Şimali Aralda suyun həcmi 22 milyard kubmetrə yüksəldi

11:05 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Aral dənizində suyun həcmi artaraq 22 milyard kubmetrə çatıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstanın Su Təsərrüfatı və Suvarma Nazirliyinin rəsmi nümayəndəsi Moldir Abdualiyeva məlumat verib.

“Bu suvarma dövründə Qırğızıstandan Talas çayı ilə 418 milyon kubmetr, Şu çayı ilə isə 163 milyon kubmetr su gəlib. Ötən il Talas çayı ilə 323,8 milyon kubmetr, Şu çayı ilə isə 133,5 milyon kubmetr su keçib. Bunun sayəsində biz Aral dənizinə suyun verilməsini artıra bildik. Bu il Şimali Aral dənizinə iki milyard kubmetrə yaxın su göndərilib və dənizdəki suyun ümumi həcmi 22 milyard kubmetrə çatıb”, - deyə M.Abduəliyeva bildirib.

O qeyd edib ki, son illər Şimali Aralda suyun həcmi azalsa da, 2024-cü ilin əvvəlindən yenidən artmağa başlayıb. Bu il isə suvarma dövrünün qızğın vaxtında Sırdərya çayı ilə dənizə saniyədə 80 kubmetrədək su daxil olub. Hansı ki, keçən il saniyədə cəmi 6 kubmetr daxil olub.

Xatırladaq ki, bu ilin iyun ayında Qazaxıstanın su təsərrüfatı və suvarma naziri Nurjan Nurjigitov 2024-cü ildə Şimal Aral dənizinin mühafizəsi layihəsinin ikinci mərhələsinə başlanılmasının planlaşdırıldığını bildirmişdi.

“Texniki-iqtisadi əsaslandırmanın hazırlanması başa çatmaq üzrədir. Layihə dənizdəki suyun həcminin 5 milyard kubmetr artırılmasını nəzərdə tutur. Nəticədə dənizin dibi 1000 kvadratkilometr su ilə örtüləcək ki, bu da duz və toz fırtınalarının yayılmasını azaldacaq, delta gölləri (Kamışlıbat və Akşatau göl sistemləri) sabitləşəcək”, - nazir bildirib.