Süd və süd məhsulları – diqqətli olaq

13:23 08.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Süd və süd məhsulları dedikdə, ağla ilk gələn qatıqdır. Hər iki məhsul insanların gündəlik qida rasionunda mühüm yerə malikdir. Xüsusən də milli mətbəximizdə süd və qatıqdan hazırlanmış səhər yeməkləri, sərinlədən içkilər mütəmadi olaraq istifadə edilir.

Mütəxəssislər hesab edir ki, hər gün istehlak edilən 1 kasa qatıq bir müddət sonra orqanizmə  faydalar verir. Belə ki, süd məhsulları maddələr mübadiləsini tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor mövcuddur. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır. Zəhərlənmə təhlükəsi hiss edilən insana ilkin yardım kimi qatıq içirilir.

Məsələ burasındadır ki, belə faydalı məhsuldan düzgün istifadə etmək başlıca şərtdir. Kimyəvi qatqılarla hazırlanmış və düzgün şəraitdə saxlanmayan süd və qatığın orqanizmə faydasından çox ziyanı olur.

Hafta.az hər iki məhsulla bağlı yerli satış obyektlərində araşdırma apardı. İlkin olaraq diqqətinizə çatdıraq ki, iri mağazalarda “Kənd qatığı”, “Kənd məhsulları” adı ilə müxtəlif markaların süd və qatıqlar satılmaqdadır. Belə məhsulların zavodlarda istehsal edildiyi isə hər kəsə məlumdur. Küçədə pərakəndə şəkildə şüşə balonlarda satılan qatıqlara nisbətən, dadları bir qədər şirin və xoşagələn olan bu məhsulların saxlanma müddəti  5 gündən 1 həftəyə, hətta 1 aya qədərdir. Qiymətlərə gəldikdə isə iri mağazalarda, şüşə qablarda olan qatıqların 2 kiloqramı 4-5 manat arası dəyişir. Küçələrdə pərakəndə şəkildə alıcılara təklif edilən südün 1 litri 1, qatığın 2 kiloqramlıq şüşə balonda olanı isə 5 manatdır. Satıcı deyir ki, hər səhər İsmayıllı rayonundan təzə süd və qatıq gətirilir:

“Demək olar ki, günün sonuna satılmamış məhsul qalmır. İndi də cəmi bir şüşə (plastik şüşə) süd qalıb. Müştərilər soruşanda da insafən, çürümüş ola biləcəyini deyirəm. Qatıqların keyfiyyətinə söz ola bilməz”.

Nə yalan deyim, nə qədər kənd məhsulu olsa da, yayın qızmar günəşində soyuducusuz saxlanılan və müştəriyə təklif edilən süd-qatığın keyfiyyətinə şübhə ilə yanaşmamaq mümkün deyildir. Elə buna görə də məsələyə ekspert yanaşmasını öyrənməyə cəhd etdik...

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hafta.az-a söylədi ki, hazırda satışda mövcud olan süd və qatıqların keyfiyyət məsələsi ciddi problemlərdən biridir.  Azərbaycan südləri və heyvandarlıq təsərrüfatı ilə öz əhalisini təmin edə bilər. Həmçinin ölkədə bu biznesin inkişafına da kifayət qədər  şərait yaradılıb:

“Təəssüf ki, bu sahədə çalışan biznes qurumları istehlakçı hüquqlarını pozur. Ölkədə çoxlu sayda saxta adla satılan süd məhsulları var. Nehrə yağı adı ilə satılan yağların 98%-i saxtadır. Onların çoxunun realizə olunduğu yer “İvanovka” ilə heç bir əlaqəsi olmayan eyniadlı mağazalar şəbəkəsidir. Dəfələrlə dövlət orqanlarına müraciət etmişik ki, bu dükanlar adlarını dəyişdirsin. Bakıda qanuni olaraq cəmi 3 “İvanovka” dükanı var. Yerdə qalanı saxta və yalançıdır. Bu yerdə hazırda mövsümü olan dondurma məsələsinə də toxunmaq istərdim. Dondurmalarla da bağlı vəziyyət ürəkaçan deyil. Ölkədə 20-dən çox dondurma istehsalçısı var. Onların keyfiyyətində problem olduğunu müşahidə etmişik. Belə ki, adətən, dondurmaların  yağlılığını artırmaq üçün tərkibinə müxtəlif  qatqılar əlavə edilir”.

Eyyub Hüseynov süd məhsulları ilə bağlı tez-tez şikayət zəngləri gəldiyini dilə gətirdi:

“Əhali bilməlidir ki, yerli süd məhsulları xaricilər ilə müqayisədə daha üstündür. Ola bilsin, digər ölkələrdən gətirilən məhsulun etiketi cəlbedici, dadı isə daha ləzzətlidir. Lakin yararlılıq müddəti daha qısa olan süd məmulatları nisbətən üstündür. 5 il bundan öncə şüşə qablarda və 4 gün yararlılıq müddəti ilə satışa buraxılan məhsulları gördükdə mən çox sevinmişdim. Bu o deməkdir ki, istehsalçı məhsuluna güvənir. Hansı ki, başqa ölkələrdə belə hallar çox azdır”.

Qurum rəsmisinin sözlərinə görə, bu gün ölkəmizdə süd məhsullarının satışında bir sıra  problemlər var. “Gəncə qaymağı” adı altında satılan qaymaq buna misaldır:

“Bəzən görürük ki, körpə qidaları ilə qarışdırılan südləri plastik qablara töküb, sonluğuna əmzik taxıb balacalara verirlər. Bu hal yolverilməzdir. Hazırda ölkədə plastik qablardan imtina prosesi gedir. Yaxşı olardı ki, vətəndaşlar mümkün qədər şüşə qablarda satılan süd və qatığa üstünlük versinlər. Açıq satılan qaymaqlar, əslində, qaymaq deyil. Hazırda Gəncədən paytaxta gətirilən külli miqdarda qaymaq Azad İstehlakçılar Birliyinin diqqətindədir. Tədqiq etmişik ki, heç Gəncə şəhərində o qədər camış təsərrüfatı da yoxdur. Aidiyyəti qurumlara sizin vasitənizlə müraciət edirəm ki, Gəncə qaymağının təbiiliyi araşdırılsın. Təəssüflər olsun ki, işə nəzarət edən rəsmi orqanlar susur”.

Sonda ekspert vətəndaşları məhsul alarkən  diqqətli olmağa çağırdı. O, marketlərdə "Kənd məhsulları" adı altında satılan süd məhsullarının heç də hər zaman kənd məhsulu olmadığını vurğuladı:

“İstehlakçılara müraciət edirəm ki, bu adla satılan məhsulların tam ekoloji təmiz olmasına inanmasınlar. Əksər hallarda kənd məhsulu adı ilə satılan süd quru süddən hazırlanır. Qatıqlarda da bu cür hallara rast gəlinir”.