Tacikistan lideri xalqa səsləndi: "İki illik ərzaq ehtiyatı yığın"

09:49 31.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tacikistan prezidenti Emoməli Rəhman bildirib ki, ölkədəki bütün vətəndaşlar iki il ərzində kifayət qədər ərzaq ehtiyatı saxlamalıdırlar.

Hafta.az-ın yazdığına görə, Rəhmanın açıqlamaları bir neçə gün öncə ənənəvi Səda bayramı zamanı verilib.

Tacikistan lideri deyib: “Vurğulayıram ki, ölkədə hər bir ailə iki il ərzində kifayət qədər ərzaq ehtiyatına malik olmalıdır”.

Rəhman öz tövsiyələrini iqlim böhranı, əhali artımı və gözlənilməz qlobal ərzaq tədarükünün yaratdığı təhlükələrə əsaslandırıb.

Tacikistan lideri daha əvvəl də oxşar tövsiyələr verərək vətəndaşlardan ərzaq ehtiyatı saxlamağı xahiş etmişdi.

Rəhman çıxışında Tacikistan vətəndaşlarının bu qədər qidanı necə əldə edib saxlayacağı ilə bağlı heç bir təklif irəli sürməyib.

Tacikistanda orta əməkhaqqı 130 dollar civarındadır və bir çox ailə üzvləri yaşayış xərclərinin öhdəsindən gəlmək üçün Rusiyada mövsümi işçi kimi çalışırlar.

Emoməli Rəhman 2022-ci ildə oxşar bəyanatla çıxış edərkən, ölkənin “Asia-Plus” qəzeti iki illik qidanın necə yığıla biləcəyi barədə məlumat vermişdi. Qəzetin araşdırması nəticəsində məlum olub ki, 5 nəfərlik ailənin 5 aya yetəcək qidasının çəkisi 1,4 ton olacaq.

Eurasia.net-ə danışan tacikistanlı iqtisadçı iddia edib ki, əgər ictimaiyyətin böyük təbəqələri Rəhmanın tövsiyələrinə əməl etsələr, ərzaq bazarında xaos yaranacaq.

İqtisadçı, "Təsəvvür edirsiniz, 10 milyon insan iki illik ərzaq almaq üçün bazarlara qaçır? Satıcıların anbarlarında iki il o yana, heç iki aya yetəcək qədər ehtiyat yoxdur. Belə olan halda bazar rəfləri tez boşalacaq və qiymətlər dərhal kəskin artacaq” deyib.

Pandemiya dövründə bütün dünyada olduğu kimi, Tacikistanda da ərzaq ehtiyatlarına meyl artıb və nəticədə bəzi məhsulların tapılması çətinləşib. Həmin vaxt 50 kiloqram unun qiymətinin 25 dollardan 100 dollara qalxdığı ölkədə hökumət bəyanat verərək, camaatı təşvişə düşməməyə çağırmışdı.