Tacik işçilər Rusiyanı kütləvi şəkildə tərk edirlər

09:30 01.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın əmək və məşğulluq nazirinin müavini Şahnoza Nodiri bildirib ki, minlərlə əmək miqrantının Rusiyanı tərk etməsi Moskvada baş verən faciəvi terror hadisələrindən sonra başlayıb.

Hafta.az-ın yazdığına görə, Crocus Konqres Binasına edilən terror aktının Tacikistan vətəndaşlarına qarşı mənfi münasibət yaratdığını bildirən tacik rəsmi deyib ki, təzyiqlərə məruz qalmağa başlayan əməkçi miqrantlardan Tacikistanın Əmək Nazirliyinə çox sayda şikayət daxil olub.

Nodiri bu hadisənin müvəqqəti olduğuna inandığını, təxribat xarakterli hallara qarşı diqqətli davranmaq lazım olduğunu bildirib.

O əlavə edib ki, Tacikistanın Əmək Nazirliyinə hədə və təhqiredici zənglər və elektron məktublar daxil olub.

Nodiri ümidvar olduğunu bildirib ki, miqrant axını müvəqqətidir. O, hazırda vəziyyəti izlədiklərini və gələcəkdə qayıdanlardan daha çox insanın işləmək üçün Rusiyaya gedəcəyinə inandıqlarını deyib.

Martın 22-də Crocus Konqres binasına edilən terror aktında 144 nəfər ölüb, 500-dən çox insan yaralanıb.

Cinayət işi çərçivəsində 11 nəfər saxlanılıb. Hücumu törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşlarının da olduğu 4 terrorçu məhkəmə tərəfindən saxlanılaraq həbs edilib.