“Tayvan müdafiə istəyirsə, ABŞ-a pul ödəsin” – Donald Tramp

09:15 18.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, əgər Tayvan Çindən müdafiə olunmaq istəyirsə, bunun üçün ABŞ-a pul ödəməlidir.

Hafta.az-ın yazdığına görə, “Bloomberg”ə verdiyi müsahibədə Tramp ABŞ-ın Tayvan məsələsində “sığorta şirkəti kimi işləyərək” ölkəni Çinə qarşı qoruduğunu, lakin Taypey administrasiyasının “qarşılığında heç nə vermədiyini” bildirib.

Vaşinqton administrasiyası indiyədək Pekinin mümkün hücumlarına qarşı Tayvana milyardlarla dollarlıq müdafiə dəstəyi verib.

Bununla belə, Trampın açıqlamaları noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Taypey administrasiyasına dəstəyi kəsmək ehtimalını da gündəmə gətirib.

“Əgər mən Tayvanın yerində olsaydım, özümü çox təhlükəsiz hiss etməzdim” deyən Tramp, ölkənin ABŞ-da demək olar ki, bütün yarımkeçirici çip sənayesini ələ keçirdiyinə dair tənqidini təkrarlayıb.

Dünyanın ən qabaqcıl yarımkeçirici çiplərinin ən azı 90 faizi Tayvanda istehsal olunur. Taiwan Semiconductor Manufacturing, Apple və Nvidia kimi nəhənglərin əsas təchizatçısıdır. Şirkət ABŞ-ın Arizona ştatında üç obyektə təxminən 65 milyard dollar sərmayə qoymuşdu.

Trampın açıqlamalarına cavab olaraq Tayvanın baş naziri Ço Junq-tai “ABŞ-a dəstəyinə görə minnətdar olduqlarını və ikitərəfli münasibətlərin qorunması üçün çox çalışdıqlarını” bildirib.

"Tayvan və ABŞ Tayvan boğazının Hind-Sakit okean bölgəsində ortaq məsuliyyəti bölüşür. Biz özümüzü müdafiə etmək və təhlükəsizliyimizi qorumaq üçün daha çox şey etməyə hazırıq", - Ço deyib.

Digər tərəfdən, Trampın vitse-prezidentliyə namizədi J.D.Vance dünən verdiyi açıqlamada "ABŞ üçün ən böyük təhlükəsizlik təhdidinin Çindən gəldiyini" deyib: "Özünüzə bu sualı verməlisiniz: Avropada Çinə qarşı sərt davranmaq daha çəkindirici olacaqmı, yoxsa Tayvanı işğal etməsinə mane olacaqsınız? Bunun üçün lazımlı silahlarımız var”.