“Rus qanunu” – bu termin mənim üçün tamamilə qəbuledilməzdir. Biz parlamentin gürcü qanununu qəbul etdiyi müstəqil, suveren dövlətin vətəndaşlarıyıq. Bu, gürcü qanunudur”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı jurnalistlərlə söhbətində deyib.
Amerikalı və avropalı tərəfdaşlarla münasibətlərlə bağlı, Rati Breqadze istənilən anlaşılmazlığın aradan qaldırılacağına əmin olduğunu qeyd edib.
“Tərəfdaşlarla münasibətlərə gəlincə, bizi Amerika və bir çox digər Avropa dövləti ilə olduqca sıx, tərəfdaşlıq və dostluq münasibətləri birləşdirir. Onu da qeyd etməliyik ki, bu münasibət təbii ki, qarşılıqlıdır. Qarşılıqlı dedikdə, Əfqanıstan missiyası da daxil olmaqla, həyatlarını fəda edən, bizim amerikalı və digər xarici tərəfdaşlarımızla birlikdə xidmət edərkən və onlarla çiyin-çiyinə döyüşərkən öz sağlamlıqlarını ortaya qoyan bütün əsgərləri yada salmaq istəyirəm. Müvafiq olaraq əməkdaşlığımız qarşılıqlıdır. İstənilən anlaşılmazlığın aradan qaldırılacağına əminəm. Bu münasibətin necə müəyyən ediləcəyi başqa və belə desək, texniki məsələdir. Gürcü döyüşçülərin amerikalılar və digər xarici tərəfdaşlarımızla çiyin-çiyinə dünya sülhü, demokratiya və Avropa dəyərləri uğrunda mübarizə apardığını bir daha xüsusilə vurğulayacağam. Əminəm ki, bu, həm Amerika, həm də Avropalı tərəfdaşlar tərəfindən layiqincə qiymətləndiriləcək”, - deyə Rati Breqadze bildirib.
“Şəffaflıq qanunu Gürcüstanın daxili işidir və məqsədi şəffaflığı təmin etməkdir” deyən Rati Breqadze, şəffaflığın istənilən demokratik cəmiyyət üçün zəruri olduğunu bildirib.
“Gürcüstanda demokratiyanı gücləndirəcək qanunu dəstəkləyən deputat, hökumət üzvünə və ya istənilən başqa şəxsə hansı əsasla sanksiya tətbiq edilməsi tamamilə anlaşılmazdır. Bu, tamamilə inanılmazdır”, - o deyib.