Məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalanıb. Sənədə əsasən, qurumun tabeliyində 5 publik hüquqi şəxs yaradılıb.
Həmin hüquqi şəxslər bunlardır:
- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə Regional Su Meliorasiya Xidməti - Bu qurum meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;
- “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti - Bu qurum Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən publik hüquqi şəxsdir;
- "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"nın Meliorasiya Elmi Tədqiqat İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu - Bu qurum su və meliorasiya sahəsində fundamental və tətbiqi tədqiqatlar həyata keçirən publik hüquqi şəxsdir;
- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti - Bu qurum tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini və əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin edən, habelə su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin inşası, yenidən qurulması, bərpası ilə bağlı satınalmaları təşkil edən publik hüquqi şəxsdir;
- “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”nın su təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin və tabeliyindəki “Azərsu”yun “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun çevrilmə formasında yenidən təşkili yolu ilə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu - Bu qurum su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı, tullantı sularının emalı və axıdılması sistemlərinin layihələndirilməsini həyata keçirən publik hüquqi şəxsdir.
Publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatına alındığı günədək “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” və "Azərsu” öz fəaliyyətini davam etdirir və onların strukturu, işçilərinin say həddi, əməkhaqları (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) və əməyin ödənilməsi sistemi saxlanılır;
Publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, habelə onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
Publik hüquqi şəxslərin saxlanma xərcləri və fəaliyyəti onların fəaliyyətindən əldə edilən gəlir və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;
Publik hüquqi şəxslərin nizamnamə fondu onların çevrilmə yolu ilə yenidən təşkil olunduqları qurumların əmlakı (bu Fərmanın 8.1.6.1-ci və 8.1.6.2-ci yarımbəndləri nəzərə alınmaqla) hesabına formalaşır.
Maraqlıdır, görəsən, bu Fərman hansı dəyişikliklərə gətirib çıxaracaq?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli bizimlə söhbətində bildirib ki, bu Fərman su təsərrüfatında idarəçiliyin daha effektiv şəkildə təşkil olunmasına xidmət edir: “Xatırlayırsınızsa, bu ilin əvvəlində ölkə başçısının müvafiq Fərmanı ilə Azərbaycanda su təsərrüfatı ilə məşğul olan qurumlar birləşdirildi. Yeni Fərman da bu istiqamətdə aparılan islahatları daha effektiv hala gətirəcək”.
Ekspertin fikrincə, suya qənaət edilməsi üçün həm istifadəçilərin, həm də dövlətin üzərinə böyük məsuliyyət düşür: “Bildiyiniz kimi regionda Azərbaycanın su baxımından bəxti gətirməyib. Cənubi Qafqazın ümumi su ehtiyatının 62 faizi Gürcüstanın, 28 faizi Ermənistanın, yalnız 10 faizi Azərbaycanın payına düşür. Üstəlik su ehtiyatlarımızın 70 faizdən çoxu xarici mənbələrdən formalaşır. Bu isə onu göstərir ki, biz su ehtiyatlarımıza görə qonşularımızdan asılıyıq. Digər bir məsələni də nəzərə almaq lazımdır ki, ümumi iqlim məsələləri, quraqlıq problemlərinin artması ölkəmizin su ehtiyatlarının da azalması ilə müşayiət olunur. Həmçinin Azərbaycanda əkinçiliyin inkişafı suya olan tələbatı da artırır. Hesab edirəm ki, suyun qənaətlə istifadəsi çox vacibdir. Hesablamalara görə, dünyanın inkişaf etmiş ölkələrində istifadə edilən suyun 70 faizi kənd təsərrüfatı sektorunun payına düşür. Amma inkişaf etməkdə olan ölkələrdə isə bu göstərici 90 faizə çatır. Təbii ki, bizim hazırda ərazimizi böyüdüb yeni su mənbələri tapmaq, iqlimi dəyişmək kimi imkanlarımız yoxdur. Yeganə vasitə mövcud su ehtiyatlarından qənaətli istifadədir. Burada həm su istifadəçilərinin, həm də hökumətin üzərinə müəyyən iş düşür. Bu kontekstdə infrastrukturun qurulması həyata keçirilməlidir. Mövcud suvarma kanallarının əksəriyyəti beton deyil, torpaq məcralı kanallardır. Bu isə mənbədən çıxan suyun bəzən 3-də ikisinin məqsədə gedib çatmamasına səbəb olur. Nəticədə isə həm su itkisi yaranır, həm də əlavə su itkisinə məruz qalan torpaqlarda şoranlaşma yaranır. Bir sözlə, bütün bu problemlərin olmaması üçün səmərəliliyin qorunması çox vacibdir”.