənubi Qafqaz regionunda Rusiyanın təsirlərinin azaldılması ilə bağlı Avropa Birliyi ökələrinin, Qərbin addımlarını açıq-aşkar sezmək olar. Ermənistan da bunu anlayır. Çünki Rusiyaya qarşı sanksiyalar getdikcə sərtləşir. İqtisadiyyatının 70 faizi Rusiyadan asılı olan Ermənistan anlayır ki, Qərblə münasibətləri yaxşılaşdırmadan bu sanksiyaların Ermənistana olan təsirlərini azaltmaq mümkün olmayacaq”.

Politoloq qeyd edib ki, Ermənistanın Qərblə münasibətlərinin perspektivi Azərbaycanla Türkiyə üzərindədir. Hər iki ölkə ilə münasibətlər normallaşmasa  Qərblə iqtisadi əlaqələr, qərbə çıxış mümkün olmaz.

“Ermənistan tərəfi də bunu anlayır və Qərb, eləcə də Avropa Birliyi ölkələrində elə bir yol tutulub ki, ən azı Cənubi Qafqazda yeni bir gərginlik ocağı yaranmasın. Rusiyanın müdaxilələri artmasın deyə bu münaqişənin tezliklə həll olunması və Ermənistanın da Qərbə inteqrasiyasının Azərbaycan və Türkiyə üzərindən keçməsinə çalışılır.

Rusiyanın buna necə maneə törətməsi ilə bağlı suallar, təhlükələr var. Bunlar masada olan məsələlərdir, amma getdikcə bu təhlükələri aradan qaldırmaq üçün addımların atılmasına da ehtiyac var. Bunlardan da biri Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşdırılmasından keçir”.