Ukraynada hərbi əməliyyatlar başlayandan sonra minlərlə rusiyalı miqrasiyaya gedib. “Platforma” sosial dizayn mərkəzi və “Onİn” tədqiqat şirkəti yerli sakinlərin rusların axınına münasibətini öyrənmək üçün keçmiş SSRİ-nin doqquz ölkəsində sorğular keçirib.
Hafta.az xəbər verir ki, bu haqda Kommersant.ru məlumat yayıb.
Mütəxəssislər belə qənaətə gəliblər ki, rusların miqrasiya dalğasından ən az sevinən Gürcüstan sakinləri olub, Rusiyadan gələn qonaqlar daha çox Tacikistanda mehriban qarşılanıb.
Qazaxıstan və Belarusda sorğuda iştirak edənlərin yarıdan çoxu miqrantların onların həyatına ciddi təsir etmədiyini bildirib. Ancaq ziyarətçilərin zərər gətirəcəyinə inananlar da var. Belə mövqeyə malik insanların çoxu Gürcüstandadır, respondentlərin 21%-i belə hesab edir. Mənfi münasibətin səbəbi, xüsusən də daşınmaz əmlak bazarında qiymət artımı, fərqli dəyərlərə və mentalitetə əsaslanan münaqişələr olub.
Ancaq həmin Gürcüstanda respondentlərin 40%-dən çoxu Rusiyadan gələnlərin faydalı ola biləcəyinə inanır. Qonşu Ermənistanda isə 73% bu fikirdədir. Bu, yüksək ixtisaslı mütəxəssislərin axını və yerli sakinlərin mal və xidmətlərə artan tələbi ilə əlaqədardır ki, bu da onlara əlavə gəlir imkanları yaradır. Rusların gəlişi ən çox Tacikistanda (55%), Özbəkistanda (46%) və Qırğızıstanda (42%) müsbət qarşılanıb. Bununla belə, Qazaxıstan və Mərkəzi Asiya sakinləri əmindirlər (48-63%) ruslar ölkələrində çox qalmayacaq, ya öz vətənlərinə qayıdacaqlar, ya da başqa ölkələrə köçəcəklər. Güney Qafqaz ölkələrində vəziyyət əksinədir - Ermənistanda respondentlərin 63%-i rusların öz ölkələrində əsaslı olaraq qalacağına inanır, Gürcüstanda isə 57%-i bu fikri bölüşür. Azərbaycanda isə yalnız 9% Rusiyadan gələnlərin həmişəlik onlarla qalacağına əmin olduğunu bildirib.