“Sputnik V”nin ixtiraçısı xərçəng peyvəndi hazırlayıb

10:19 15.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyada Covid-19-a qarşı ilk təsirli peyvəndi olan “Sputnik V”ni hazırlayan qrupun rəhbəri, məşhur tibb professoru Aleksandr Qintsburqun son iddialı açıqlaması Rusiya mətbuatında geniş işıqlandırılıb: “Rusiyada mRNT əsaslı xərçəng peyvəndi hazırlanıb. İlkin klinik tədqiqatlarda ümidverici nəticələr verdi".

Hafta.az-ın yazdığına görə, Qamaleya Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib ki, peyvənd şişlərin inkişafının qarşısını alır, həmçinin metastazların yaranmasına maneə ola bilir. Qintsburq, bu peyvəndin Qvineya donuzları üzərində aparılan araşdırmalarda şiş böyüməsini müvəffəqiyyətlə dayandırdığını bildirib.

Qintsburq bildirib ki, elm adamları hazırda şişdə baş verən mutasiyaların xəstənin immun sistemini aktivləşdirə biləcək antigenə çevrilməsinin mümkün olub-olmadığını araşdırırlar. O, həmçinin əlavə edib ki, Hertsen və Blokhin Mərkəzləri gələn il bu peyvəndi xəstələrdə istifadə etməyə başlamağı planlaşdırır.

Rusiyada xərçəng peyvəndinin inkişafı tədqiqatları, Qamaleya Mərkəzi, Moskva P.A. Hertsen adına Onkologiya İnstitutu və N.N. Bloxin Onkoloji Mərkəzi kimi bir çox institutlar tərəfindən birgə həyata keçirilir. Bu tədqiqatlar dövlət dəstəyi ilə həyata keçirilir və peyvəndin ilkin klinik sınaqları ötən ay tamamlanıb.

Bloxin Onkoloji Mərkəzindən Vyaçeslav Kosorukov Rusiyada bir neçə müxtəlif xərçəng peyvəndi hazırlandığını və əsas diqqətin mRNT peyvəndlərinə yönəldiyini bildirdi. Kosorukov peyvəndin bütün xərçəng növləri üçün həll yolu olmayacağını, yalnız immunoterapiya ilə müalicə oluna bilən bəzi xərçəng növlərində təsirli olacağını vurğulayıb.