Şəhid və qazi övladları ilə görüş keçirilib

18:45 26.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə şəhid və qazi övladları ilə görüş keçirilib.

Hafta.az xəbər verir ki, görüş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildiriblər ki, ölkəmizdə olduğu kimi, muxtar respublikada da suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəxslərin əziz xatirəsi daim yad edilir. Onların ailə üzvlərinin maddi-məişət şəraiti yaxşılaşdırılır, müharibə iştirakçılarına, qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Şəhid qızı Zümrüd Cəfərova, hərbi əməliyyatlar zamanı sağlamlığını qismən itirmiş Vahid Hüseynov və sosial könüllü Gülcan Əlizadə çıxış edərək tarixi zəfərin əhəmiyyətini vurğulayıblar.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının üzvlərinin vətənpərvərlik mövzusunda ifaları dinlənilib, şəhid və qazi övladlarına qiymətli hədiyyələr təqdim olunub.