Almaniyanın media nəhəngi “Axel Springer”n baş direktoru Mathias Döpfner xəbərdarlıq edib ki, süni intellekt tezliklə jurnalistləri tamamilə əvəz edə bilər.
Hafta.az-ın DW-yə istinadən yazdığına görə, Döpfner məktubda “Süni intellekt müstəqil jurnalistikanı əvvəlkindən daha yaxşı etmək və ya onu tamamilə əvəz etmək potensialına malikdir” deyib. O, süni intellekt texnologiyasından istifadə edən kompüterlərin tezliklə jurnalistləri “bilik”də üstələyəcəyini proqnozlaşdırıb.
Microsoft tərəfindən dəstəklənən ChatGPT kimi süni intellekt texnologiyalarının informasiya baxımından "inqilab" vəd etdiyini deyən Döpfner, media qurumlarının həyatda qalmaq istədikləri təqdirdə, eksklüziv xəbərlər və ya orijinal şərhlər kimi məzmunların istehsalına diqqət yetirməli olduqlarını söyləyib.
Araşdırmaçı jurnalistikanın və hekayə tipli xəbərlərin media sektorunda gedərək daha çox əhəmiyyət kəsb etdiyini bildirən Döpfner, hadisələrin arxasındakı əsl motivləri sezməyin jurnalistlərin ən böyük vəzifəsi olmağa davam edəcəyini bildirib.
Döpfner “Axel Springer”in önümüzdəki dövrdə əhəmiyyətli sayda işçini işdən çıxaracağını da açıqlayıb. Sözügedən hadisənin “Bild” və “Welt”də olacağı gözlənilir.
Məktubda neçə nəfərin ixtisar ediləcəyi dəqiqləşdirilməyib. Bununla belə, Döpfner qrupun Almaniyadakı mənfəətini qarşıdakı üç il ərzində təxminən 100 milyon avro artırmalı olduğunu və bunu həm gəliri artıraraq, həm də xərcləri azaltmaqla etməyi hədəflədiklərini bildirib.
Qeyd edək ki, “Axel Springer” qrupunda 18 minə yaxın işçi çalışır və onların 3400 nəfəri jurnalistdir. Son zamanlar ABŞ-da şirkətin işçilərinin sayı artıb. Beynəlxalq miqyasda böyüyən “Axel Springer”, son illər ABŞ-da yerləşən “Business Insider” və “Politico” nəşrlərini satın alıb.
Döpfner “Axel Springer”in qazancının 85 faizini və təmiz mənfəətinin 95 faizini rəqəmsal fəaliyyətlərdən əldə etdiyini bildirib. Alman CEO, çap mediasını tərk etməyi planlaşdıran “Axel Springer”in bütünlüklə rəqəmsallaşmağı hədəflədiyini, lakin bunun daha bir neçə il çəkəcəyini söyləyib.