“Tesla” təhlükəli tullantılara görə məhkəməyə verildi

09:57 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Elektrikli avtomobil nəhəngi “Tesla” təhlükəli tullantılarla bağlı qanunları pozduğuna görə məhkəməyə verilib.

Hafta.az-ın yazdığına görə, çərşənbə axşamı Kaliforniya ştatının 25 əyalətinin açdığı iddiada, texnologiya milyarderi İlon Maskın şirkətinin təhlükəli tullantıların daşınması və təsnifatı ilə bağlı əyalət qanunlarını pozduğu iddia edilib.

Regional prokurorların şikayətində “Tesla”nın ştatda ən azı 101 obyektində pozuntuların olduğu iddia edilirdi.

İddiaçılar obyektlərdəki boyaq maddələri, əyləc yağları, işlənmiş akkumulyatorlar, dizel yanacağı və antifrizlərin tullantıya çevrildiyi zaman düzgün təsnif olunmadığını əsaslandırıblar.

Həmçinin şirkətin bu tullantıları qanunla yasaqlı ərazilərdə qəsdən məhv etdiyi də iddia olunub.

Şikayətdə həmçinin iddia edilir ki, “Tesla” tullantıların təsnifatı və utilizasiyası ilə bağlı işçilərinə adekvat təlim verməyib.

“Tesla” hələlik hadisə və iddialarla bağlı açıqlama verməyib.

Ətraf mühit siyasəti üzrə ekspert Erik Riş, CNBC-yə məsələ ilə bağlı bunları deyib: "Avtomobil fabriki kimi mürəkkəb bir obyektdə vaxtaşırı pozuntular gözləmək olar. Lakin bu şikayətə görə, “Tesla” atdığı işlənmiş yağ, akkumulyatorlar və boya kimi tullantılar yeraltı sulara qarışa bilər. Şirkət avtomexanikdə işləyən hər kəsin etməli olduğu maddələrin təsnifatı və yoxlanılması kimi sadə işləri belə yerinə yetirmir".

Mask Kaliforniya əyalətindəki vergi tətbiqlərinə reaksiya verib və 2021-ci ildə şirkətin baş qərargahını Palo Altodan Texasa köçürüb. Qanunların pozulduğu iddia edilən obyektlər arasında şirkətin Kaliforniyanın Fremont bölgəsində açılan ilk elektrik avtomobil istehsal edən fabriki də var.

“Reuters”in məlumatına görə, “Tesla” Kaliforniya ştatının qanunlarına əsasən təhlükəli tullantıların atılması qaydalarının pozulduğu hər günə görə 70 min dollara qədər cərimələnə bilər.

“Tesla”, 2022-ci ildə Fremontdakı fabrikdə boya materiallarının yaratdığı hava çirkliliyinə qarşı tədbir görmədiyi səbəbiylə açdığı iddiada ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) ilə razılığa gəlib və 275 min dollar cərimə ödəyib.

Şirkət eyni obyektdə təhlükəli tullantılarla bağlı qanunlara əməl etmədiyi üçün 2019-cu ildə də məhkəməyə verilib. EPA ilə əldə edilən razılaşma çərçivəsində şirkət 31 min dollar cərimə ödəyib və obyektlərdə qanunlara riayət etmək üçün lazımi addımları atacağına söz verib.