TƏBİB-in, İcbari Tibbi Sığorta Agentliyinin və Səhiyyə Nazirliyinin əlaqələrinin daha funksional və daha səmərəli olması üçün addımlar atılacaqdır. Gələcəkdə TƏBİB-in Səhiyyə Nazirliyində və İcbari Tibbi Sığorta Agentliyində qalması məsələsinə gəldikdə, mən bu barədə əvvəllər də öz fikrimi söyləmişəm.
Bu fikirləri hafta.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib:
"İslahatlar dövründə TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyinin tərkibində yaranması tamamilə məntiqli idi. Yəni köhnə səhiyyə modelinin içərisində yeni bir model qurmaq mümkün deyildi. Amma islahatlar başa çatdıqdan, xüsusən koronavirus pandemiyası bitdikdən sonra, müəyyən vaxtdan sonra TƏBİB-in ya ayrıca bir funksional qurum olaraq, yaxud da Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərməsi daha məntiqlidir. İcbari Tibbi Sığorta Agentliyi sifariş verən bir qurumdur. Tibbi xidmətlərin həyata keçirilməsini maliyyələşdirən bir qurumdur. Adətən, sifariş verən qurumla icraedici qurum bir əldə birləşəndə burada keyfiyyət arzuedilən səviyyədə olmur. Bu, gələcəyin işidir. Bu gün səhiyyə qarşısında duran böyük perspektivlər, eyni zamanda, böyük çağırışlar var".