“Fransa kimi dövlət bir ovuc kriminal erməni lobbisinin maliyyəsinin girovuna çevrilib. Avropa Birliyinin strukturları isə Fransanın girovuna çevrilib. Ona görə də, məhz Fransanın istəyi fonunda sərhəddə və regionla bağlı bu cür hadislər baş verir. Ermənistan bu təxribatlara cavab verməli, Avropa Birliyi öz sözünü deməlidir. Əks halda Ai-nin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan danışıqlarının keçirilməsinin heç bir mənası qalmır”.
Bunu hafta.az-a politoloq Natiq Miri Ermənistan tərəfindən şərti sərhəddə Azərbaycan əsgərini snayperlə vurması, Avropa Birliyinin məsələyə susqun dayanması ilə bağlı bildirib.
Politoloq belə bir hadisənin məhz Avropa Birliyinin monitorinq missiyasının fəaliyyətinə etiraz olaraq Avropa səfirinin Azərbaycan XİN-ə dəvət edilərək ona fəaliyyətləri ilə bağlı narazılığın ifadə edilməsindən sonra baş verməsini təsadüf saymayıb. N.Miri hesab edir ki, Azərbaycan tərəfi bu bəyanatda Aİ-nın ölkəmizə qarşı mövqeyini dəyişməyə çağırıb, əks halda növbəti danışıqların Brüsseldə keçirilməsinin heç bir əhəmiyyət daşımadığını önə çəkib.
“Fransanın bölgədə gərginlik yaratmaq istəyi, Ermənistanı daim silahlandırması bəllidir. Erməni snayperinin Azərbaycan sərhəddinə tuşlanması həmin məkrli qüvvələrin öz təbirincə “Azərbaycana xəbərdarlığı, təzyiq, təsir" vasitəsidir. Əslində isə sərhəddə baş verən silahlı insident bir daha Azərbaycanın regionda yaratdığı yeni reallığa, sülh danışıqlarına kölgə salmaqla, xarici güclərin bir vasitəçi olaraq əhəmiyyətinin artırılmasına yönəlib. Ermənistan ağlını başına yığmalı, bölgədə yeni müharibənin baş qaldırmasına səbəb olmamalıdır. Çünki Ermənistanı hərbi poliqona çevirmək istəyən beynəlxalq güclər, bu ölkənin varlığını məhv edəcək”.
N.Miri bildirib ki, hərbi təxribatdan əvvəl ardıcıl rəsmi və yaxud qeyri-rəsmi Avropadan gələn nümayəndə heyətləri sərhəddə gətirildi:
“Həmin qüvvələr özlərini elə göstərirdilər ki, sanki Azərbaycan hər an Ermənistana təcavüz edəcək. Hansı ki, antiterror tədbirlərindən sonra sərhəddə tam sabitlik hökm sürürdü, hər hansı bir hərəkətlilik mövcud deyildi. Bu ciddi göstərici idi. Bu xüsusda hansısa Avropa və yaxud digər vasitəçi kimi görünmək istəyən tərəflərə ehtiyac yox idi. Çünki birbaşa Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar və davranışlar kontekstində sabitlik yaranmışdı ki, bu da Qərbin, Avropanın müəyyən qruplarını narahat edirdi. Ancaq indiki vəziyyətdə Azərbaycanı sanki təcavüzə hazırlaşırmış kimi göstərməklə, dolayısı ilə müxtəlif səviyyələrdə Ermənistana silah sursat baxımından yardımlar edilir. Ermənistanın müdafiə sənayesini formalaşdırmaq üçün addımlar atılır. Bunu Paşinyanın siyasi funksionerləri də dilə gətirirlər. Guya Ermənistan 4-5-ci nəsil silahları istehsal etməyə başlayır. Əgər belə bir məsələ varsa, deməli Fransanın, ABŞ-ın dəstəyi ilə baş verir və birbaşa Azərbaycana qarşı qərəz xarakteri daşıyır. Erməni snayperinin Azərbaycan sərhədçisini yaralaması, bunun ardınca Azərbaycanın keçirdiyi “qisas” əməliyyatı regonda gərginlik yaratmaq istəyənlərin maraqlarına uyğun olaraq inkişaf edir. Təbii ki, bunun məsuliyyəti Ermənistanın və Avropa Birliyinin sərhəddəki missiyasının üzərindədir”.