Terrorçu məscidə hücum edəcəyini 4 il əvvəl bildiribmiş

09:15 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərindəki Nur və Linvud məscidlərində 51 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənin ibadət yerləri və məktəblər kimi “mühüm yerlərə hücum etmək istəməsi” ilə bağlı 4 il öncə paylaşımlar etdiyi ortaya çıxıb.

Hafta.az-ın “The Conversation”a istinadən yazdığına görə, adıçəkilən nəşr hücumu törədən Brenton Tarrantın “4chan” onlayn forumunda yazılarını araşdıran hesabatı yayımlayıb.

Hesabat çərçivəsində tədqiqatçılar onlayn mühitlərin "tək hərəkət edən terrorçuların radikallaşması"nda rolunun Tarrant üzərindəki təsirini qiymətləndiriblər.

Hesabatda Tarrantın 2019-cu ildə Kraystçörç hücumlarından təxminən 4 il əvvəl etdiyi paylaşımlarda ibadət yerləri və məktəblər kimi "vacib yerlərdə" müxtəlif irqlərdən olan insanlara hücum etmək istədiyini ifadə etdiyi ortaya çıxıb. Hesabatda Tarrantın 2018-ci ilin mart və avqust aylarındakı yazılarında onun müsəlman icmasına nifrətinə və bir növ hücum təşkil etmək niyyətinin artmasına dair açıqlamaların yer aldığı və terrorçunun kiçik yaşayış məntəqələrində məscidlərə qarşı zorakılıq hərəkətlərini qiymətləndirdiyi bildirilib.

Xəbərdə Tarrant məscidə hücumla hədələyən yazıya “Tezliklə” sözləri ilə cavab verib.

Bildirilib ki, Tarrantın şəxsiyyətini müəyyən etmək üçün onlayn forumdakı anonim yazılarının tarixi, vaxtı və yeri araşdırılıb.

Yeni Zelandiya Kral Komissiyasının 2020-ci ildə dərc edilən bu terror hücumları ilə bağlı hesabatında Tarrantın "həddindən artıq sağçı müzakirə saytlarından" istifadə etmədiyini söyləyib. Bununla belə, həmin hesabatda hücumçunun “4chan və 8chan” adlı forumlardan istifadə etdiyi, burada “ifrat sağçı” müzakirələrin aparıldığı bildirilib.

15 mart 2019-cu il tarixində Yeni Zelandiyanın Kraystçörç şəhərindəki Nur və Linvud məscidlərində Brenton Tarrant adlı terrorçu cümə namazı zamanı terror aktı törədib.

Hücumdan əvvəl Yeni Zelandiyanın Dunedin şəhərində kirayə qaldığı evdə məskunlaşan və oradakı poliqonlarda hədəf atəşi tətbiq etdiyi ortaya çıxan avstraliyalı terrorçu Tarrant iki məsciddə namaz qılan müsəlmanlara avtomat silahlarla hücum edib.

Hücumda qadın və uşaqların da olduğu 51 nəfər həyatını itirib, 2-si Türkiyə vətəndaşı olmaqla 49 nəfər yaralanıb.

Hücumu sosial media hesabından canlı yayımlayan və “ağ irqin üstünlüyünü” təbliğ edən ifrat sağçı terrorçu hücumdan dərhal sonra polis tərəfindən yaxalanıb.

Tarrant 2020-ci ildə Kraystçörç Ali Məhkəməsində 51 qətl, 40 ayrı-ayrı adam öldürməyə cəhd və terror cinayətində təqsirli bilinərək şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum edilib.

Terror aktına sərt reaksiya verən və heç vaxt terrorçunun adından istifadə etməyən Yeni Zelandiyanın keçmiş baş naziri Casinda Ardern hücumu “Bu gün Yeni Zelandiyanın ən qaranlıq günlərindən biridir” kimi qiymətləndirib.

Növbəti cümə namazı azanının dövlət televiziyasında canlı oxunmasını təmin edərək ölkədəki müsəlmanlara dəstək verən Ardernin başçılıq etdiyi İşçi Partiyası hökuməti ölkədə yarı avtomatik hərbi silahları yasaqlayan qanun qəbul etmişdi.

Oxunma sayı 160