Türkiyədə son iki həftə ərzində yağan güclü yağış bəndlərdə suyun səviyyəsini artırıb.
Hafta.az-ın yazdığına görə, Türkiyə Dövlət Su İşləri Baş İdarəsinin məlumatlarında, noyabrın 17-dən 21-dək suvarma və içməli su bəndlərinə əhəmiyyətli miqdarda suyun yığıldığı deyilir. Belə ki, noyabrın 17-də enerji bəndlərində suyun həcmi 33,7 milyard kubmetr idisə, noyabrın 21-də 34,2 milyard kubmetrə, içməli su bəndlərində isə noyabrın 17-də 7,7 milyard kubmetr olan su həcmi noyabrın 21-də 8 milyard kubmetrə, suvarma bəndlərində noyabrın 17-də 19,8 milyard kubmetr olan su, noyabrın 21-də 20,3 milyard kubmetrə yüksəlib.
İstismarda olan enerji məqsədləri üçün 151 bənddə aktiv doluluq 43 faiz, 328 suvarma bəndində doluluq 35 faiz, 116 içməli su bəndində isə doluluq nisbəti 35 faiz ölçülüb.
Ötən il noyabrın 21-də cəmi 455 bənddə 31 faiz olan aktiv doluluq nisbəti bu ilin eyni dövründə 40 faizə yüksəlib.
Buna görə, İstanbulu su ilə təmin edən bəndlərdəki suyun həcmi noyabrın 17-də 154 milyon kubmetr olduğu halda, noyabrın 21-də 201 milyon kubmetrə yüksəlib. İstanbulu su ilə təmin edən bəndlərdəki su 5 gündə 46,8 milyon kubmetr artıb.