Çinin Vaşinqtondakı səfiri Xie Fing, son aylar çinli tələbələrin ABŞ-a girişində yaşadıqları çətinliklərdən narahatlığını ifadə edib.
Hafta.az-ın yazdığına görə, səfirliyin internet saytında dərc olunan bəyanatında səfir Xie bildirib ki, son bir neçə ayda onlarla çinli tələbə hər dəfə Çinə gedib qayıdarkən ABŞ-a girişinin qarşısı alınır. Bu, qəbuledilməzdir.
Sərhəd nəzarətində tələbələrlə pis rəftara toxunan Xie, "Tələbələr hava limanına enərkən 8 saata qədər davam edən sorğu-suallarla qarşılaşırlar. Valideynləri ilə əlaqə saxlaya bilmirlər, onlara qarşı əsassız ittihamlar irəli sürülür və pis rəftar edilir. Hətta bəziləri deportasiya edilib və ölkəyə girişinin qarşısı birdəfəlik alınıb” deyib.
Digər tərəfdən, səfirlik başqa bir açıqlamada çinli tələbələrin paytaxt Vaşinqtondakı Dulles Beynəlxalq Hava Limanına gələrkən qarşılaşdıqları rəftara görə diplomatik kanallarla ABŞ-a etiraz etdiklərini bildirib.
Açıqlamada hava limanında tələbələrin elektron cihazlarının yoxlanıldığı, kənardan kiminləsə əlaqə saxlamalarının qarşısının alındığı, bəzi hallarda isə 10 saata qədər saxlanıldıqları, sərhəd nəzarəti əməkdaşlarının davranışı ilə akademikin fəaliyyətini pozduğu bildirilib. Bütün bunlar çinli tələbələrə ciddi psixoloji ziyan vurur.
Açıqlamada bu təcrübənin ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinin 2023-cü ilin noyabrında San-Fransiskoda keçirdikləri görüşdə iki ölkə arasında humanitar əlaqələri artırmaq üçün əldə etdikləri razılaşmaya zidd olduğu vurğulanıb.
Səfirlik çinli tələbələrə "sözügedən hava limanına gələrkən diqqətli olmaları" barədə xəbərdarlıq edib.
Xatırladaq ki, hazırda ABŞ-da 290 minə yaxın çinli tələbə təhsil alır.