“Qazaxıstanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakının əsas üstünlüyü digər iştirakçı ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsidir”.
Hafta.az-ın yazdığına görə, bunu qazaxıstanlı politoloq, Qazaxıstan Xalqları Assambleyasının üzvü Aladdin Mustafayev deyib.
“Qazaxıstana bu sammit niyə lazımdır? Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb və Qazaxıstan bu təşkilatın fəal iştirakçısıdır. Artıq 4 dəfə sədrlik etmişik. Təşkilata Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. İran 2023-cü ildə üzv olub, Belarus isə bu sammitdə. Hazırda təşkilatın baş katibinin müavinlərindən birinin vəzifəsini Qazaxıstan nümayəndəsi Nurlan Ermekbayev tutur. Belə təyinatlar, təbii ki, təsadüfi deyil. Bu, dünya birliyindən diplomatlarımıza yüksək etimadı göstərir”, – politoloq Facebook səhifəsində yazır.
Onun sözlərinə görə, Qazaxıstanın ŞƏT-də sədrliyinin əsas prioritetləri bunlardır: təhlükəsizliyin və sabitliyin təmin edilməsi; ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi; enerji sahəsində əməkdaşlığın gücləndirilməsi; rəqəmsal sahənin inkişafı; ekologiya və mədəni-humanitar əlaqələr sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi.
“Üzv ölkələrin hazırda həyata keçirdikləri vəzifə Şanxay Əməkdaşlıq Təşkilatının 2030-cu ilə qədər İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsidir. Ötən il dövlət başçımız təşkilatın “Ədalətli sülh və harmoniya naminə dünya birliyi haqqında” təşəbbüsünü birgə inkişaf etdirməyi təklif etmişdi. Qazaxıstan Xarici İşlər Nazirliyi artıq bu layihəni təqdim edib və hazırkı sammitdə bütün iştirakçılar onun qəbulunu dəstəkləyiblər. Ümumiyyətlə, Qazaxıstannın bütün təşəbbüsləri təşkilata daxil olan ölkələrin inkişafına yönəlib”, - deyə A.Mustafayev bildirib.
Bu təşəbbüs çərçivəsində hansı işlər görüləcək? Bunlar “Ədalətli Dünya Formulu” üçün kollektiv axtarış prosesinin başlanması, açıq, ədalətli, inklüziv və çoxtərəfli ticarət sisteminin gücləndirilməsi və təmiz, təhlükəsiz planet üçün qlobal hərəkatdır.
A.Mustafayev yazıb: “Dövlət başçısı tərəfindən irəli sürülmüş “Ədalətli sülh və harmoniya naminə dünya birliyi haqqında” təşəbbüsü artan geosiyasi gərginliyə və dövlətlər arasında qarşıdurma meylinə cavabdır. Dünyada baş verən geosiyasi hadisələr fonunda Şanxay Əməkdaşlıq Təşkilatının və onun prinsiplərinin cəlbediciliyi artır. Sammitdə 20-dən çox sənədin qəbulu planlaşdırılır ki, onlardan ən vacibi Astana Bəyannaməsidir”.
O, Qazaxıstanın ŞƏT-də iştirakının əsas üstünlüyünün digər iştirakçı ölkələrlə iqtisadi əməkdaşlığın genişləndirilməsi olduğunu vurğulayıb.
“Təşkilat ölkələr arasında ticarət, investisiya, texnoloji mübadilə və digər iqtisadi qarşılıqlı fəaliyyət formalarının inkişafına kömək edir. Qazaxıstan üçün bu, yeni bazarlara çıxış, xarici investisiyaların cəlb edilməsi imkanı, həmçinin təcrübə və qabaqcıl texnologiyaların mübadiləsi deməkdir. Belə müntəzəm görüşlərdə, sammitlərdə cari problemlər müzakirə olunur, onların həlli yolları, əməkdaşlığın gücləndirilməsi təklif edilir. Bu, Qazaxıstan üçün beynəlxalq dialoqlarda iştirak etmək və regional təhlükəsizlik, sabitlik və inkişafla bağlı qərarların qəbuluna təsir göstərmək üçün əla fürsətdir” deyən politoloq bildirib ki, Qazaxıstanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı çərçivəsində mədəniyyət və təhsil sahəsində əməkdaşlığın vacibliyini də əsas götürülür. Onun sözlərinə görə, Qazaxıstanın təşkilatda iştirakının digər mühüm aspekti mədəniyyət, təhsil, elm və turizm sahələrində əməkdaşlıqdır.
“Tələbə mübadiləsi, mədəni tədbirlərin keçirilməsi, birgə elmi tədqiqatlar xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edir. Ona görə də tamamilə aydındır ki, Qazaxıstanın bu təşkilatda iştirakı həm iqtisadi, həm siyasi, həm mədəni, həm də təhsil sahələrində fayda gətirir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, inkişaf və əməkdaşlıq imkanlarının genişlənməsinə, vətəndaşlarımızın həyatının yaxşılaşmasına kömək edir”, - deyə o, vurğulayıb.