Toylarda iştirakçıların vaksin və ya immun sənədlərinə malik olması şərtdir - İqtisadiyyat Nazirliyi

16:36 27.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət monitorinq qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, tədbirin keçirildiyi zalın girişində mərasimdə iştirak edəcək qonaqların COVID-19-a qarşı peyvənd edilməsi və ya immunitet sertifikatına malik olması barədə təsdiqedici sənədlərə malik olması vəziyyəti yoxlanılır. Monitorinq qrupları vətəndaşlara narahatlıq yaratmamaq üçün toyun keçirildiyi məkana mümkün qədər daxil olmamağa çalışırlar. Lakin, qoyulan tələblər kobud şəkildə pozularsa, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir. Bu günədək 1200-dək çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 145 minədək qonağın müvafiq sənədlərinə baxılıbb, onlardan 16 min nəfərində bu və ya digər nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyətinin 680 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 26-da keçirilən növbəti monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyən olunmuş qayda pozuntuları aşkarlanıb. Bunlara şənlik məclisləri barədə məlumatın müvafiq portalda əvvəlcədən (tədbirə 5 gün qalmış) qeydiyyata alınmaması, toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalaraq immunitetə malik olması haqqında, avqustun 1-nə tam vaksinasiya tələbi qoyulduğu halda, hələ də birinci dozanın vurulması haqqında vaksinasiya sertifikatının olmaması, toyların bir neçə zala bölünərək təşkil edilməsi yolu ilə dəvət olunanlarının sayının artırılması, zallardakı stolların sıx düzülüşü və sair aiddir. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbət aparıb və həll edilə bilən nöqsanlar aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları qaydalara uyğun toy təşkil olunan yeni ailə quranlara hədiyyələr təqdim ediblər.

Məkan və toy sahiblərinin nəzərinə bir daha çatdırılır ki, şənlik məclisləri barədə məlumatı müvafiq portalda əvvəlcədən və dəqiqliklə (tədbirin günü, başlama və bitmə saatı, iştirakçıların sayı) qeydiyyata salınmalı, zalların ölçüsünə uyğun qonaq qəbul edilməsinə xüsusi diqqət yetirilməlidir. Operativ Qərargahın qayda və tələblərinin pozulması halları aşkaralanarsa həm toyun, həm də obyektin sahibinə qarşı qanunvericiliyə uyğun inzibati cəza tədbirləri görüləcək. Bu cür halların baş verməməsi üçün məclis iştirakçılarının ən azı birinci doza üzrə vaksin qeydləri və ya immun sənədlərinə malik olması şərtdir. Tədbirlərdə qonaqların say məhdudiyyəti faktoru mütləq nəzərə alınmalıdır.

Oxunma sayı 870