Tarixi məscidin xarabalıqları üzərində hindu məbədi

10:42 24.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, bazar ertəsi günü Hindistanın baş naziri Narendra Modi Ayodhya şəhərində tarixi məscidin xarabalıqları üzərində tikilmiş məbədin açılışını edib. Modi bu hadisəni Hindistan üçün “yeni dövrün” başlanğıcı kimi qiymətləndirib. Baş nazirin hindu milliyətçiliyi siyasətlərinin qələbəsini simvolizə edən bu mərasim seçki kampaniyasının başlanğıcı kimi planlaşdırıldığı halda, mərasim onun əleyhdarları tərəfindən reaksiya ilə qarşılanıb.

Hafta.az-ın yazdığına görə, Modi mərasimdəki açıqlamasında "Ölkənin köləlik zəncirlərini qıraraq, keçmişdən dərs almalı və ayağa qalxmalıyıq. Yalnız xalqlar tarixi bu şəkildə yaradır" deyib.

Modi hindu tanrısı Rama həsr olunmuş məbəddə çıxış edib. Bu məbəd əsrlər boyu mövcud olan məscidin yerində tikilib və 1992-ci ildə Hindistanın Bharatiya Janata Partiyasının üzvlərinin təhriki ilə məscid hindu yaraqlıları tərəfindən dağıdılıb. Bu hadisə müstəqillik əldə etdikdən sonra ən şiddətli dini iğtişaşlardan birinə səbəb olub. Bu qiyamda əksəriyyəti müsəlman olan 2 min insan həlak olub və hadisə Hindistanın dünyəvi siyasətini də sarsıdıb.

Modi həmçinin "22 Yanvar 2024-cü il sadəcə təqvim günü deyil, yeni bir dövrün başlanğıcını müjdələyir. Şahid olduğumuz şey Ramın ən yüksək nemətləridir" deyib.

Modinin rəhbərlik etdiyi Bharatiya Janata Partiyası “Ram Mandir” məbədinin açılışını “Hindu millətçiliyinin siyasi qüvvə kimi hakim olmaq səylərində tarixi bir məqam” kimi qiymətləndirib.