Trampın İsrailə göndərdiyi MK-84 bombaları haqqında nə bilirik?

09:52 18.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın dövlət katibi Marko Rubionun İsrailə ilk səfərinə təsadüf edən gecə bu ölkəyə ağır bomba yükləri də çatdırılıb. İsrailin Müdafiə Nazirliyindən verilən açıqlamada, prezident Donald Tramp administrasiyasının bir müddət əvvəl göndərilməsinə əmr verdiyi MK-84 bombalarından bəhs edilərək, "Ağır hava bombalarından ibarət bir yük alındı" deyilir.

Hafta.az-ın yazdığına görə, fevralda Tramp administrasiyası Qəzza zolağında “Həmas”a qarşı müharibədə ABŞ silahlarından istifadə edən İsrailə 7,4 milyard dollar dəyərində bomba, raket və avadanlıq satışına icazə verib.

Qəzza zolağındakı müharibədə on minlərlə insan, o cümlədən çox sayda mülki vətəndaş həyatını itirdikdən sonra ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İsrailə ağır bombaların göndərilməsini dayandırsa da, Tramp vəzifəyə gəldikdən sonra yeni razılaşmanı təsdiqləyib.

MK-84 bombaları haqqında nə bilirik?

“Defensenews”un məlumatına görə, MK-84 ABŞ ordusunun MK-80 seriyalı bombalarının bir hissəsi olan, bu seriyanın ən böyüyü və ən ağırı olan, təxminən 907 kiloqramlıq yüksək partlayıcı təyyarə bombasıdır.

Bomba müxtəlif döyüş ssenariləri və hərbi əməliyyatlar üçün nəzərdə tutulub: Düşmən infrastrukturunu, bunkerlərini və digər hədəflərini məhv etmək üçün əhəmiyyətli partlayıcı güc təmin edir. Bomba qırıcı və ya bombardmançı təyyarələr tərəfindən aparılır.

MK-84-də 429 kiloqram partlayıcı maddə var. Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, bombanın partlaması nəticəsində yaranan təzyiq partlayış yerindən on metrlərlə uzaqdakı insanların ağciyərlərini parçalaya, sinuslara zərər verə və əzalarını kəsə bilər.

Təxminən 3,84 metr uzunluğu və 457 mm gövdə diametri ilə MK-84 davamlılığı təmin edən və partlayıcı gücünü artıran polad korpusa malikdir. Bombanın əsas təsirlərinə yüksək səviyyəli dağıntı və partlayış ziyanı daxildir, məhvedici radiusu 365 metrlik ölümcül məsafəyə qədər uzanır.

Zərbə baxımından bomba 15 düym (381 mm) metal və ya 11 fut (3,4 metr) dəmir-betondan nüfuz edə bilir və bu, bunkerləri, möhkəmləndirilmiş hərbi qurğuları məhv etmək üçün effektiv silaha çevrilir.

13 iyul 2024-cü ildə İsrail Xan Yunus düşərgələrində məcburi köçkünlərin çadırlarını bombalamaq üçün MK-84 bombalarından istifadə edərək onlarla fələstinlinin həyatına son qoyan qətliam törədib.

Keçən ilin oktyabr ayında “PLOS Global Public Health” jurnalında dərc edilən bir araşdırma, İsrail ordusunun Qəzza müharibəsinin ilk həftələrində Qəzza zolağındakı bütün xəstəxanaların çox yaxınına 907 kiloluq bomba atdığını ortaya qoyub.

İsrail bu bombadan Livanda “Hizbullah”a qarşı müharibəsində də istifadə edib. ABŞ rəsmiləri İsrailin 27 sentyabr 2024-cü ildə “Hizbullah” lideri Həsən Nəsrullahı öldürmək üçün bu bombadan istifadə etdiyini açıqlayıb.