Rusiyanın ən böyük özəl bankı olan “Sberbank”ın yeni baş ofisinin layihəsi paylaşılıb. Bankın baş direktoru German Qref Moskva vilayətində Rublevo-Arhangelskdə Novorijskiy Şosse yaxınlığında tikiləcək ofis və yaşayış kompleksinin təqdimatını keçirib.
Hafta.az-ın yazdığına görə, birinci mərhələsinin bu ilin sonunda tikintisi planlaşdırılan ofis və yaşayış mərkəzi layihəsinin tam reallaşması üçün 2032-ci ilə qədər vaxt tələb olunacağı təxmin edilir.
461 hektar ərazidə qurulacaq “Sber City”də ümumilikdə 4 milyon kvadratmetr daşınmaz əmlakın tikintisi planlaşdırılır. Bunun 2,6 milyon kvadratmetri yaşayış binaları olacaq.
Bildirilir ki, kompleksdəki binaların əksəriyyəti 5-7 mərtəbəli olacaq, ən hündür binalar isə 12-14 mərtəbəli olaraq layihələndirilib.
“Sberbank”ın baş ofisi yeni tikiləcək məhəllədə 65 min insanın yaşayacağı və 2030-cu ilə qədər 70 mindən çox insanın işləyəcəyi proqnozlaşdırılır.
“Sber City”də mənzilin hər kvadratmetrinin qiymətinin 270 min rubldan başlayacağı bildirilir.