Tehran əhalisinin 99 faizi depressiyadadır

10:45 09.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tehran Şəhər Araşdırmaları və Planlaşdırma Mərkəzinin ötən il keçirdiyi "Tehranın 22 rayonunda şəhər canlılığı; Qiymətləndirmə və Tövsiyələr" adlı araşdırmanın təfərrüatları dərc edilib.

Hafta.az-ın "Donyae-eqtesad" xəbər saytına istinadən yazdığına görə, araşdırmada paytaxtda yaşayanların 99,7 faizi “şəhərin xaotik vəziyyəti”, “əyləncə üçün yerlərin azlığı”, “parkların əlverişsiz durumu”, “zibil qablarının nizamsızlığı”, “nəqliyyat vasitələrinin səkilərdə saxlanması və gəzinti yerlərinin məhdudlaşdırılması” kimi suallarla bağlı narazılıqlarını və “depressiyaya düşdüklərini” bildirib.

Yaşayış keyfiyyəti aşağı olan əhalinin 80,8 faizini təşkil edən şəhərdə həyat keyfiyyəti orta olanlar 18,9 faizdir. Bildirilir ki, yalnız 0,3 faiz “enerjili” seqmentdir ki, bu da yaxşı standartlara malik, şən, canlı və enerjili olmaq deməkdir.

Həyat keyfiyyətinin "ən aşağı" olduğu bölgələr şəhərin cənubunda 11, 12, 16, 19 və 20-ci rayonlar, şimalda 3, 5, 8 və 22-ci rayonlar isə "orta səviyyə" olaraq qeydə alınıb. Araşdırmada 0,3 faizin hansı bölgələrdə yerləşdiyi barədə məlumat verilməyib.

Sözügedən araşdırmada şəhərin əsas yükü olan havanın çirklənməsi və nəqliyyat problemlərinin nəzərə alınmadığı görüldü.

İranlı şəhər sosiologiyası eksperti Hüseyn Eymani Cacermi Tehranda həyat keyfiyyətinin yaxşılaşdırılması üçün kifayət qədər infrastruktur işlərinin aparılmamasını tənqid edib. O, "Araşdırmanın nəticələri həqiqəti əks etdirir. Çünki investisiyalar yaşayış sahələrini yaxşılaşdırmaq üçün yatırılmır" deyib.

Tehranda insanların yaxşı vaxt keçirə biləcəyi sosial sahələrin olmamasından şikayətlənən iranlı ekspert bu vəziyyətin də evlənməyə və uşaq sahibi olmağa marağın azalmasına səbəb verdiyini bildirib.