Son iyirmi gün ərzində 60 kiloqram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb -DİN-VİDEO

14:38 04.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 40 nəfəri saxlayıb, qanunsuz dövriyyədən 60 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 5 min ədəd psixotrop tərkibli həb çıxarılıb.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan çox heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkarlanıb. Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Həmin şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.

Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonları, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə 23 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 28 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan plastik kartlar aşkarlanıb.

Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının qeyd edilən dövrdə Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Masallı, Astara və İmişli rayonlarında keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 14 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Masallı rayonunda saxlanılan Azər İsmayılov və Səbuhi Məmmədovun üzərilərindən və idarə etdikləri avtomobildən 8 kiloqramdan çox heroin, metamfetamin və 154 ədəd psixoptrop tərkibli metadon həbi aşkar olunub. Digər 12 nəfərdən isə 6 kiloqramdan çox heroin və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışını təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.