Şuşaya bir nəfəs qədər yaxınıq - Müsahibə

11:39 05.11.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ordusunun cəbhədə həyata keçirtdiyi uğurlu hərbi əməliyyatlar və hər gün yeni yaşayış məntəqələrimizin işğaldan azad edilməsi düşməni tamamilə küncə sıxışdırıb. Artıq Ermənistan tərəfi, separatçı rejimin rəhbərliyi Azərbaycan Ordusunun Şuşaya çox yaxınlaşdığını açıq şəkildə bəyan edirlər. Təşviş içərisində Şuşanın "müdafiəsi" üçün çağırışlar səsləndirilir.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmasa da, Türkiyə mətbuatının yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkənin keçmiş baş naziri Binəli Yıldırımla görüşdə "Artıq Şuşaya bir nəfəs qədər yaxınıq" deyib. 

Tanınmış Qarabağ qazisi, 1991-1992-ci illərdə Şuşanın müdafiəsi döyüşlərində iştirak etmiş istefada olan kəşfiyyat polkovniki Azay Kərimov “Həftə içi” qəzetinə müsahibəsində  Şuşanın, Laçının azad olunması üçün  səbirsizlənən bəzilərinə o yerlərin relyef xüsusiyyətləri baxımından həmin rayonlar uğrunda döyüş əməliyyatlarının taktiki xüsusiyyətlərini izah etməyə çalışıb, işğaldan azad ərazilərdə yaradılacaq müvəqqəti komendantlıqlar barədə təkliflərini verib.

- Azay bəy, bilirik ki, son bir ayda, nəinki hərbçi, komandir, bir qarabağlı, şuşalı kimi də Müzəffər Ordumuzun Şuşanı azad edəcəyi günlərin həyəcanı ilə yaşayırsınız. Onu da gözəl bilirsiniz ki, o yerlərdə, o relyef, iqlim şəraitində döyüş əməliyyatları aparmaq bəzilərinin düşündüyü kimi, heç də asan bir iş deyildir. Bu baxımdan, keçmiş bir kəşfiyyat polkovniki olaraq və o yerlərə qarış-qarış bələd olan birisi kimi, Şuşa uğrunda aparılan hərbi əməliyyatların xüsusiyyətləri haqda danışmanızı istərdik...  

- Öncə deyim ki, bu saat öndə Şuşa-Laçın, Kəlbəcər və s. istiqamətlərdə savaşan Azərbaycan əsgəri ilə çiyin-çiynə vuruşmaq həvəsi ilə içim göynəyir. Şuşadan, Malıbəylidən, Quşçulardan olan bütün dost-tanış zəng edir, yazır ki, nə oldu, komandir, təşkil elə, birgə gedək torpaqlarımızın, Şuşanın azadlığı uğrunda döyüşək. Təəssüf ki, belə bir səlahiyyətim yoxdur, yoxsa bir anda Bakıda oturmaram.  Özüm də istərdim ki, o torpaqlara yaxşı bələd olan, neçə onillik döyüş və hərb təcrübəsi olan biri kimi orada döyüşən hərbçilərimizə, az da olsa, köməyim dəysin. Mən və mənim kimi Şuşadan, Laçından olan keçmiş tanınmış Qarabağ qaziləri, “Laçın dəhlizi” deyilən ərazini də, Şuşa və ətrafındakı yüksəklikləri də əllərinin  içi kimi tanıyırlar. Ən azı, kəşfiyyat, bələdçilik və s. işlərdə ordumuza dəstək verə bilərik. Bu məqsədlə dəfələrlə səfərbərlik məntəqəsində olub məni də döyüşə aparmaları üçün nəinki xahiş etmişəm, yalvarmışam da... Deyiblər ki, hələ ehtiyac yoxdur, olanda xəbər edəcəyik. Təbii ki, bizlər də vahid komandanlığın əmrinə tabe olaraq gözləmək zorundayıq... 

Yenə də qəzetiniz vasitəsilə  ehtiyatda olan bir kəşfiyyat polkovniki kimi, Ali Baş Komandana, Müdafiə Nazirliyinə müraciət edirəm ki, bizləri dəvət edib bilik, təcrübə və bacarığımızı torpaqlarımız azadlığı yolunda sərf etməyimizə şərait yaratsınlar.

Şuşa uğrunda əməliyyatlara gəldikdə, bu qədim və gözəl Azərbaycan şəhəri dəniz səviyyəsindən 1500-1700 metrədək yüksəklikdə yerləşməklə, üç tərəfdən sıldırım qayalıqlarla əhatə olunmaqla çox strateji bir məkandadır. Bu, o demək deyil ki, həmin şəhəri erməni terrorçu birləşmələrindən  təmizləməyin yolu yoxdur. Təbii ki, öncə Şuşanı mühasirəyə almaq gərəkdir. Sadəcə, bunun üsullarını, Şuşanı azad etməyin yollarını burada açıqlayıb düşməni ayıq salmaq istəmirəm...

Ermənilər 1991-1992-ci illərdə Şuşanın işğalını asanlaşdırmaq üçün Kərkicahan qəsəbəsi yaxınlığındakı yüksəkliklərə  tank, avtomobil yolları açaraq oralara artilleriya qurğuları da yerləşdirdilər.  Məqsəd o idi ki, Şuşadan da, Topxanadan da yüksəkliyə qalxaraq Şuşanı ovuclarının içi kimi görərək ona nəzarət etsinlər. Eyni məqsədlə  Mıxitərkənddən  yaxınlıqdakı yüksəkliklərə də yol çəkdilər...

Bu saat ordumuz üçün yaxınlığında 1 975 metrlik yüksəklik olan Qırmızı Bazar qəsəbəsini də azad etmək vacibdir. Oradan da Şuşa əliçi kimi görünür. Eyni zamanda həmin  yüksəklikdən Laçın dəhlizini də nəzarətdə saxlamaq mümkündür. Füzulidən Qırmızı Bazara, oradan da Şuşaya birbaşa yol var...

- Şuşa yaxınlığında ermənilərin hansı strateji obyektləri ola bilər?

- Onu bilirəm  ki, Şuşanın 2 kilometrliyində yerləşən Malıbəyli kəndində vaxtilə 15-16  böyük mal ferması, 7  məhsul anbarı, neçə-neçə yeraltı taxıl anbarları olub. Atam orada sovxoz direktoru işlədiyi üçün bunları yaxşı bilirəm. İşğaldansonrakı illərdə orduda olduğum müddətlərdə əldə etdiyim kəşfiyyat məlumatları əsasında da hesab edirəm ki, ermənilərin orada böyük silah-sursat və ərzaq anbarları yerləşir. Yəqin ki, ordumuz da bu haqda məlumatlıdır və bəlkə də oradakı anbarları məhv ediblər. Etməyiblərsə də, təcili bunu etmək lazımdır...

Müharibədə əsas məsələ qüvvələri parçalamaqdır. Düşmən onsuz da param-parça olub. İnşallah, ordumuz taktiki gedişləri ilə ermənilərin şimal və cənub istiqamətindəki güclərini daha da parçalayaraq Şuşanın, Laçının da, Xankəndinin də, Kəlbəcərin də  və s. azadlığına nail olacaqdır...

- Siz keçmiş sovet hərbi məktəbini keçərək SSRİ ordusunda da  xidmət etmisiz. Keçmiş sovet ordusu, Azərbaycan ordusu  və Ermənistan ordusunun dinc əhaliyə qarşı münasibət baxımından fərqləri nədədir?

- Təbii ki, çox böyük fərqlər var... Sovet dövründə Kiyev Ali Ümumqoşun Komandirlər  Məktəbində  təhsil alarkən sovet, rus komandirləri, generalları hərbi döyüş taktikası və kəşfiyyat dərslərində biz kursantlara -gələcək zabitlərə açıq şəkildə deyirdilər, təlimat verirdilər ki, müharibə zamanı sonradan arxadan sizə problem olmaması məqsədilə  qarşıda 300 metrədək məsafədə olan  bütün hərəkət edən texnika, canlı nə varsa; kişi, qadın, hətta uşaq olmasını fərq etmədən hamısını məhv edin. Ona görə ki,  bu gün onları salamat buraxsanız, sabah onlar sizi məhv etməyə çalışacaq. Bu gün sən onlara rəhm etsən, sabah onlar sənə rəhm etməyəcək. Deyirdilər ki, hətta itləri də məhv edin, çünki düşmənin xüsusi əhlilləşdirilmiş itləri  də ola bilər.  Bizə təlqin edirdilər ki, müharibənin qanunu, qaydası belədir.  1990-cı illərdən – 1-ci Qarabağ savaşından bəri hamımız şahidiyik ki, bizə qarşı terror müharibəsi aparan ermənilər məhz bu taktikadan istifadə edirlər. Bunun ən bariz nümunəsini Xocalıda, Qaradağlıda, Ağdabanda və s. gördük. Biz, Azərbaycan Ordusu, Azərbaycan hərbçisi, əsgəri, çavuşu, zabiti, generalı bu üsulla savaşmaqdan tamamilə uzağıq. Qəsbkar, terrorçu ermənilər isə bu amildən, bu insanlığımızdan, bu rəhmdilliyimizdən bizə qarşı  sui-istifadə edirlər. Yəni, bizim döyüş meydanında qarşımıza çıxarkən öldürmədiyimiz erməni dığaları, uşaqları, hətta qadınları sonradan bizə qarşı müxtəlif təxrubatlar törədir, hərbi əməliyyatlarımıza əngəl olmağa çalışırlar. 1990-cı illərdə bizim öldürmədiyimiz erməni oğlan uşaqlarını Azərbaycana, Türkiyəyə qarşı nifrət hissi ilə böyüdərək bu gün əllərində silah bizə qarşı, həm də nəinki döyüş meydanındakı hərbçilərimizə, dinc əhalimizə, körpələrimizə, uşaqlarımıza,  qadınlarımıza, qocalarımıza qarşı döyüşən terrorçuya çeviriblər... Çox təəssüf ki, bu bir acı gerçəklikdir...

- Azay bəy, bildiyiniz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılması haqda fərman imzalayıb. Bu işlərin icrası Daxili İşlər Nazirliyinə tapşırılıb. Siz eyni zamanda 1990-1991-ci illərdə, yəni artıq erməni ekstremistləri və terrorçularının  dinc əhaliyə qarşı fəalliyətə başladığı təhlükəli bir dövrdə  Şuşa polisində də çalışmısız. Bu baxımdan hazırda azad olunmuş, amma hələ də təhlükə tam sovuşmamış ərazilərdə xüsusi komendant vəzifəsini üzərinə götürən şəxslər hansı təcrübə və keyfiyyətlərə malik olmalıdır?   

- Yəqin ki, Ali Baş Komandanın  Müzəffər Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə müvəqqəti komendantlıqlar yaradılması haqda fərmanının icrasını həyata keçirən  müvafiq orqanlar dediyim aspektləri nəzərə alıblar.  1-ci Qarabağ savaşını keçmiş bir hərbçi kimi hesab edirəm ki, işğaldan azad edilmiş yaşayış məntəqələrimizə müvəqqəti komendant, eləcə də onların tabeliyində olan  əsas  vəzifələrə  1990-cı illərin müharibəsində iştirak etmiş indiki və ya keçmiş polis  və ordu zabitləri təyin olunsa, yaxşı olar. Həmin şəhər, rayon, qəsəbə və kəndlərimizin böyük əksəriyyəti  son 30 ilə yaxın bir dövrdə ermənilər tərəfindən tamamilə dağıdılıb və hazırda infrastrukturu bərpa edilməyib,  minalardan tam təmizlənməyib. Üstəlik,  torpaqlarımız tam azad olunmadam həmin ərazilər hələ də düşmənin artilleriya hücumlarının hədəfi ola bilər, eləcə də  o yerlərə erməni kəşfiyyat və ya diversiya qruplarının nüfuz etməsi  ehtimalı da  mövcuddur. Bu baxımdan, o rayon və  məntəqələrin komendantları və onların müavin, yaxud köməkçilərinin təcrübəli, hər bir ekstremal vəziyyətə hazır, müxtəlif növ silahlarla, o cümlədən minalarla davranmağı bacaran, artilleriya, yaxud aviasiya hücumlarından necə qorunmağı və s. bilən, nizam-intizam qaydalarına ciddi əməl etməyə vərdiş etmiş şəxslər olmasının böyük əhəmiyyəti var...

İnşallah, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan tam azad edər və artıq həmin bölgələrdə müvəqqəti yox, daimi idarəçilik bərqərar olar və o torpaqların əsl sahibləri olan bizlər o yurdlarda xoşbəxt, firavan bir həyat qurarıq...