Seçkidən sonra Azərbaycanın bölgədə sülh və təhlükəsizlik rolu artacaq - Aydın Quliyev

09:53 09.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu seçki Azərbaycan dövləti və cəmiyyətinin eyni mövqedə olduğunu ortaya qoymaqla gücünə güc qatdı. Bu, Azərbaycan dövlətinin bölgədə təhlükəsizlik və sabitliyin təminatçısına çevrildiyini şərtləndirdi. Seçkidən sonra Azərbaycanın bölgədə sülh və təhlükəsizlik rolu artacaq”.

Bunu hafta.az-a siyasi şərhçi Aydın Quliyev növbədənkənar prezident seçkilərinin nəticəsi və Cənubi Qafqazdakı proseslərə təsiri ilə bağlı açıqlamasında bildirib.

A.Quliyev 7 fevral seçkilərinin bir sıra özəl xüsusiyyətləri ilə diqqət çəkdiyini bildirib. Onun sözlərinə görə, seçkinin ilk dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi şəraitində və sərhədlərimizin təhlükəsizliyinin tam təminatı altında keçirilməsi, onun gücünü daxili və beynəlxalq imicini xeyli dərəcədə yüksəldir.

“Bu seçkilər Azərbaycan cəmiyyətinin gücünü göstərdi. Son üç ildə Prezidentin apardığı siyasət, antiterror tədbirləri, Xankəndidə separatçı yuvanın ləğv edilməsi Azərbaycan cəmiyyəti tərəfindən lazımi dəyərini aldı və seçkinin nəticəsi olaraq dövlətin siyasətinə qiymət verdi. Bu seçki bölgədə Azərbaycanın mövqeyini xeyli möhkəmləndirəcək. Ona görə ki, güclü, sabit Azərbaycanın bu bölgədə daha güclü təhlükəsizlik faktoru olduğu bizə məlumdur. Azərbaycan zəif olanda Cənubi Qafqazda dayanıqlı sabitlik yox idi, müharibə ocağı görünürdü. Ancaq güclü olandan sonra bölgədə təhlükəsizlik və sabitliyi qarantına çevrildi”.