Tailand Ukrayna müharibəsinə etiraz edən rusiyalı "Bi-2" rok qrupunun üzvlərini vətənə qaytarmağı planlaşdırır.
Hafta.az-ın yazdığına görə, yanvarın 26-da “Bi-2”nin Facebook səhifəsində yayımlanan paylaşımda qrup üzvlərinin icazəsiz konsert keçirdikləri üçün Fuket şəhərində saxlanıldığı bildirilib.
Qrup üzvləri bütün konsertlərinin qaydalara uyğun keçirildiyini iddia edərkən, ümumilikdə 21 min Tailand Bahtı cərimə ödədiklərini bildiriblər.
Bununla belə, ABŞ-da yerləşən Human Rights Watch (HRW) təşkilatından Sunay Fasuk verdiyi açıqlamada qrupun 7 üzvünün hamısının cərimə ödədikdən sonra paytaxt Banqkokdakı İmmiqrasiya Təcridxanasına köçürüldüyünü bildirib.
Sunay burada musiqiçilərin nəzarətdə saxlanıldığını və Tailandın sənətçiləri ölkələrinə deportasiya etməyi planlaşdırdığını deyib.
"Banqkok heç bir halda musiqiçiləri Moskvaya təhvil verməməlidir. Bu, həm beynəlxalq, həm də Tailand qanunvericiliyinin pozulması olardı", - HRW üzvü deyib.
Banqkok polisindən Pakpum Rojanavipak bildirib ki, musiqiçilərdən 5-nin Rusiya pasportu var. Qrupun yaradıcıları Aleksandr Uman və Yeqor Bortnik də İsrail vətəndaşlarıdır.
Polis həmçinin Böyük Britaniyanın ictimai yayımçısı BBC Bortnik-in Avstraliya pasportuna malik olduğunu və ora deportasiya oluna biləcəyini bildirib.
Digər tərəfdən, proseslə bağlı məlumatı olduğunu bildirən və adının açıqlanmasını istəməyən mənbə “The Guardian”a bildirib ki, musiqiçilər Rusiyanın Fuketdəki baş konsulu Vladimir Sosnovun əmri ilə saxlanılıb. The Guardian iddianın hələ təsdiqlənmədiyini də bildirib.
“Bi-2” sosial mediada Ukrayna müharibəsinə qarşı çıxan paylaşımları və Rusiya prezidenti Vladimir Putini tənqid edən mahnıları ilə diqqət çəkib. Kreml may ayında Bortniki “xarici agent” elan edib.
HRW-nin Asiya direktoru Elayn Pirson da Banqkok administrasiyasını sənətçiləri azad etməyə çağırıb.
Sənətçilərin deportasiya ediləcəyi ilə bağlı iddialarla bağlı Tailand hələlik açıqlama verməyib.