Sülhə ümid verən Qranada görüşü - MÜZAKİRƏ

18:56 28.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin oktyabrın 5-də İspaniyanın Qrabada şəhərində planlaşdırılan görüşü regionda cərəyan edən son hadisələrin fonunda birmənalı qarşılanır. Ekspertlər yaranmış situsiyada İspaniyanın Ermənistanın sülh müqaviləsinin imzaladığı Avropa məkanı olaraq da yadda qala biləcəyini ehtimal edir. Gözləntilər müxtəlifdir.

Politoloq Natiq Cəfərli bildirib ki, Azərbaycanın  öz ərazisini terrorçulardan təmizləmək üçün zərgər dəqiqliyi ilə apardığı son 24 saatlıq əməliyyatdan sonra tamamilə yeni bir situasiya yaranıb: 

“Ermənistan Azərbaycanda baş verən bu prosesdən özünü tamamilə kənara çəkdi.  Azərbaycan ərazisində heç bir ordu birləşmələrinin, əlisilahlıların olmadığını elan edərək, bu məsələyə hərbi yöndən qarışmayacağını elan etdi. Bu, bir ilk idi və Azərbaycan Prezidenti də çıxışında bunu qeyd etdi.

İndiki yaranmış geosiyasi situasiyadan və vəziyyətdən belə məlum olur ki, artıq Paşinyanın Moskvaya, oradan gələn təhdidlərə baxaraq, sülh müqaviləsini bağlamaq, yaxud hansısa protokolları imzalamaqdan kənarda qalmağa ehtiyacı qalmayıb. Rusiya ilə münasibətlər kifayət qədər gərginləşib. Ona görə də bu danışıqlar zaman hansısa sənədlərin imzalanması üçün unikal şans yaranıb.  Bu,  qarşılıqlı ərazi bütövlüyünün tanınması ilə bağlı protokol ola bilər. Bu bəyanat verilsə də, belə protokollar olmayıb. Ona görə də hər hansı razılaşmanın imzalanması ehtimalı daha yüksəkdir. Əgər Ermənistan tərəfi səmimi şəkildə bu məsələnin həllində maraqlıdırsa, oktyabrın əvvəlində baş tutacaq görüşdə hansısa ciddi protokollar imzalana bilər. Bu da gələcəkdə sülh quruculuğu üçün təməl yarada biləcək ciddi sənəd olacaq”.

Politoloq bildirib ki, Azərbaycan üçün müxtəlif platformalarda danışıqların aparılması çox doğru qərardır. Avroapa Birliyini, Qərbi bu proseslərdən kənarda qoymaq doğru deyil. O zaman Rusiya yeganə monopolist moderator ola bilər ki, bu da maraqlarımıza uyğun deyil. Bu, razılaşdırılmış bir görüşdür. Sadəcə, şərait yetişib ki, bu görüşdə ciddi nəticələr əldə etmək mümkündür. Paşinyanın itirəcəyi nəsə yoxdur. Rusiya ilə münasibətlərin kəskinləşməsi fonunda Qərbdə hər hansı müqavilənin imzalanması onlar üçün problem olmamalıdır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq  Mətin Məmmədlinin sözlərinə görə, əsas məsələ Qərbin yeni situasiyada yeni siyasət ortaya qoymasıdır.

Ekspet bildirir ki, antiterror əməliyyatından sonra, artıq bölgədə yeni vəziyyət yaranıb. Regionda olan separatçı regimin qalıqları süquta uğrayıb. Qeyri-qanuni hərbi birləşmələr  artıq buraxılıb.  Bu vəziyyət Ermənistan-Azərbaycan arasında danışıqlar prosesinə ciddi töhfə verir.  Qarşıdakı görüşdə də Azərbaycan-Ermənistan liderlərinin ciddi razılaşmalar əldə etməsi üçün mühit formalaşdırılıb.

Ekspert Azərbaycanın mövqeyinin dəyişməz olduğunu deyib. Bildirib ki, əsas məsələ sülh müqaviləsinin Azərbaycan Xarici İşlər Nazirliynin Ermənistana təqdim etdiyi 5 baza prinsipi əsasında imzalanmasıdır:

“Beynəlxalq  hüquq normalarına uyğun olaraq dövlətlər qarşılıqlı surətdə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət etməli, bir- birlərinə qarşı torpaq iddialarından imtina etməli, təhdid, hədə tonundan imtina edilməlidir. Yəni normal münasibətlərin qurulması üçün təməl məsələ ölkənin ərazi bütövlüyünün, artıq sənədlərdə imzalanması ilə tanınmasıdır”.

M.Məmmədli qeyd edir ki, Ermənistan siyasətinin bir-birinə zudd mövqeləri artıq bizə məlumdur. O, son illərdə də  Ermənistan hökumətinin bir-birini təkzib edən kifayət qədər  ziddiyyətli mövqelər nümayiş edirdiyini önə çəkərək, bu ölkənin hansı addımı atacağı ilə bağlı dəqiq fikir bildirməyi mübahisəli sayıb:

“Hər halda irəli getmək üçün müəyyən bir mühit formalaşıb. Avropa iki ölkə arasında sülhə nail olmaq istəyir. Təəssüf  ki, Avropanın, Qərbin bu məsələyə ikili yanaşması var və bu da Ermənistan-Azərbaycan arasında davamlı sülhün yaranmasına mane olur. Məsələn, Fransa, ABŞ-da müəyyən dairələr var ki, hazırda atdıqları addımlar, verdikləri açıqlamalar sülh prosesinə ciddi mənfi təsir göstərir.  Ermənistanın Azərbaycana münasibətdə haqsız iddialarının qorunub-saxlanmasına çalışırlar. Qarabağdakı ermənilərin “hüquqi təhlükəsizlik” adı ilə ölkəmizin daxili işlərinə qarışırlar. Bu da bütövlükdə Avropanın vasitəçilik missiyasına mənfi təsir edir. Bütövlükdə ümid edək ki, qarşıdakı görüşdə iki ölkə arasında problemlərin həllində ciddi addımlar atılacaq”.

Politoloq Natiq Miri bildirir ki, son 24 saatlıq antiterror əməliyyatı regionda tamamilə  yeni reallıqlar yaratdı, vəziyyəti kökündən dəyişdi. Onun sözlərinə görə, əgər dünənə qədər sülh danışıqlarında  əngəl Qarabağ məsələsi, ermənilərin hüquq və təhlükəsizliyi kontekstində beynəlxalq mexanizm nəzarəti iddiası idisə, artıq bu məsələ ortadan qaldırılıb. “Görüşlərin beynəlxalq mexanizmlərin nəzarəti altında keçirilməsi” ilə bağlı heç kim danışmır, çünki buna ehtiyac qalmadı.

N.Miri eyni zamanda qeyd edir ki, Qarabağda olan separatçı rejim beynəlxalq səviyyədə müstəqil subyekt kimi tanınmamışdır: 

“Qarabağda qanunsuz rejim və onları qoruyan qanunsuz silahlı birləşmələr mövcud idi. Azərbaycan bu qanunsuz silahlı birləşmələrin Qarabağdan çıxarılmasını tələb edirdi və  bu, tam legitim, hüquqi idi. Rusiya özünün geosiyasi maraqları kontekstində erməni silahlılarının çıxarılmasına nəinki rəvac vermədi, bu üç il ərzində Laçın dəhlizi vasitəsilə Qarabağa silah-sursat daşındı. Bu gün təhvil verilən silahların miqyasına baxanda görünür ki,  həqiqətən də ərazidə bir ordunu silahlandıra biləcək həcmdə texnika mövcud imiş. Ona görə də Azərbaycan Qarabağ probleminin həlli üçün yeganə əngəl olan silahlı birləşmələri silahsızlaşdrma prosesinə başladı. Belə bir vaxtda Ermənistan birmənalı olaraq Qarabağda ordusunun olmasını rədd etdi. Əgər Qarabağda olan silahlılar Ermənistan ordusu deyilsə, bu, qanunsuz silahlı birləşmələrdir və beynəlxalq hüquqda adı “terrorçu”dur. Onlara beynəlxalq münasibət birmənalıdır: terrorçu varsa ləğv olunmalıdır. Azərbaycanın etdiyi bu idi. Sadəcə olaraq, bu əməliyyatı qısa müddətdə, ildırım sürəti ilə, peşəkarcasına və beynəlxalq humanitar hüquq gözlənilərək apardı. Bu da gələcəkdə Azərbaycanı ittiham etmək istəyənlərin əlindən bütün “silahları almış oldu”.

Politotloq bildirir ki, Azərbaycanın antiterror əməliyyatı ilə yaratdığı yeni situasiya danışıqlar prosesinin önünü açıb. Onun fikrincə, sülh müqaviləsinə əngəl olan Qarabağ məsələsi aradan qaldırılandan sonra, Ermənistanın sülh müqaviləsini imzalamaq üçün ciddi bir problemi qalmayıb:

“Belə bir vəziyyətdə  Qərb  gecikərsə, estafetin Rusiyanın əlinə keçəcəyindən qorxdu. Ermənistan bu prosesi birtərəfli qaydada sabotaj etməsə,  az ehtimal olunsa da, yeni hərbi təxribatlar törədilməsə, bu görüş baş tutacaq. İndiki vəziyyətdə yalnız sülh danışıqları Ermənistanı indiki təhlükələrdən qoruya bilər. Paşinyan Ermənistanı vassal olmaqdan çıxarıb, beynəlxalq aləmin müstəqil subyekti olmasını təmin etmək istəyirsə, bunun Azərbaycanla Türkiyə ilə normal münasibətlər sistemi qurmasından keçdiyini anlayır. Deməli, Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına ehtiyac duyur. O cümlədən, prosesdə maraqlı olan Qərb istəyir ki, indiyədək danışıqlarda əldə olunan nailiyyətlər bir daha təsdiq edilsin, geriyə dönüş olmasın. Bu da ərazi bütövlüyü və suverenliyin tanınmasının yenidən dövlətlər tərəfindən təsdiq olunmasıdır.  Sülh müqaviləsi üçün yollar açılır. Avropa Birliyi səmimidirsə, tərəfsizliyini  pozmayacaqsa, Azərbaycan danışıqlar prosesində axıra qədər getməkdə maraqlıdır”.

“Yeni xətt” Müstəqil Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirir ki, Qranada görüşündə yalnız qarşı tərəfin xahişlərini dinləyə bilərik:

“Ümumilikdə, Azərbaycanın ərazi bütövluyünun bərpası istiqamətində atdığı addımlar  peşəkar diplomatik xətlə aparılır. Bütün dünya ictimaiyyətinə bəllidir ki,  millətimiz haqq mubarizəsində qələbə çaldı. Ölkə başçımız bu prosesi  mükəmməl şəkildə həyat keçirdi. Ermənistan istər diplomatik, istər siyasi, hərbi, iqtisadi baxımdan bizimlə müqayisəolunacaq səviyyədə deyildir. Ona görə də bütün şərtlər bizim tərəfimizdən qoyulacaq. Bu şərtlər beynəlxalq hüququn prinsiplərinə əsasən  tələb olunacaq”.

R.Hüseynov görüşdə Zəngəzur dəhlizi məsələsi və antiterror əməliyyatından sonra, qazandığımız üstünlüklərə hesablanmış digər tələblərimizin təminatı məsələsinin öhdəlik kimi qoyulması ehtimalnı önə çəkir:

“Son bir neçə gün ərzində cərəyan edən hadisələr, istər qarşılıqlı səfərlər çərçivəsində, istər  müəyən ölkə rəhbərlərinin səsləndirdiyi ifadələri nəzərə alaraq,  Azərbaycan Dövlətinin mövqeyi və statusu  möhkəmlənərək  sürətlə inkşaf edir. Biz  bu yaranmış şəraitdən maksiumum yararlanmalıyıq. Azərbaycan heç zaman olmadığı kimi,  böyük strateji siyasi addılmar atır. Bunu vasitəçilər və dünyanın siyasi kəsimi gözəl anlayır. Ona görə də vasitəçilərin istəkləri, niyyətləri  deyil, bizim istəklərimiz, atılacaq addımlarımız daha önəmlidir. Yaxın illərdə atılan o addımların bəhrəsini xalqımız görəcək”.