Şəhid ailələri o ada hörmət etməlidir - Sevinc Alızadə

12:13 29.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

...Vətən Müharibəsindən 2 il keçdi. 2020-ci il sentyabrın 27-də düşmənin hərbi həmlələrinə qarşı əks- hücuma keçən Ordumuz 44 gün davam edən savaşda düşməni qovaraq torpaqlarımızdan çıxardı. Silahlı Qüvvələrimiz bu müharibədə 3 000 Şəhid verdi, Azərbaycan xalqının 10 mindən çox yaralı qazisi oldu. Müharibədən 2 il ötməsinə baxmayaraq, savaşın vurduğu yaralar sağalmayıb... 2022-ci il sentyabrın 27-də xalqımız Vətən müharibəsi iştirakçılarını, hərbçilərimizi, Şəhidləri qürurla, hüznlə andı. Azərbaycan Dövləti fiziki olaraq itirdiyi igid qəhrəmanlarını heç vaxt unutmayacağını, onların geridə qoyduğu Vətən, ana, bacı, övlad əmanətinə sahib çıxacağını, qoruyacağını, öz öhdəlikləri sırasında mühüm yerdə dayandığını bəyan etdi. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə 27 sentyabr ANIM GÜNÜndə Şəhid ailələrini, qaziləri ovunduran və narahat edən məqamlara toxundu...

– Bizi Zəfərə aparan 44 günlük müharibənin başlanmasının ikinci  ili tamam oldu.  Azərbaycan Dövləti, xalqı öz qəhrəman Şəhidlərini, Qarabağ savaşlarında keçdiyimiz ağrılı, acılı, qürurlu yola nəzər salaraq onları bir daha xatırladı. Bir Şəhid ailəsi,  Şəhidlərlə bağlı İctimai Birliyin rəhbəri olaraq 27 sentyabr Anım Gününü necə dəyərləndirərdiniz?

- Azərbaycan xalqı, dövləti 44 günlük müharibədə canlarından keçən Şəhidlərimizin əbədi xatirəsini andı. Hər bir kəs,  bütün insanlarımız bölgələrdə olan Şəhidlər xiyabanlarını, Şəhid məzarlarını ziyarət etməyi, onların ruhuna dualar oxumağı özlərinə vəzifə borcu bildi. Biz dünən Azərbaycan xalqının böyüklüyünü, öz qəhrəmanlarına verdiyi dəyərin əyani, bariz nümunəsirni gördük. 

Mən xalqımızın dövlətin, millətin azadlığı uğrunda şəhid olan oğul və qızlarına necə ehtiramla yanaşdığını 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı qeyd olunan matəm günlərində də müşahidə etmişəm. Bu gün də gördüm ki, bu xalq bu cür anım günlərində birləşir, həm Şəhidlərini başı üzərinə qaldırır, ucaldır, eyni zamanda, öz ehtiramını, sədaqətini, Şəhidlər qarşısında öz Vətən, təşəkkür və minnət borcunu ödəmiş olur. Biz bu dəyəri gələcək nəsillərə də aşılamağa çalışırıq.

– 27 sentyabr Anım Günü Şəhid ailələrinin həyatlarında, düşüncələrində hansı məlhəmi qoya bildi?  

- Mən bir Şəhid ailəsi kimi deyə bilərəm ki, bu ağrı mənim üçün, övladlarım üçün heç vaxt azalmadı.

Bir insanın itkisini heç nə əvəz edə bilməz. Əgər bu, bir qəhrəmanın itkisidirsə, onun yerini heç nə doldura bilməz. Şəhid ailələri qəhrəman övladlarını, qəhrəman ərlərini itiriblər. Onlar o insanlardır ki, Vətən yolunda öz canlarını fəda ediblər. Mənə elə gəlir ki, illər ötdükcə insanlar bu acılara məlhəm ola biləcək insanların dəstəyi ilə təskinlik tapmağa çalışırlar, həm də biz yaralarımızı sarımağa çalışırıq.  Qarabağın, ətraf rayonların azad olunması o ağlayan insanlarımıza bir təsəllidir. Hesab edirik, onların oğullarının apardığı mübarizə, canlarını fəda etmələri boş yerə olmadı.  Düşünürəm, bizim üçün ən böyük məlhəm də budur. Bundan sonra da bizim üçün ən böyük təskinlik o olacaq ki, torpaqlarımız abad olacaq, millətimiz orada məskən salacaqdır. Bunları gördükcə acılarımız azalar, yaralarımıza su səpilər.

–  İctimai təşkilat olaraq, Şəhid ailələrində keçirdiyiniz görüşlərdə nəyə şahid oldunuz? Şəhidlərin əmanətlərinə münasibət bu gün hansı səviyyədədir, Şəhid ailələrinin nəyə ehtiyacı var?

- Mütəmadi olaraq Şəhid ailələri ilə görüşürük. Onların övladlarının təhsili, eləcə də sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bir çox layihə həyata keçiririk.  Çalışırıq, əsasən bölgələrdə işimizi aktivləşdirək.  İki nümayəndəliyimizi Cəlilabad və Goranboyda yaratmışıq. Layihələrimizi bölgələrdə də davam etdirəcəyik. Bütün layihələrimizi tək Bakı şəhərinə şamil edib, regionlarda olan Şəhid ailələrinin diqqətdən kənarda qalması düzgün olmaz. Bütün Şəhidlərin xatirəsini yad edirik, onların anım tədbirlərində iştirak edirik və ailələrinin yanında oluruq.

Şəhid əmanətlərinin hər bir vətəndaşımız, sosial  məsuliyyət daşıyan şirkətlər tərəfindən qayğıya ehtiyacı var.  Onların yükü tək bir dövlət qurumunun məsuliyyəti üzərində daşınacaq bir yük deyildir. Millət olaraq onlara daim şəfqətlə yanaşmağa borcluyuq.

Şəhid ailələri tərəfindən bizə çox müraciət olur. Bu müraciətlər, əsasən, işlə təmin olunma, reablitasiya tədbirləri, təhsillə bağlıdır. Əlimizdə olan imkanlardan istifadə edərək bacardığımız qədər onlara köməklik edirik.

– Şəhid ailələri dövlətin hansı qayğısı ilə əhatə olunur? Onların övladlarının təhsili, evlə təminatı, işlə təminatı, ümumən yaşayışları necə təmin edilir? Şəhid ailələri ilə bağlı hansı tədbirlərin keçirilməsinə zərurət var?

- Dövlət Şəhid ailələrinə, qazilərimizə müxtəlif fondlar üzərindən dəstək göstərir. Şəhid ailələri mənzillərlə təmin olunur, ailənin müxtəlif yaş hədlərində olan üzvləri öz fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət tərəfindın qayğı ilə əhatə olunurlar. Müşahidələr deməyə əsas verir ki, hələ də qayğıya ehtiyacı olan ailələr var.

Bugünkü gündə, xüsusilə regionlarda yaşayan Şəhid ailələrinin evlə təminatının sürətləndirilməsinə ehtiyac var. Hamının Bakıya gəlib qeydiyyatdan keçərək evlə təmin olunması məsələsi mürəkkəbdir. Şəhid ailələri regionlarda Şəhidlərin yaşadıqları, məzarlarının yerləşdiyi rayonlarda evlərlə təmin olunmalıdırlar. Bugünkü günümüzdə Şəhid ailələrinin qarşılaşdığı ən böyük problem odur. Şəhid xanımlarının məşğullluğu ilə bağlı problemlər var. Onların peşəyönümlü ixtisaslara yiyələnməsi üçün böyük layihələrin həyata keçirilməsinə ehtiyac var.

– Şəhid ailələri ilə bağlı məmurlar tərəfindən yaradılan müəyyən problemlərin olmasından danışılırdı. İki il sonra vəziyyət necə, dəyişibmi? Şəhid ailələrinin özlərində, davranışlarında hansı neqativlərin aradan qaldırılmasını önə çəkərdiniz?

- İki il ərzində məmurların münasibətində dəyişikliyin müsbət istiqamətdə getdiyini söyləmək olar. Bu da ictimai qınaq və ictimai təşviqin nəticəsindədir. Hər biri dərk edir ki, Vətənin azadlığı, bütövlüyünün əldə olunmasında,  ilk növbədə, onlara borcluyuq. Torpaqlarımızın azad olunmasında hər bir Şəhidimizin haqqı var və o haqlara sahib çıxmalıyıq. Məncə, artıq məmur özbaşınalıqlarının qarşısı alınmaqdadır.

Digər tərəfdən, Şəhid ailələri o ada hörmət etməlidir. Şəhid ailələri elə bir qəhrəmanların ailələridir ki, onlar həmişə yüksəkdə olmalıdırlar. Onlar həmişə öz davranışlarında qəhrəmanlarını yaşatmağı bacarmalıdırlar. Ətrafdakılara gələcək nəslə nümunə olmalıdırlar. O qəhrəmanların adlarına layiq yaşamağı bacarmalıyıq və çalışmalıyıq ki, onların xatirələrini daim başımızın üstündə tutaq. Əminəm, o qəhrəmanları yetişdirən ailə də bu mənəvi yükün ağırlığını dərk edib və bu yükü şərəflə daşımağa qadir olacaqdır.

– Qazilərin sosial şəraitinin yaxşılaşması, əlilliyin təyinatı, müalicələrinin aparılması və digər məsələlərlə bağlı hansı məqamlar həlllini gözləyir?

- Əlillərin reabilitasiyası ilə bağlı mütəmadi olaraq işlər görülür. Bəzən elə hallar olur ki, sorğunun düzgün verilməməsi problemin vaxtında həll edilməməsinə səbəb olur. Bu istiqamətdə də köməkliyimizi əsirgəmir, sorğunun düzgün yönləndirilməsi ilə bağlı məsləhətlər veririk. Vətən müharibəsi ilə bağlı əlillliyin təyinatı prosedurları hələ də davam edir. Əminəm ki, əlillərin davamlı reablitasiya kursları keçməsi onları sağlamlıqlarına qovuşduracaqdır. Allahdan hər bir Şəhidimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Allah Azərbaycanı, Dövlətimizi qorusun!

Oxunma sayı 2259