“Səhər üzü 4:20-də zəng vurub dedilər ki, müharibə başaldı” - Dmitri Jivitski

20:20 17.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Sumı şəhərində çoxdan - avqust ayında olmuşam. Normal yay havası vardı, hər yer yamyaşıl, çoxlu çayları və sair heç yadımdan çıxmır. Sumı hər birimizin gözləri alışmış keçmiş Sovet memarlıq üslubunda tikilmiş beşmərtəbəli binaları, geniş parkları, məktəbləri, kilsələri, əyləncə mərkəzləri, nə bilim nələri ilə kompleks Şərqi Avropa şəhəri idi. Hələ vilayətin Konotop şəhərini demirəm - kiçik və sakit, insanları istiqanlı... Niyə qeyd elədim bunları, çünki Rusiya ordusu yalnız Sumı sakinlərinə hücum etmədi, nə vaxtsa orada olmuş mənim kimi hər kəsin xatirələrini viran qoydu...

Sumı vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski ilə söhbət məni həm keçmiş xatirələrimə apardı, həm də bu gün bölgədə yaşananlara işıq salmaq üçün vasitə oldu. Axı rus qoşunları Ukrayna ərazisinə ilk olaraq məhz bu vilayətin ərazilərinə girməklə hücuma başlayıblar. Özü də bir yerdən yox, həmsərhəd olduğu 560 kilometr enində işğal cəbhəsi açmaqla. Hazırlıqsız, son anadək rusların sülhsevər olduğunu düşünən Sumı sakinləri, Rusiya ordusunun kilometrlərlə uzanan işğal kolonuna mat-məəttəl baxıblar, amma başa düşəndə ki, onlar qonaq deyillər, paytaxt Kiyevi zəbt eləməyə gedirlər, əliyalın mübarizəyə qalxıblar.

Nə isə, gəlin cənab Dmitri Jivitski ilə müsahibəyə birlikdə nəzər salaq:

- Saat 4:20-də Sumı vilayəti üzrə ərazi nümayəndəliklərindən birinin rəhbəri olan Yura mənə zəng edərək təşvişlə dedi ki, Oleksiyeviç, başladı. Soruşdum ki, Yura, nə olub, nə başladı? Dedi müharibə başladı, “Qrad”, "Dolu" nə bilim nə ilə başımıza mərmi yağdırırlar. Sonra da dedi ki, atəş sərhədin o tayından - Rusiya ərazisindən açılır. Pəncərədən bayıra, Yuranın zəng vurduğu bölgənin istiqamətinə baxdım. Məni heyrət götürdü: aman Allah, orada səhər nə tez açılıb, axı hələ 4:20-dir, amma orda elə bil çoxdan saat 6 olub. Başa düşdüm ki, bu səhər şəfəqləri yox, Rusiya mərmilərinin partlayışından doğan alovun işığıdır. Bütün üfüq qıpqırmızı olmuşdu. Ruslar hər yerdən hücuma keçmişdilər, bütün yollarda irəliləyirdilər...

- Sumıdakı dostlarım çox sayda yaralılardan, güllələnən sərhədçilərdən söz açırlar...

- Düz deyirlər, itkilərimiz çoxdur. Ruslar hücumun ilk anındaca vlayətin şimalında yerləşən Baçivsk sərhəd-keçid məntəqəsindəki sərhədçilərimizi, həm də yerli sakinləri əsir götürüblər. Hətta tabe olmayıb, müqavimət göstərənləri yerindəcə güllələyiblər. Düşmən çox amansızdır, insanların gözünü qorxutmaq üçün hər şey edirlər.

- Rusların hücuma keçəcəyi barədə əvvəldən nəsə bilirdiniz? Yəqin ki, Ukrayna kəşfiyyatı boş dayanmayıb...

- Açıq deyəcəyəm: heç ağlımıza da gəlməzdi ki, Rusiya bizə hücum edər. Çünki istənilən qərar separatçı bölgələrdə - Donbas və Luqanskda vəziyyəti gərginləşdirə bilərdi. Bizim günahımız nəydi ki, torpaqlarımıza ordu yeridilib? Hər bir Sumı sakini sülh şəraitində, gündəlik işi ilə məşğul idi. Biz hara, müharibə hara, Böyük Vətən müharibəsində verdiyimiz itkilərin acısını indi-indi unudurduq. Az deyil, 560 kilometr sərhədimiz var Rusiya ərazisi ilə. Dilimiz bir, dinimiz bir, mədəniyyətimiz, adətlərimiz bir... Biz sülh istəyirik.

- Cənab Jivitski, bayaq dediniz Yura sizi yuxudan oyadıb xəbəri verdi. İlk qərarınız nə oldu, nə etdiniz?

- Dəstəyi asıb bütün vilayət rəhbərlərini yuxudan qaldırdım. Təsəvvür edin: səhər üzü saat 5-də artıq bütün vilayət rəhbərliyi kabinetimə toplaşmışdı. Biz nə baş verdiyini öyrənmək üçün yerlərlə əlaqə saxlayırdıq, Kiyevlə danışırdıq, nə edəcəyimizlə bağlı məsləhət alırdıq və sair.

- Bəs rus qoşunları Sumı şəhərinə nə vaxt daxil oldu?

- Onlar səhər saat 12-də artıq Sumı şəhərinin mərkəzi meydanında dayanmışdılar. Rus konvoyu “Ximprom”dan Sadko fəvvarəsinə qədər - Xarkovska küçəsi boyunca yeddi kilometr uzanırdı. Sonra onlar Müstəqillik Meydanından keçərək Kiyevə istiqamət aldılar. Onlar deyirdilər ki, uzağı 3-5 günə Kiyevi tutacaqlar və bununla da bütün Ukrayna Moskvanın nəzarətinə keçəcək...

- Belə başa düşdüm ki, ruslar Sumı ərazisindən keçərkən onlara heç kim mane olmayıb. Yəni düşmən heç bir müqavimətə rast gəlməyib...

- Axı onları dayandırmaq üçün tankımız-topumuz yox idi, nəylə dayandıracaqdıq? Müharibə başlayan vaxtlar Sumı vilayəti ərazisində Ukrayna Silahlı Qüvvələrinin nizami qoşunları yox idi. Düzdür, Oxtırka və başqa şəhərlərdə kiçik bölmələr vardı, amma çox az idilər. Çünki hər kəs düşmənin hücumunu Donbas və Luqansk istiqamətində gözləyirdi. Bu səbəbdən də hətta Sumı vilayətində daimi yerləşmiş bölmələr də şərq istiqamətinə yola düşmüşdülər. Bizdə ilk müqavimət göstərənlər sadə yerli sakinlər idi ki, onların da əlində sadəcə “Molotov kokteyli” kimi əldəqayırma partlayıcılar vardı. Amma deyim ki, biz tez təşkilatlandıq. Düşmən ordusu Kiyevə istiqamətlənəndə biz şəhərə bütün giriş-çıxışlarda barrikadalar yaratdıq, insanlar partizan dəstələri şəklində qruplaşdılar. Təsəvvür edin: ruslar ikinci dəfə üç fərqli istiqamətdən - "Ximprom", Kurski prospekti və Gerasim Kondratyev küçəsindən şəhərə girmək istəyəndə artıq küçə döyüşləri ilə qarşılaşdılar. Sumı sakinləri ölkədə işğalçı ilə savaşan ilk qəhrəmanlardır. Təsəvvür edirsiniz, ilk rus əsirləri tutan, ilk rus tanklarını ələ keçirən məhz sumılılardır.

- Martın 1-də hökumətə videomüraciət ünvanladınız və 1,2 milyon əliyalın vilayət sakinini qorumaq üçün silah tələb etdiniz. Bəs niyə köməyə ordu çağırmadınız? 

- Bu videonu çəkmək qərarını vermək bizim üçün çox çətin idi. Biz komanda olaraq çox fikirləşdik, çək-çevir elədik və başa düşdük ki, bunu indi etməsək, bizə yetərincə diqqət göstərilməyəcək. Çünki artıq çox geniş cəbhə xətti açılmışdı. Ruslar Çerniqov vilayətindən Qara dəniz sahilinədək min kilometr uzunluğunda hücum xətti yaratmışdılar. Sumı bəlkə də prioritet deyildi, amma bölgəni, insanları qorumaq bizim üçün vacib idi. Ordu çağırsaq heç nə dəyişməyəcəkdi. Ukrayna qoşunları əsasən Donbas və Luqansk cəbhə xəttində yerləşdirilmişdi. Hesab etdik ki, yeni bölmələri Sumıya köçürmək gec olacaqdı və odur ki, yerli kişiləri silahlandırmaq daha sərfəliydi. Bu səbəbdən də hökumətdən silah istədik.

- Prezident Admnistrasiyasından və ya Müdafiə Nazirliyindən videomüraciətinizə nə reaksiya verildi?

- Sağ olsunlar, müraciətimizin ertəsi günü artilleriya dəstəyi verildi, “Bayraktar”lar əks-hücuma keçdilər, Baş Qərargah, Müdafiə Nazirliyi, Prezident Administrasiyası – hər kəs bizimlə fəal əlaqə saxlamağa başladı. Sonra biz onlara rus qoşunları, onların hərəkət trayektoriyası haqda nə bilirdiksə, məlumatları ötürdük və təbii ki, bununla ordumuza müəyyən kömək etmiş olduq. Anladıq ki, ruslar çox kinlidirlər, 300, 500, 1000 ədəd texnikadan ibarət böyük rus kolonları ilə savaşa girsək də, bir şey edə bilmərik. Amma biz onlara qarşı cəsarətlə çıxdıq, adi ov tüfəngi ilə əsgərlərini əsir götürdük, tanklarını, zirehli döyüş maşınlarını ələ keçirdik. Biz öz evimizi qoruyurduq deyə özümüzü güclü hiss edirdik. Haqq tərəfimizdəydi, haqlı olan isə həmişə güclü olur. 

- Yəni Sumı əhalisi ata-babalarının İkinci Dünya Müharibəsidə sınaqdan çıxardığı partizan ənənəsini davam etdirib?

- Hə, əlbəttə. Əgər evini qorumaq cəsarəti və istəyi bu xalqın qanındadırsa, genlərdə şifrələnibsə, 100 il, 200 il keçsə də, o ənənə yaşayacaq. Burada qeyri-adi heç nə yoxdur. İnsanlar min əziyyətlə tikib-qurduğu evlərini, ölülərinin qəbirlərini müdafiə etmək üçün səfərbər olmuşdular. Çoxları hesab edir ki, düşmən əsarətində yaşamaqdansa ölmək daha yaxşıdır. 

- Cənab, ruslar hələ də vilayətin bəzi şəhərlərini, xüsusilə də strateji əhəmiyyətli Trostyanetsi işğalda saxlayır, onların aqibəti necə olacaq?

- Biz ilk vaxtlar hansısa şəhərimizi rusların işğalından qorumağı deyil, onların paytaxt Kiyev istiqamətində hərəkətinin qarşısını almağı düşünmüşük. Birinci həftə dediyimiz kimi, rus ordusunun əsas hissəsi Sumıya gəldi. Qollarında "Georgi" lenti vardı, amma tanklarda sursat yox idi. Onların əksəriyyəti “oxumağa gedən çağırışçılara" bənzəyirdi. O vaxt Sumı vilayəti ərazisində Rusiyanın 10 mindən çox hərbi texnikası və artilleriya sistemi yerləşdirilmişdi. Demək olar ki, bütün əsas yolları tutmuşdular, hərbi kolonun yerləşmə məsafəsi təxminən 200 kilometrə çatmışdı - Velika Pisarivkadan Andriyaşivkaya qədər. Hazırda vilayətdə yalnız Trostyanets deyil, Boromlya, Krasnopol, Lebedin cənubundakı kəndlər də onların əsarətindədir. Daha sonra, Konotop rayonunu və oradan Bilopilyayadək 100 kilometrlik ərazini işğal etdilər.

- Maraqlıdır, Sumı vilayətində ən şiddətli döyüşlər harada olub?

- Məncə məhz Sumı şəhəri azad edilərkən! Daha sonra Trostyanets istiqamətində, Boromlyansk, Krasnopol, Lebedin və Oxtırkanın bir hissəsi azad edilərkən. Hə, bu arada, Oxtırka uğrunda döyüş dörd gün davam etdi. Oxtırka özünü müdafiə edə bildi. Yerli sakinlərdən təşkil olunmuş silahlı qüvvələri hər gün rus tanklarını, zirehli transportyorlarını “Molotov kokteyli” ilə yandırır, qumbaraatanlarla, atıcı silahlarla düşmənləri öldürürdülər.

- Şübhəsiz ki, Kiyev ətrafında baş verən faciə barədə daha dolğun məlumatınız var. Oradakı yaşayış məntəqələri azad edilərkən dəhşətli şeylər eşitdik: yüzlərlə mülki ukraynalı qəddarlıqla öldürülüb, amansız işgəncələrə məruz qalıb, qadınlar zorlanıb və sair. Sumıda necə, belə hallar olub?

- Olub da sözdür, həm də daha artığı! Düşmən ikinci dəfə Sumıya girəndə özlərini “parad qoşunları” kimi aparmayıblar. Onlar artıq yerli sakinlərə atəş açırdılar, ölüləri götürməyə belə imkan vermirdilər. Trostyanetsdə ritual xidməti tamamilə məhv edildi, bütün avtomobillər atəşə tutuldu, təcili tibbi yardım stansiyası dağıdıldı. Əlində cib telefonu olan insanlara, küçədə gördükləri hər kəsə atəş açdılar. Xəstəxananı vurdular - Trostyanetsin mərkəzi hissəsi praktik olaraq məhv edildi. Təəssüf ki, biz hər gün ölülərə, işgəncə verilmiş və güllələnmiş insanların cəsədlərinə rast gəlirik.

- Buçanın meri deyirmiş ki, ruslar Kiyevi ala bilməyəcəklərini anladıqdan sonra onun şəhərində insanları güllələməyə başlayıblar. Bəlkə sizdə də eyni vəziyyətdir, Sumını ala bilmədiklərini görüb acıqlarını əhalidən çıxıblar?

- Bayaq dediyim kimi, Düşmən Sumıya gələrkən sadəcə Kiyevə getmək istədiklərini deyirdi, şəhərimizin qəhrəman oğlanları isə onları dayandırdılar. Amma arxadan gələn ordu açıq-aşkar soymağa, öldürməyə, soyqırım etməyə hazırlaşırdı. Məncə, Rusiyanın həm siyasi, həm də hərbi rəhbərliyi anladı ki, bizi hərbi yolla ram edə bilməyəcəklər. Ona görə də qorxutmaq, soyqırım törətmək üçün nəsə etməyə çalışdılar. Əslində bu, soyqırımdan da pisdir.

- Vilayətdə nə qədər dinc sakin həlak olub?

- İndiyədək 120-dən çoxunun şəxsiyyəti müəyyən edilib. Əlavə olaraq onlarla itkin düşən, əsir götürülənlər var. Hətta Trostyanetsdə ölənləri saymaq mümkün deyil. Həyətdə, bağda dəfn olunanlar var.

- Eşitmişəm ki, ruslar geri çəkilərkən böyük dağıntılar törədiblər. Yəni yalnız insanları öldürmürlər, talan edirlər, infrastrukturu dağıdırlar…

- Onlar təsəvvür edə bilmədikləri güclü müqavimətlə üzləşdikləri zaman qaçmağa başladılar. Amma biz onlara yetişir, texnikalarını qənimət götürür, özlərini əsir tuturduq. Odur ki, onlar ukraynalılardan qaçmaq üçün arxalarında körpüləri partladırdılar, yollara mina yerləşdirirlər. Mən onlara insan deyə bilmirəm: onlar quldurdular, terrorçudurlar.

- Yeri gəlmişkən, düşmənin neçə faizi geri qayıda bilib?

- Dəqiq bilmirəm, amma əminəm ki, yarıdan azı.

- Bəs Sumı vilayətinə dəyən ziyanı hesablamısınız?

- İnfrastruktur itkiləri təqribən 10 milyard qrivnaya çatır, hansı ki, müəssisələrin iqtisadi itkiləri, qazanılmamış mənfəətlər, maaşlar bura daxil deyil. Əlbəttə, bu rəqəmlər indiyədək olanlara aiddir, sabah və sonrakı günlərdə daha nə qədər zərərə düşəcəyik, onu bilmirəm...