Yaponiyadan olan dilçi alim Yuto Hişiyama tatar dilini öyrənərkən tanış olduğu İslam dinini qəbul edib.
Hafta.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
Yapon müəllim “İnstaqram” səhifəsində belə yazıb:
“Tatar papağını geyinib tatarların tikdirdiyi məsciddə İslamı qəbul etdim”.
Yuto 2014-cü ildə Kazanda keçirilən tatar dili və ədəbiyyatı üzrə II Beynəlxalq Olimpiadanın qalibi olub. Bununla bağlı o, Tatarıstan Prezidenti Rüstəm Minnixanovun əlindən mükafat - Kazan Federal Universitetinin magistraturasında təhsil almaq üçün sertifikat alıb və burada tatar dilini öyrənməyə davam edib. Olimpiadadan əvvəl gənc yapon tatar dilini Yaponiyada evdə kitab və internet vasitəsilə təkbaşına öyrənib. O, bu dildə radio dinləyib və tatar mediasını oxuyub. Həmin vaxt Yuto iki il yarım ərzində tatar dilini öyrənməklə məşğul olub.
O, tatar dili ilə yanaşı, türk dilini də bilir. Üstəıik, Kazanda yaşayarkən başqırd dilini də mənimsəyib.
2020-ci ildən gənc alim Tokio Xarici Dillər Universitetində türk dillərini tədris etməyə başlayıb.