Saxta brendlərin bazarı bağlanır - "BAHALAŞMA OLACAQ"

13:25 16.11.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bu ilin sentyabrından xaricdən Azərbaycana idxal olunan məhsullara nəzarət artıb. Belə ki, Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə gətirilən mallara nəzarət tədbirləri həyata keçirərkən əqli mülkiyyət hüquqlarının qorunması, pirat və konfrafakt malların qarşısını almağa başlayıblar. Komitənin bununla bağlı yaydığı açıqlamaya görə, bu işlər «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun, daha dəqiqi qanunun 10-cu maddəsi  əsasında aparılır.

Komitə xatırladıb ki, Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər. Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət  məsuliyyəti yaradır.

Təyyarə hissələrinin belə, 3 faizi saxtadır

Bəs, görəsən, bu addım yerli bazara necə təsir edib? Azərbaycan bazarlarında saxta “brend” məhsullar hələ də qalırmı?

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib ki, hazırda dünya miqyasında əmtəə bazarlarında xeyli saxta məhsul var: “Hətta beynəlxalq təşkilatlatların hesabatına əsasən, təyyarə hissələrinin belə 3 faizi saxtadır. Təbii ki, saxta məhsulların geniş yayılması tendensiyası Azərbaycandan da yan keçməyib. Azərbaycanda biznes qurumları üçün çox rahat və toxunulmaz şərait yaradılıb. Bəzi biznes qurumları istehlakçıları aldadır. Məlumdur ki, dəfələrlə həmin biznes rəsmi qurumlar tərəfindən ifşa olunub. Bu mənada gömrük orqanlarının bu istiqamətdə başlatdığı işi təqdir edirəm. Çünki brend adı altında gələn bəzi məhsullar istehlakçıların aldadılaraq, onlardan artıq pul alınması ilə nəticələnməklə yanaşı, həm də insan həyatı üçün təhlükə yaradır. Misal üçün, avtomobil ehtiyat hissələri bu qəbildən olan mallara aiddir”.

İstehlakçı aldığı malın sənədlərini tələb etməlidir

Ekspert vurğulayıb ki, brend markalar adı altında istehsal olunan məhsullara maraq çoxdur: “Belə məsələlərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütləq ciddi nəzarət etməlidir. Hətta iş o yerə gəlib çıxıb ki, şəhərin mərkəzində- “Sahil” metrosunun yaxınlığında saxta geyimlər satılan mağazalar mövcuddur. Təbii ki, istehlakçı həmişə aldığı malın sənədlərini tələb etməlidir. Satıcı da həmin sənədləri göstərməyə borcludur. Demək olar ki, sənaye məhsullarının bütün seqmentində saxta məhsul problemləri var. Bir məqamı da vurğulamalıyam ki, Azərbaycanda fəaliyyət göstərən brend məhsulların nümayəndəlikləri də belə malların bazara ayaq açmasına susurlar. Görünür ki, onlar da bu “biznes”də maraqlıdırlar. Bu baxımdan hesab edirəm ki, yerli bazarı saxta məhsullardan tamamilə təmizləmək mümkünsüz görünür. Gərək bütün tərəflər bu məsələdə maraqlı olsunlar ki, görülən işin də müsbət effekti olsun”.

“Ölkədə ciddi qiymət artımı olacaq”

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov isə bildirib ki, Azərbaycan alıcılıq gücü zəif olan ölkələrdəndir: "Reallıq ondan ibarətdir ki, inkişaf etmiş ölkələrin əhalisinin, xüsusilə də onun az və ortagəlirli qruplarının tələbatının böyük bir qismini həmin məhsullar ödəyir. Hətta Birləşmiş Millətlər Təşkilatının zaman-zaman bu kimi məsələlərdə daha ehtiyatla davranmaqla bağlı tövsiyələri olur".

İqtisadçı hesab edir ki, hazırda başladılmış prosesin nəticəsində ölkədə ciddi qiymət artımı olacaq: "Bundan başqa, mənim ən böyük narahatlığım o istiqamətdədir ki, bazar tələbi yüksək olanda bu kimi məhdudiyyətlər böyük korrupsiya risklərini formalaşdırır. Bir tərəfdən, bu mallara böyük bazar tələbi var, digər tərəfdən, müəyyən səlahiyyətli qurum bunu məhdudlaşdırır. Belə olduğu təqdirdə bazarda bu böyük tələbat qarşılığında müəyyən mənfəət əldə etmək istəyən tərəflər hərəkətə keçirlər ".

Xatırladaq ki, Azərbaycana brend məhsulların saxta versiyası əsasən Çindən idxal edilir. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 49,2 faiz və ya 752,46 milyon ABŞ dolları artaraq 2,28 milyard dolları üstələyib. Statistik hesablamalara görə, cari ilin ilk 9 ayında Azərbaycandan Çinə 71,6 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 67 faiz və ya 28,7 milyon dollar çoxdur. Çindən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 48,7 faiz və ya 723,7 milyon dollar artaraq 2,21 milyard dollar təşkil edib. Cari ilin yanvar-sentyabr aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 5,84 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 2 faiz bəndi çoxdur.