İcbari Tibbi Sığortaya keçidlə əlaqədar elə İTS və TƏBİB kimi bəzi yeni qurumlar yaradıldı. Beləcə Səhiyyə Nazirliyinin funksiyalarının böyük bir hissəsi həmin qurumlara verildi. Prinsipcə bu olduqca normaldır.
Bu fikirləri hafta.az-a səhiyyə sistemindəki qarışıqlığı şərh edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, TƏBİB keçid dövrü üçün nəzərdə tutulan orqandır. Təəssüflər olsun İcbari Tibbi Sığortaya keçid dövrü koronavirusun başlanması ilə üst-üstə düşdü:
“Bu səbəbdən müəyyən qədər qarışıqlıq baş verdi. Hazırda səlahiyyətlərin tam bölgüsü əhalinin böyük bir kütləsinə məlum deyil. Elə sizin də dediyiniz kimi, indi səhiyyə sistemində qarışıqlıq var. Hesab edirəm ki, bu pandemiya ilə əlaqədar məsələdir. Fikrimcə bütövlükdə “yük”ü Operativ Qərargah öz üzərinə götürməlidir. Səlahiyyət bölgüsünü də Operativ Qərargah müəyyənləşdirib, vaxtaşırı əhalini bu barədə məlumatlandırmalıdır.
Pandemiya və ya hər hansı epidemiya şəraiti fövqaladə vəziyyət sayılır. Fövqaladə vəziyyət rejimində işləyəndə adi həyat tərzindən fərqli situasiya yaranır. Fikrimcə belə bir qarşıqlığın olmaması əhalini haqlı olaraq narahat edir. Bu gərginliyin aradan qaldırılması üçün, həm TƏBİB, həm İcbari Tibbi Sığorta Agentliyi, həm də Səhiyyə Nazirliyi gecə-gündüz çalışmalıdırlar. "Bu mənim səlahiyyətimdə deyil", "Bu məndən alınıb" kimi arqumentlərin heç bir faydası yoxdur”.