Sudanlıların cəmi 5 faizi özünü yeməklə tam təmin edir

10:39 07.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Ərzaq Proqramı (WFP) xəbərdarlıq edib ki, Sudanda təxminən 11 aylıq müharibə onsuz da ən böyük beynəlxalq köçkünlük böhranını yaşayan bir ölkədə "dünyanın ən böyük aclıq böhranını yarada bilər".

Hafta.az-ın “Şarkul Avsat”a istinadən yazdığına görə, Ümumdünya Ərzaq Proqramının İcraçı Direktoru Kindi MakKeyn, "Sudanlıların 5 faizindən az hissəsi özlərini tam yeməklə təmin edə bilir" deyib.

“Minlərlə insanın ölümünə və 8 milyon insanın didərgin düşməsinə səbəb olan münaqişələr milyonlarla insanın həyatını, eləcə də bütün regionda sülh və sabitliyi təhdid edir”, - MakKeyn bildirib.

Darfurun 20 il əvvəl dünyanın ən böyük aclıq böhranına şahid olduğunu vurğulayan MakKeyn, "Dünya o zaman bu böhranın qarşısını almaq üçün səylərini birləşdirdi, lakin bu gün sudanlılar unudulub" sözlərinə əlavə edib.

Sudan 2023-cü il aprelin 15-də general Əbdülfəttah Burhanın rəhbərlik etdiyi ordu ilə general Məhəmməd Həmdan Daklunun (Hamideti) rəhbərlik etdiyi Çevik Dəstək Qüvvələri arasında qarşıdurmanın başlamasından sonra böyük humanitar böhranla üzləşib.

Mülki əhalinin hədəf alınması, infrastrukturun dağıdılması, talan, zorlama, məcburi köçkünlər və kəndlərin yandırılması 48 milyon sudanlının hər gün məruz qaldığı əməllərə çevrilib.

MakKeyn qeyd edib ki, ölkədə zorakılıq dayanmasa, “Sudandakı müharibə dünyada ən böyük aclıq böhranını yarada bilər”.

Sərhədsiz Həkimlər Təşkilatı (MSF) Darfurdakı Zəmzəm qaçqın düşərgəsində hər iki saatdan bir uşaq öldüyünü bildirib.

MakKeynin sözlərinə görə, 600 min insanın müharibədən qaçmaq üçün sığındığı Cənubi Sudandakı düşərgələrdə hər beş uşaqdan biri qida çatışmazlığından əziyyət çəkir. Ümumilikdə 18 milyon sudanlı ciddi qida çatışmazlığı ilə üz-üzədir və onlardan 5 milyonu aclıq astanasındadır.

Onlara kömək edən humanitar işçilər də nəqliyyat məsələsində çətinliklər və ciddi maliyyə çatışmazlığı ilə üzləşirlər.