Milli azadlıq hərəkatının tanınmış simalarından biri, istiqlalçı deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə hafta.az üçün bu dəfəki - 9 Noyabr Milli Bayraq Günü ilə bağlı söhbətimizdə 1988-ci ildən bəri üçrəngli bayrağımızın xalqımızın azadlıq savaşında keçdiyi yoldan, partiya sədrinin bayrağımız haqqındakı xatirələrindən danışdıq.
-Tahir bəy, həyatınızda ilk dəfə Azərbaycanın üçrəngli bayrağını nə vaxt görmüsünüz, hansı xatirələriniz var bayrağımız haqda?
-Azərbaycan Xalq Cümhuriyyətinə aid üçrəngli bayrağımızı ilk dəfə 33 il öncə - 1988-ci ilin noyabrındakı Meydan hərəkatı zamanı gördüm. Amma belə bir bayrağın mövcudluğundan artıq gənclik illərindən məlumatlı idim. Bilirdim ki, ötən əsrin 50-ci illərində 3 nəfər qəhrəman soydaşımız üçrəngli bayrağımızı Qız Qalasının üzərinə qaldırmış və sovet rejimi onları həbs etmişdi... Hərəkatın ilk günlərində meydanda hələ də sovet Azərbaycanının bayraqları görünürdü. Ancaq sonrakı günlər ara-sıra üçrəngli bayrağımız da görünməyə başladı... Yadımdadır ki, Cəfər Cabbarlının qohumu olan bir xanım həmin bayraqdan tikərək meydana gətirirdi. O vaxt bilmədim, ona necə minnətdarlıq edim, o illər nadir tapılan Çin istehsalı olan bir bahalı qələmim var idi, onu bağışladım nəvəsinə...
-Səhv etmiriksə, 1991-ci ilin martında parlament binasında SSRİ-dən ayrılıb müstəqil olmağımızla bağlı aclıq aksiyası keçirərkən də yanınızda Azərbaycan bayrağı var idi?
-Bəli, təbii... Meydan hərəkatından sonra artıq hamımız üçrəngli bayrağımızdan ayrılmadıq. Müxtəlif ölçülərdə bayraqlar düzəltdirib, evimizdə, maşınlarda özümüzlə gəzdirirdik... Müstəqil dövlətin digər atributları, himnimiz kimi bayrağımızı da sevməyə, dostlarımıza, qardaş-bacılarımıza, övladlarımıza sevdirməyə başladıq... Yadımdadır ki, rəhmətlik Əbülfəz bəy İsmayıllıya - bizə gələndə əlində bayraq azyaşlı övladlarıma himn oxudurdu. 5-6 yaşlı oğlum ondan təkrar oxumağı xahiş edəndə Elçibəy yenə də əlində bayraq ayağa qalxıb uşaqlarla bərabər himni oxuyurdu... Yəni övladlarımız da üçrəngli bayrağımıza sevgi ruhunda böyüməyə başladı...
-Yadınızda deyil, Bakıda ilk dəfə hansı rəsmi binanın üzərində qaldırıldı bayrağımız?
-Təəssüf ki, o dəqiq yadımda deyil... Amma yadımdadır ki, 1991-ci il, səhv etmirəmsə, fevralın 5-də üçrəngli bayrağımız Ali Sovetdə təsdiq olunanda, onu təntənəli şəkildə salona gətirəndə hələ SSRİ-nin banisi Leninin büstü parlamentin binasında idi. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyev də biz, demblok üzvləri ilə həmfikir olaraq etiraz etdi ki, üçrəngli Azərbaycan bayrağı hara, Leninin büstü hara, o büst oradan götürülməlidir. Həmin çıxış stenoqramlarda da qalıb…
Və onu da hamı bilir ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. Və bu bayraq Azərbaycanda ilk dəfə rəsmi şəkildə Naxçıvanda ucaldılıb… Həmçinin o günlər Naxçıvanın adından “sovet sosialist” sözləri də çıxarılıb. Yəni sözüm ondadır ki, o vaxt Heydər Əliyevlə parlamentdəki demokratik blokun istəkləri üst-üstə düşürdü. Demək olar ki, 100 faiz eyni şeyləri tələb edirdik. Heydər Əliyev bizim üzvümüz olmasa da, bunun belə olması faktdır...
-1990-cı illərin əvvəlində sizin məhkəmə hakimi, sədri işlədiyiniz, sonradan deputatı olduğunuz rayonlardakı rəsmi qurumlarda nə vaxt qaldırıldı bayrağımız?
-Bunu gizlətmək lazım deyil... Hələ 1990-cı ilin 20 Yanvar qətliamına qədər bütün rəsmi hökumət idarələrində olduğu kimi, mən də İsmayıllıda hakim, məhkəmə sədri kimi işlədiyim kabinetdə Azərbaycan SSR-in bayrağını və SSRİ rəhbəri M.Qorbaçovun portretini saxlayırdım. Ancaq Qara Yanvardan az sonra – 1990-cı ilin, səhv etmirəmsə, 22 yanvarında Qorbaçova ölüm hökmü elan edəndə onun portretini də, sovet Azərbaycanın bayrağını da otağımdan çıxardım. Sonra barmağımı çərtərək Qorbaçovun şəkildəki gözlərini qana boyayaraq onu İsmayıllının meydanına sancmışdım... Məni o vaxt işdən çıxardılar. Amma artıq 1991-ci ilin oktyabrından başlayaraq İsmayıllının da rəsmi qurumlarında üçrəngli bayraqlar qoyulmağa başlandı...
-Tahir müəllim, şükürlər olsun ki, bu gün Azərbaycan bayrağı şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına artıq Şuşada, Kəlbəcərdə, Qubadlıda, Laçın rayonunun əksər kəndlərində və s. dalğalanır? Bundan sonrakı arzunuz nədir bayrağımız haqqında?
-Bəziləri məni qınaya bilər... Bəziləri bayrağımızın Xankəndinə sancılmasını Şuşadan da üstün tuturlar, Xankəndi mərkəz olduğuna görə... Əlbəttə, mən də arzulayıram ki, Xankəndində də Azərbaycan bayrağı dalğalansın. Amma öncə Şuşada dalğalanmağını daha vacib hesab edirəm. Çünki Şuşanın qəlbimizdəki yeri ayrıdır, Şuşa yuxularımızın şəhəridir... Şuşa hər mənada ucadadır... Şuşanın bizim olmağı artıq həm hərbi-strateji, həm mənəvi-ideoloji, həm mədəni baxımdan bütün Qarabağın, o cümlədən Xankəndinin bizim olmağıdır. İnşallah, bu məsələ də tezliklə həllini tapar və Xankəndində, eləcə də Xocalıda, Qarabağın digər məkanlarında da bayrağımız ucaldılar. Buna mənim heç şübhəm yoxdur...
Yeri gəlmişkən, bir fikrimi də saytınız vasitəsilə çatdırmaq istərdim. Son günlər Türkiyə mediasında belə məlumatlar yayılır ki, guya türklər Suriyada Rusiyaya sərf etməyən məntəqələrə hücuma keçsə, ruslar da Qarabağda ermənilərlə bərabər hücum edib Şuşanı alacaqlar. Amma ruslar da, ermənilər də onu bilməlidirlər ki, bundan sonra biz ölərik, amma canımız bahasına da olsa, bayrağımız sancılan Şuşanı əldən vermərik. Üçrəngli bayrağımızın Şuşada bir daha yerə düşməsinə, yenilməsinə imkan vermərik... Yeri gəlsə, bütün Azərbaycan xalqı Qarabağa axışıb imperiya ilə mübarizə aparacağıq, qoy 20 Yanvarda kimi tanklarıyla üstümüzə gəlsinlər, hamımızı qırsınlar, amma Şuşanı əldən vermək yoxdur. Rusiya bunu bilməlidir...
Onu da bilirik ki, bu mübarizədə qardaş Türkiyə yenə də yanımızda olacaq. Ümumiyyətlə, Türkiyənin bizə dəstəyi bütün xalqımız kimi məni də çox sevindirir və ruhlandırır...