Şuşada 300-dən çox abidəni qediyyata almışıq - Zahid Abbasov

12:37 18.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də tarixi ədaləti bərpa etdi. Şuşa şəhəri işğaldan azad olundu. Bu gün Şuşanın tarixi-mədəni irsi,  ruhu yenidən özünə qayıdır, bərpa olunur. Şuşaya qayıdış xalqın, şuşalıların özünə, milli irsinə qayıdışı, yenidən güclənməsi, inkişaf etməsi deməkdir. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Şuşa Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov maraqlı fikirlər söyləyib.

- Zahid müəllim, cənab Prezidentin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu, Şuşanın tarixi-memarlıq abidələrinin bərpası, dünyaya təqdim edilməsi baxımından hansı əhəmiyyəti daşıyır?

- Şuşa tarixən həm Zaqafqaziyanın kiçik konservatoriyası adını alıb, həm də tarixi abidələr şəhəri olub. Bu şəhərin memarı Kərbəlayi Sərxan Qarabari çox məşhur bir memar olub. O, şəhəri salanda  elə bir tarixi arxitektura, memarlıq abidəsi yaradıb ki, dünyanın heç bir yerində belə memarlq ansamblı yoxdur. Şuşada 17 məhəllənin özünəuyğun gözəlliyi var. Orada Hamam məhəlləsi, Təndirli məhəllə, Məscidli məhəllə və başqa məhəllələr olmaqla, özünün özəlliyi, gözəlliyi ilə seçilir. Vaxtilə Pənahəli xan öz dövründə Şuşada 8 məhəllə saldırmışdı, onun oğlu İbrahim Xəlil xan taxta gələndən sonra  9 məhəllə də o saldırdı. Həmin məhəllələr sovet dövrünədək bir neçə dəfə dağıdıldı, düzəldi, qorundu.

Məlumdur ki, Şuşa XIX əsrdə 4 dəfə təpədən-dırnağadək yağı düşmənlər tərəfindən yandırılıb, dağıdılıb. 1905-ci ildə bir dəfə dağıdılıb, 1918-1923-cü illərdə bir dəfə, 1948-ci ildə bir dəfə və 1992-ci ildə şahidi olduğumuz dağıntılar baş verib. Mənim kiçik yaşlarım Şuşada uçuq evlərin içində dava-dava oynamaqla keçib. 1960-1970-ci illərdə hər məhəllədə o qədər uçuq, yanmış evlər var idi ki, insanlar imkan tapıb o dağıntıları təmir edə bilmirdilər.  Təsəvvür edin ki, 1903-cü ildə Şuşada 85 min azərbaycanlı əhali yaşayırdı. 1992-cü ildə çoxları oradan pərən-pərən düşdü, nəsillər dağıldı. Danmaq olmaz ki, Ulu Öndər hakimiyyətə gələndən sonra, 1969-cu ildə Şuşaya, Qarabağa diqqətini çox artırdı. Buna misal olaraq, 1970-ci illərdə Şuşada “Kurort kompleksinin inkişafı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin bürosunun qərarını göstərə bilərik. Bu qərardan sonra Şuşa, sanki bir tikinti meydançasına çevrildi. Həmin dediyim yanan, dağıdılan uçuq evlər, uçmuş qala divarlarının hamısı təmir olundu, sanatoriyalar tikildi, həm turizm inkişaf elədi, həm qədim tarixi abidələr təmir olundu. Eləcə də tanınmış yazıçı, dramaturq, bəstəkarların ev-muzeyləri yaradıldı. O vaxt Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Mövsüm Nəvvabın ev-muzeyləri yaradıldı.  Molla Pənah Vaqifin məqbərəsi tikildi. Beləliklə, həmin tarixi abidələrin 90 faizi, demək olar ki, təmir olundu. Ona görə də o qərardan 2 il sonra, 1977-ci ildə Şuşa Tarixi Memarlıq Qoruğu elan olundu. Qala divarları hər 15-20 metrdən bir dağıdılmışdı. Onların hamısı təzədən bir-bir restovrasiya olundu, birləşdirildi.

Deyim ki, Qala divarları şəhər ərazisinin 4-də 1-i qədərdir. O yerdə ki, qayalıqdır və oradan Şuşa şəhərinə girmək olmaz,  orada divar yoxdur. O yerdə ki, şəhərə girmək ehtimalı var, orada qala divarları qurulub. Qala divarı sizə adi  gəlməsin. Hündürlüyü 8 metr, eni 2 metrə yaxın, 180, 170 sm idi. Yəni sərhədçilər qala divarının üstündə at ilə gəzirdilər. Mən özüm o qala divarının üstündə o qədər gəzmişəm ki. Həmin qala divarı bizim üçün kəsə yol idi. Onun divarının üstü ilə Daşaltıya çimməyə enirdik, böyürtkən yığmağa, gəzməyə gedirdik... Oradan yol kəsə olurdu. Orada qayalıqlarla “40 pilləkən”,   “Pişik yolu”,  “İki gözlük” deyilən yerlərə keçirdik. Bax, bizim bu əsgərlər də o “40 pilləkən”, “İki gözlük” deyilən həmin o yollardan, həmin o qayalardan gəlib şəhəri azad etdilər.

- Hazırda Şuşa şəhərində aparılan quruculuq işləri hansı mərhələdədir? Belə fikirlər var ki, bərpa, yenilənmə zamanı Şuşada 17 məhəlləyə yeniləri əlavə olunacaq, məhəllələr artırıla bilər. Bu barədə nə deyərdiniz?

- Belə olmayacaq. Şuşada abidələrin qeydiyyatını aparan komissiyanın tərkibində olan adamam. Bu gün hansı abidələri qeyd eləmişik, onların təmiri ilə bağlı müzakirələrdə bir yerli adam kimi iştirak edirəm. Düşünürəm ki, Şuşada çox böyük yeniliklər olacaq. Yeni məhəllələrin yaranması ilə bağlı elə bir ehtimalı mümkün hesab etmirəm, çünki məhəllələri artırmaq mümkün deyil. Artırmaq üçün onda şəhərin ərazisindən çölə çıxmaq lazımdır. Yəni şəhərin qayalıq üstündə olan ərazisində 17 məhəllədən artıq məhəllə salmaq qeyri-mümkündür. Həmin o 17 məhəllə qalacaq. Bu məhəllələrin yaxın kəndlərdə qurulmasını düşünürlərsə, bunlar çox aralıdır. Şəhərə yaxın kənd yoxdur, bir dənə Daşaltıdır, o da adı bəlli - Daşaltıdır. Qaladan çox aralıdır.

- İndi ermənilər Şuşada aparılan bərpa işləri zamanı guya erməni kilsəsinin dağıdılması ilə bağlı hay-küy salırlar.

- Bir faktı deyim, məsələn, ömürboyu Şuşada erməni olmayıb və “erməni kilsəsi” deyilən bir yer də yoxdur. Bu sözü ermənilər özlərindən uydurublar. Ermənilərin ətrafında hay-küy yaratmaq istədikləri kilsə, “Kazançı” deyirdilər ona, “Qazançı” kilsəsi olub. Onun görkəmi, memarlıq üslubu da tamam başqa olub. Ermənilər o kilsəni saxtalaşdıraraq öz adlarına çıxmağa çalışıblar. İndi Qazançı kilsəsi bərpa olunub, əvvəlki görkəminə salınacaq.  O kilsənin üzərində xaç olmayıb. Həmin xaçı sonradan ermənilər qoyublar. Yəni kilsə bərpa olunur, bu bizim sivil xalq olduğumuzu göstərir, amma öz qədim, tarixi görkəmi nəzərə alınmaqla bərpa olunur. Daha bunların yalandan kilsəni saxtalaşdırıb, üstünə xaç qoyması ilə yox. Həmin kilsədə xaç yoxdur, piramida yoxdur, götürülüb. Onu da qeyd edim ki, kilsənin ən köhnə vaxtının şəklini də tapıb təqdim eləmişəm. Mənə də rəhmətlik Firudin Şuşinski vermişdi.

- Şuşada olan abidələrin sovet dövrü qeydiyyatı zamanı müəyyən mübahisəli halların olduğu deyilir. Deyilir ki, düşünülmüş şəkildə bütün abidələrin hamısı qeydiyyata alınmayıb. Hazırda abidələrin qeydiyyatı istiqamətdə aparılan işlərlə bağlı nələri söylərdiniz?

- Bu barədə çox çıxışlar etmişəm. Sovet dövründə  abidələrin qorunması ilə bağlı idarə təzə yaranmışdı. 1980-ci ilə qədər elə bir idarə yox idi ki, abidələri  qeydiyyata alsınlar. 10 il ərzində dövlət tərəfindən 248 abidə qeydiyyata alınmışdı.  Həmişə demişəm, indi də deyirəm ki, Şuşada 700-dən də çox abidə var. Məsələn, adi bir misal çəkim; adi asfaltdan yollar çəkilmirdi, pəncərələrin kənarının haşiyələri adi kərpicdən və yaxud başqa adi daşdan, sementdən olmurdu. Onların hamısı sırf qaya daşlarından yonulub vurulurdu. Ona görə də həmişə deyirəm ki, Şuşanın hər bir daşı tarixi abidədir.  O daşları aylarla, illərlə işləyib, cilalayıb qoyublar yerinə. Yadımdadır, 1970-ci illərdə Şuşada bur karvansara var idi, birmərtəbəli olsa da, o qədər gözəl daşlarla işlənmişdi ki... 200 metrlikdən adamı cəlb edirdi, deyirdi ki, mən müsəlman abidəsiyəm. Keçmişdə ayparalı, butalı və milli, dini irsə nə uyğundursa, həmin naxışları qoyurmuşlar. Bilirmişlər ki, bu gün belə məsələlər qalxa bilər. Elə düzəldirdilər ki, mübahisəsiz onun müsəlman, türkə aid olan tarixi abidə olduğu bilinirdi.  Heç kəs buna şərik çıxıb deyə bilməzdi ki, mənimdir.

...1970-ci illərdə karvansaranı sökəndə, yadımdadır ki, başladılar üstünə nömrə qoymağa. Daşların üstünə kömürdən nömrələr yazmışdılar. Mən uşaq idim, hər gün oradan keçib-gələndə anama sual verirdim ki, daşları niyə belə nömrəliyiblər? O da deyirdi ki, yəqin, sonra haradasa quraşdıracaqlar, bunu məhv eləmək olmaz. Karvansaranı, bir də Şuşada “dom otdıx” adlanan bina mövcuddur, onun möhtəşəm  darvazası var idi.  Söhbət darvazadan getmir, onun necə arxalı düzəldilməsindən gedir. Həmin oradakı daşları da nömrələyib sökdülər.  Dedilər ki, bunu başqa yerdə quraşdıracaqlar.  Həmin daşlar yoxa çıxdı, heç yanda quraşdırmadılar. Karvansaradan da əsər-əlamət qalmadı. Dağıdılan abidələrin yerini bilirik. Məsələn,  dəqiq bilirdim, “Qurdlar məscidi”, “Əli Yusifli” haradadır... Gedirəm ora, ayağımı qoyuram o torpağa ki, burada filan məscid olub. Hamısını yerlə-yeksan ediblər. O dağıdılan məscidlərin və yaxud başqa abilərin şəkillərinin hamısı məndə var.  Güldəstəli məscidlər var idi, onun güldəstəsini söküblər.

Şuşada 3 məscid minarəli olub. Aşağı, Yuxarı Gövhər ağa məscidləri, bir də Saatlı məscidi.  Qalanları Güldəstəli məscidlər olub. Güldəstəli məsciddə ortadan dəmirdən balkon kimi bir kürsü düzəldib, çıxıb oradan azan verirmişlər.  Güldəstəli məscidlərdən hansını ki, uçurmayıblar, ondan  özləri istifadə ediblər. Onların güldəstəsini yerli-dibli məhv ediblər, olub yaşayış binası.

- Dediniz ki, Şuşada 700-dən daha çox abidə olub. İndi onların təkrar qeydiyyatı aparılıb, bərpası nəzərdə tutulurmu?

- Abidələri düşündüyüm kimi qeydiyyata almaq çox çətin məsələdir.  Abidələri elə- belə qeydiyyata almırlar, araşdırılır, əsaslanır, ölçülüb-biçilir, pasportlanır, nömrələnir, ondan sonra olur tarixi abidə.  Bütün bunların hamısı yavaş-yavaş olacaq. Abidələrin  70 faizi dağıdılıb gedib, amma 300-dən çox abidəni qediyyata alıb təqdim eləmişik. Bu saat onların üzərində işlər gedir. Tamamilə dağıdılan abidələrin aqibətinə gəlincə, onların qeydiyyata alınması, yenidən bərpası üçün vaxt lazım olacaq.  

- Molla Pənah Vaqifin məqbərəsi  nə dərəcədə bərpa olunub? Ümumiyyətlə, Şuşada olan məşhur 17 məhəllənin yenidən tikilməsi və abidələrin bərpasından başqa daha hansı layihələr işlənir?

- Məqbərə artıq hazırdır, təhvil verilib. Məqbərənin indiki görkəmi əvvəlkindən də gözəldir. İstifadə olunan materiallar daha müasir standartlara cavab verir. Abidələrin bərpası ilə yanaşı, şəhərin yeni görkəminin daha gözəl olması üçün də yeni layihələr üzərində işlənir. Çox güman, layihələrin tam hazır olması iyulun ortalarına qədər çəkəcək.  

- Bir çox memarlar bərpa işlərində iştirak etmək üçün müsabiqələrin keçirilməməsindən narahatdır. Hansı müsabiqələr keçirilir, yaxud bərpa işlərində kimlər işləyir?

- Şəhərin qurulması üçün yeni layihələr lazım deyil.  Şuşa köhnə şəhərdir və onun köhnə görkəmi necə varsa, elə də qalacaq. Bərpa zamanı, sadəcə, müasir materillardan istifadə olunacaq. Ola bilməz ki, kimsə başqa bir ideya fikirlərşib, hansısa abidəyə nəsə əlavə bir buynuz vursun. Necə var, elə də olacaq. Ona görə bunun üçün hansısa müsabiqə keçirməyə ehtiyac yoxdur. Ola bilər ki, o abidələrin, binaların düzəldilməsində, tikintisində hansısa şirkətlər tender yolu ilə iştirak etsinlər. O da sonranın işidir. Layihələnmədə hələ milli kolorit və qədimliyini özündə saxlayan naxışlar işlənməlidir. Yəqin ki, belə də olacaq.

- Zahid müəllim, İsa bulağı necədir?

- İsa bulağı axır, yaxşıdır, gözəldir. Toxuna bilmədikləri bir dənə yer İsa bulağıdır. Bu yaxınlarda eşitmişəm ki, guya hansısa  erməni götürüb bulağın ora-burasını düzəldib, guya xərc çəkib. Həmin erməni sifariş də göndərib ki, müsəlmançılığı qəbul eləməyə hazıram, məni qaytarın... Təbii ki, bu da erməni cəfəngiyatıdır.

- “Xruşşovka” evlərin sökülməsi prosesindən danışılırdı. “Xruşşovka”ların sökülməsi nə yerdə qalır? Sökülərsə,  şəhərin görünüşünə hansı görkəmi verəcək?

- “Xruşşovka”lar mütləq sökülməlidir. Bəziləri sökülüb, bəziləri isə hələ də qalır, amma mütləq sökülməlidir. Əvvəla, o evlərin müddəti keçib. İkinci tərəfdən, onlar şəhərin görkəminə çox pis təsir edir. Şuşalıların dədə-baba həyət evlərini heç kəs sökmür, əksinə, təmir olunurlar. Elə evlər sökülüb ki, müharibə zamanı zərər görüb. Onun yerində daha qəşəngi tikilib veriləcək insanlara.

- Şuşanı Azərbaycanın turizm şəhəri və dünyanın mədəniyyət incisi kimi dünyaya təqdim etmək, tanıtmaq üçün hansı işləri görmək lazımdır?

- Bunun üçün vaxt lazımdır. Turizm üçün təkcə gözəl, yaraşıqlı binalar tikmək kifayət deyil. Turizm üçün gözəl şərait, məkan, hava, su, daş, qaya, meşə, hamısı var. Qalır onları bir qədər ütüləyib dünyaya təqdim etmək. İnşAllah onu da yavaş-yavaş həyata keçirəcəyik...