Şuşa rusiyalı siyasiləri valeh etdi - Namiq Mayılov

11:12 18.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan olan bir qrup siyasətçilər, politoloqlar, deputatlar və digər təşkilatların nümayəndələri noyabrın 12-13-də Şuşaya səfər edib. Bu səfərdə Azərbaycan nümayəndə heyətində “Region plus” jurnalinin baş redaktoru Namiq Mayılov da iştirak edib. Namiq Mayılov hafta.az-a Rusiya siyasətçilərinin iştirak etdiyi Şuşa səfəri barədə danışıb...

- Namiq bəy, Rusiya politoloqları, deputatları və digər təşkilat nümayəndələrinin iştirakı ilə işğaldan azad olunmuş Şuşa şəhərinə edilən son səfəri necə dəyərləndirərdiniz?

- 44 günlük müharibədən sonra ermənilərin ölkəmizdə törətdikləri cinayət faktlarını göstərmək üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, ayrı-ayrı təşkilat və media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri təşkil olunur. Beynəlxalq ictimaiyyət erməni vəhşiliyini hansısa arxiv sənədlərində deyil, həmin ərazilərə səfərlər edib öz gözləri ilə əyani görməklə dəyərləndirirlər. Bu baxımdan Rusiya ekspert və diplomatlarının, elm adamlarının Şuşaya səfəri xüsusilə əhəmiyyətlidir və düşünürəm ki, xarici ölkə nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərləri davam edəcək.  

Məlum olduğu kimi, Şuşaya səfər çərçivəsində “10 Noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda “dəyirmi masa” keçirilib. Qonaqlar Qarabağın "hava qapısı" adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun çətin relyef şəraitində məhz bu yolla irəliləyərək Şuşa şəhərini necə işğaldan azad etməsi ilə tanış olublar. Daha sonra rusiyalı siyasi ekspertlər və elm xadimləri, eləcə də azərbaycanlı mütəxəssislər müharibədən sonra Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı məruzələrlə çıxış ediblər.

Hesab edirəm ki, Şuşa səfəri çox mühüm əhəmiyyəti ilə yadda qaldı. Qeyd edim ki, Şuşaya səfər edən Rusiya nümayəndələri, siyasətçilər Şuşadan birbaşa canlı yayımlar edir və orda deyilən fikirlər birbaşa Rusiya ictimaiyyətinə çatdırıldı.

- Rusiya siyasətçiləri və elm adamlarının baş tutan Şuşa səfəri 44 günlük müharibə və ermənilər haqqında hansı yeni təsəvvürləri yaratmış oldu?

- Məlum olduğu kimi, biz Şuşaya səfər etdiyimiz gün orada ermənilər terror aktı törədərək, postumuza qumbara atmışdı. Konfransda bu məsələyə xüsusilə diqqət ayrıldı. Bu fakt kəskin pislənildi və iştirakçılar ehtimalla çıxış edərək, terror aktının Rusiyadan gələn qonaqları qorxutmaq üçün xəbərdarlıq olduğunu dedilər. Bildirildi ki, böyük ehtimalla, bu terror onları Azərbaycanla birlikdə  sülh təşəbbüslərindən əl çəkdirməyə yönəlib. Eyni zamanda Bakıya dönəndən sonra da yerli Azərbaycan mətbuatına  bu aktın çox mənfi hal olduğunu, cəzasızlıqdan irəli gələn bir hadisə olduğunu qeyd etdilər.

Məsələn, Vətən Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Аlекsеy Jurаvlyov konfransda  dedi ki, bu terror aktını törədənlər çox ciddi cəzalandırılmalıdır. 

O, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə yağlı bir nöqtə qoyulduğunu, geriyə dönüşün olmadığını dedi.

Digər iştirakçılar da terorçunun separatçılara təhvil verilməsinə etiraz etdilər və bunu pislədilər. Ermənistana çağırış etdilər ki, bu gün onları müharibədən xilas etmiş Rusiyaya qarşı çıxmaqdansa, ötən il imzalanmış üçtərəfli bəyanatın icrasına kömək etsələr sülhə daha tez yaxınlaşmaq, bölgədə sülhə daha çox nail olmaq olar. Təbii ki, bölgədə sülhün bərqərar olunmasına həsr olunmuş konfransda bu istiqamətdə fikir mübadilələri aparılmaqla, təkliflər də səsləndi. Konfransda bütün deyilənlərin hamısı onu götərdi ki, üçtərəfli bəyanatın tərəflərindən biri olan Ermənistan hər vəchlə öz öhdəlikərini yerinə yetirməkdən yayınmağa çalışır.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sеrgеy Маrкоv bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir və Şuşa Azərbaycanın turizm üzrə mirvarisi olacaq. O, “Şuşa vətəninə qaytarıldı, biz buna görə şadıq”, - dedi.

Təbii ki, səfər iştirakçılarına Şuşa ərazisində ekskursiya turu keçirildi. Şuşada dağıdılan, viran qoyulan evlər, binalar göstərildi. Eyni zamanda nümayəndələr Şuşada yerləşən Pravoslav Kilsəsinə aparıldı.  Qonaqlara pravoslav kilsəsindəki günbəzin sonradan ermənilərin sökərək erməni kilsəsinin memarlığına xas dəyişdirildiyini təsdiq edən sənədlər göstərildi. Bildirildi ki, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası o kilsəni artıq Pravoslav kilsəsi kimi tanıyıb və dini ayinlər keçirilib.  Bu da qonaqlar tərəfindən alqışlandı. Eyni zamanda Azərbaycana məxsus qədim müsəlman abidələrinin, məscidlərin dağıdılması pislənildi. Nümayəndələrlə birlikdə Cıdır düzünə çıxıb, ordan görünən Xankəndinə baxdıq. Rusiyalı qonaqlar əmin olduqlarını bildirdilər ki, müvəqqəti sülhməramlıların məsuliyyət zonasında olan Xankəndi də tezliklə Azərbaycanın nəzarətində olan ərazisi kimi bərpa olunacaq, Azərbaycan qanunları o ərazidə də işləyəcək.  Bu da zaman məsələsidir.

Rusiyalı hərbi ekspert  "Milli müdafiə" jurnalının baş redaktoru İqor Коrоtçеnко konfransda bildirdi ki, üçtərəfli bəyanatın müddəalarına əməl etməsi üçün Ermənistana həm siyasi, həm iqtisadi təzyiq göstərilməlidir. Hərbi ekspert bu insidenti Rusiyanın bölgədəki nüfuzuna zərər vurmaq üçün törədilmiş akt adlandırıb. Коротченко bəyan edib ki, erməni terrorçu Azərbaycana təhvil verilməli idi.

- Necə hesab edirsiniz, rus ekspertləri və deputatlarının terrorla bağlı sərgilədiyi münasibətlər və terrorçunun Azərbaycana təhvil verilməsi ilə bağlı tələb-fikirləri Rusiya hökumətinin məsələyə hansı fonda müdaxiləsinə təsir edə bilər?

- Rusiyalı nümayəndələr, təbii ki, ekspertlər səviyyəsində fikirlərini və təkliflərini verdilər. Əslində, elə konfransın məqsədi də budur. Bu münasibətlər yayımlanır və sonda hansısa təkliflər sənədləri hazırlanır.  Hər halda məsələ ilə bağlı xeyli fikir söylənildi. Qeyd etdiyim kimi, törədilmiş terror aktı, terroçunun erməni tərəfə verilməsi də pislənildi.  Terrorçunun Azərbaycana verilməsi məqsədəuyğun sayıldı.  Коrоtçеnко bildirdi ki, baş verən terror aktı  Azərbaycanın da Laçın dəhlizində Rusiya sülhməramlıları ilə birlikdə nəzarət etməsi məsələsini aktuallaşdırır.  Qeyd olundu ki, Azərbaycan, Rusiya, Türkiyə bölgədə sülhə, iqtisadi əməkdaşlığa can atdığı bir vaxtda Ermənistan belə pozucu əməllərlə məşğul olur. Ermənistanın atdığı addımlar postmüharibə dövrünün reallıqlarını qoruyub saxlamağa deyil, üçtərəfli bəyanatın yerinə yetirilməsinə maneə olmağa yönəlib.

- Rusiyanın da atəşkəs bəyanatında bir imzası, bir bir öhdəliyi var; silahlı ermənilər tərk-silah edilməli, çıxarılmalıdır, amma Rusiyanın bu istiqamətdə qəti addımı görünmür. Rusiyalı ekspertlər bu məsələyə hansı aspektdən yanaşdı?

- Konfransda Ermənistanın bu öhdəliyə əməl etmədiyi deyildi. Bildirildi ki, silahlılar sülhməramlıların müvəqqəti nəzarəti olan ərazilərdən tam yığışdırılmadığı üçün bu cür hadisələrin gələcəkdə də təkrar olunması mümkündür. Ona görə də həmin ərazidə ermənilərin silahsızlaşdırılmasına daha ciddi yanaşılmalıdır.  Təbii ki, rusiyalı ekspertlər bu məsələni birmənalı şəkildə öz dövlətlərinin qarşısında tələb kimi qoymurlar. Amma bu zərurəti qeyd etmələri elə o deməkdir. Bölgədə erməni silahılarının mövcudluğu sülhə mane olan bir amildir.

- Rus diplomatları Şuşaya birinci səfərlərində ilk növbədə nəyə diqqət çəkdilər?

- Düşünürəm, bu onların Şuşaya birinci səfəri idi. Şuşanın o sıldırım qayaları onları valeh eləmişdi.  Onlar Azərbaycan Ordusunun, əsgərinin Şuşa naminə hansı qəhrəmanlıq etdiyini həm gördülər, həm etiraf etdilər.  Hərbi ekspert Korotçenko  buna xüsusilə diqqət etdi. Sergey Markov Cıdır düzündə daşların üzərində güllə izlərini tapdı və “Fikir verirsiniz, adamlar necə sıldırım qayalara qalxıblar”, – deyə heyrətini gizlətmədi. Dedi ki, Azərbaycan Ordusu Cıdır düzünə döyüşə-döyüşə daxil olub və  orada Azərbaycan əsgərinin qəhrəmanlıqları xüsusilə vurğulandı.  Onlar o qalanı şəkillərdə görmüşdülər, ancaq canlı görəndə tamamilə başqa bir təəssürat oyanır. Təəccüb edirdilər ki, əsgərlər bu qayalarla necə çıxıblar? Xeyli ehtimal irəli sürdülər...

Bu təəssüratlar çox əhəmiyyətli idi.  Xaricdən gələn ekspertlər, diplomatlar, digər qonaqlar bu mənzərəni gözləri ilə gördükcə Azərbaycan üçün Şuşanın əhəmiyyətini bir daha dərk edirlər. Ekspertlər Şuşanın  Azərbaycan və Ermənistan üçün əhəmiyyətini də müqayisə etdilər.

 Şuşanın uçulmuş, dağıdılmış evlərini, abidələrini görəndə dəfələrlə qeyd etdilər ki, əgər torpaq, abidə onlara məxsus idisə, niyə dağıdırdılar?  Bir başqaları qeyd etdi ki, təsəvvür edirəm ki, bu yerlər 30 il ərzində Azərbaycanda olsaydı, hansı şəkildə çiçəklənərdi.  Ancaq indi ondan xarabalıqlar qalıb.  Özləri də etiraf etdilər ki, çox azsaylı bəzi evlərdə yaşayış olub.  Bəyan elədilər ki, Şuşa ermənilərə məxsus deyil, Azərbaycanın tarixi irsidir, qədim şəhəridir. Eləcə də işğaldan azad olunmuş bütün Azərbaycan torpaqlarının böyük əhəmiyyəti önə çəkildi.

Füzuli aeroportu da qonaqları heyrətə gətirdi. Böyük dağıdılmış ərazinin içərisində qısa müddətə belə bir beynəlxalq standartlara uyğun  gözəl aeroportun tikilməsini Azərbaycanın bu torpağa böyük əhəmiyyət, sevgi göstərməsi kimi dəyərləndirdilər.

- Necə hesab edirsiniz, erməni cinayətkarlarının beynəlxalq məhkəmələrdə cəzalarını alması üçün Rusiyanın bu söz adamlarının nə kimi dəstəyi olacaq?

- Bu addımı özümüz atmalıyıq. Haqqımızın müdafiəsi üçün nə rus, nə türk, nə də başqası onu bizim əvəzimizdən etməyəcək. Bizim dövlət  rəsmiləri, Prezident səviyyəsində bəyanatlar verilib. Ermənilərin törətdiyi bütün dağıntılar sənədləşdirilib, arxivləşdirilib və beynəlxalq məhkəmələrə müraciət olunacaq. Bu çox böyük, genişmiqyaslı bir işdir. Onu da biz özümüz edəcəyik. Bizim dost dövlətlər dəstək verə bilərlər. Kimlər dəstək verəcəklərsə, sağ olsunlar. Verməyəcəklərsə, bu yenə də bizim, Azərbaycan dövlətinin birbaşa səlahiyyəti və məsuliyyəti daxilində olan bir məsələ kimi həllini tapmalıdır.

 

Oxunma sayı 106