Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatına çevrilməsi və təbii ki, parallel olaraq strukturlarını da bu ada uyğunlaşdırmağa başlaması türk millətinin nümayəndələri olaraq bizi qürurlandırır. Bilirik ki, bu gün qlobal siyasi mühüt sadəcə arxasında himayədarları olan ölkələrə xeyir gətirir, zəiflər və yaxud özünü qüvvəli hiss edib, amma tək qalanlar isə birmənalı şəkildə təzyiqlərə tab gətirmədən əyilməyə məcbur olur. Bu mənada Türk Birliyi türk millətinin sabahına təminat verən əsas faktordur.
Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universitetinin rektor əvəzi, professor Çingiz Tomarın sözlərinə görə, müstəqilliklərinin 30-cu ildönümünü qeyd edən türk dövlətləri və 2009-cu ildə qurulmuş Türk Şurasının bu qədər qısa müddətdə "Türk Dövlətləri Təşkilatı"na çevrilməsinin yaxın zamanlara qədər heç kim təsəvvür etmirdi. Amma XXI əsrdə iqtisadi mərkəzlərin Asiyaya köçdüyü bir dönəmdə, Avropa ilə Asiya arasındakı Böyük İpək Yolu güzərgahında yerləşən Türküstan coğrafiyası ilə Türkiyə və Azərbaycanın 2040-cı ilədək nəzərdə tutulan inteqrasiyası, hazırda 300 milyon nəfərlik əhaliyə və 4,5 milyon kvadratkilometrlik əraziyə, üstəlik də 2 trilyon dollarlıq iqtisadiyyata malik olan türk dünyasına XXI əsrdə çox böyük imkanlar yaradacaq.
“Şübhəsiz, Türk Dövlətləri Təşkilatının elan olunması çox böyük hadisədir – millətin öz tarixinə və soykökünə dönməyə başladığını göstərir. Heç kimə sir deyil ki, "Türk dilində danışan ölkələr", "Türk dilli xalqlar" və ya "Türkcə danışan xalqlar" kimi sözlər, vaxtilə Türküstan coğrafiyasını işğal edən Rusiyanın XIX əsrdə yaşayan məşhur türkoloqu Nikolay İlminskinin türk ləhcələrini fərqli dillərə ayırmaq məqsədilə türk xalqlarını bölərək ruslaşdırma fəaliyyətlərini yürüdən təlim metoduna əsaslanır. İstanbulda elan olunan Türk Dövlətləri Təşkilatı isə indiyədək işlədilən "Türkdilli xalqlar” və ya “Türkdilli ölkələr” terminlərini "Türk xalqları” və ya “Türk dövlətləri”ə çevimiş oldu” deyən professor Tomar AA-ya müsahibəsində qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) haqlı mübarizəsini dilə gətirməsi də siyasi baxımdan əhəmiyyətlidir. Təşkilata üzv ölkələr arasında ticarət həcminin arzulanan səviyyəyə yüksəldilməsi istəyi də başqa bir vacib məsələdir.
“Türk dünyasının birlik və bərabərliyi məsələsində çox önəmli xidmətləri olan Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevin "Bu zirvə ilə dünyadakı bütün qardaş xalqlarımıza, türk mədəniyyətinin yenidən canlanmağa başladığını və türk dövlətlərinin bir araya gələrək yeni gündəm maddəsini və idealogiyasını qurduqlarına dair mesajını göndərə bilərik" deməsi, zirvədə alınan qərarların ana fikrini yaradır. Zirvənin sonunda bəyan edilən sənəddə Azərbaycanın Qarabağ zəfərinin qeyd edilməsi və üzv dövlətlər tərəfindən alqışlanması, bundan sonra türk dövlətlərinin ünvanına yaranacaq təhdidlərə qarşı birlik göstəriləcəyi mənasını verir. Azərbaycan prezidenti İlham Əliyevin cənab Ərdoğanı türk dünyasının lideri adlandırması da çox böyük məna verir. Bundan başqa, ilk gündən Türk Şurasına üzvlük məsələsində ehtiyyatlı davranan Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədovun tarixi qərarların alındığı və sözügedən şuranın Türk Dövlətləri Təşkilatına çevrildiyi bu zirvəyə qatılması və Türkmənistanın da müşahidəçi üzv seçilməsi, türk dünyasının birlik və bərabərliyi baxımından ümidvericidir”, - deyib professor Ç.Tomar.
Müsahib deyir ki, Nursultan Nazarbayev tərəfindən başladılan və türk dünyasının inteqrasiyasına yardım edəcək "Türk dünyasının 2040-cı il hədəfləri”nin qəbulu, üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək yol xəritəsini cızacaq. Bu yol xəritəsi həyata keçirildiyi təqdirdə, türk dünyasının xüsusilə iqtisadi sahədə, iş birliyini gücləndirəcək.
“Hesab edirəm ki, "Türk Yatırım Fondu"nun qurulması iqtisadi mənada güc birliyi anlamına gəlir və bu, irəlidə daha böyük iş birliklərinin də xəbərçisidir. Üzv ölkələrin Kıprıs türk xalqıyla həmrəylik göstərməsi və Türkiyənin Kıprısın Türk Dövlətləri Təşkilatının strukturlarında iştiraka dəvət etməsi tələbinin qəbulu, Kıprıs türklərinə tətbiqlənən haqsız təcridin qırılması və daha irəlidəki illərdə tanınması baxımından əla başlanğıcdır. Xüsusilə iqtisadi birliyin gələcəkdə üzv ölkələrin inkişafında təsirini nəzərə alsaq, bu, illərdir təcrid vəziyyətdə qalmış KKTC-yə də mühüm töhfə verəcək. Bu müstəvidə diqqət çəkən qərarlardan biri 1 sentyabr 2022-ci ilədək üzv ölkələrin bərabər miqdarda vəsait yatırmaqla "Türk Yatırım Fondu"nu yaratmaq niyyətidir. Bu gün dünya miqyasında sərmayə fondlarının iqtisadi sferada necə böyük rol oynadığını hər kəs yaxşı bilir”deyən C.Tomara görə, iqtisadi müstəvidə üzv ölkələrin əməkdaşlığı daha da dərinləşdirməsi, qarşılıqlı ticarətin həcmini artırması ortaq türk bazarının yaranmasını reallaşdıracaq. Bu da öz növbəsində İpək Yolunun inkişafı baxımından vacib olan Trans-Xəzər dəhlizinin mütəmadi və kəsintisiz fəaliyyət göstərməsinə şərait yaradacaq. Müsahib deyir ki, dəhlizin daha məhsuldar çalışması üçün isə, üzv ölkələr arasında zaman-zaman problemə çevrilən gömrük qaydalarının sadələşdirilməsi və bu yolla daşınmanı asanlaşdırmaq üçün “Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında Beynəlxalq Birləşdirici Yük Daşınması Anlaşması"na da son düzəlişlər edilib. Bununla yanaşı, Zəngəzur Dəhlizinin Xəzər üzərindən keçən Şərq-Qərb Dəhlizinə inteqrasiyası yönümündə Azərbaycanın səylərinin dəstəklənməsi də üzv ölkələr arasında iqtisadi birlik baxımından önəmlidir.
“Sözügedən Zirvədə təhsil və mədəniyyət sahəsində verilmiş qərarlar da türk dünyasının inteqrasiyasında iqtisadiyyat qədər böyük rol oynayacaq. Qazaxıstanın Türküstan şəhərində türk dünyasında yayımlanan beynəlxalq bir telekanalın qurulması, ortaq ali təhsil sahəsi yaradılması haqda verilən qərarlar da çox vacibdir. Ayrıca, təşkilata üzv ölkələr tərəfindən ali təhsil sahəsində “Orhun Mübadilə Proqramı”nın gücləndirilməsi və orta təhsildə şagir mübadiləsi proqramlarının hazırlanması yönümündə verilən qərarlar, xüsusilə də təhsil sahəsində, türk dünyasının inteqrasiyasına böyük töhfələr verəcək” deyən rektor əvəzi əlavə olaraq qeyd edib ki, Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) Özbəkistan, Qırğızıstan və Türkiyədən yeni üniversitetlərin qatılması ilə daha da genişlənməsi, Türkiyə Maarif Vəqfinin türk dünyasında quracağı məktəblərin quruluş prosedurlarının asanlaşdırılması və "Ortaq Türk Tarixi", "Türk Dünyası Coğrafiyası", "Ortaq Türk Ədəbiyyatı" kimi dərs kitablarının yazılaraq çap edilməsinə dair qərarlar millətimizin birliyini daha da gücləndirəcək.
Professor Tomar sonda bildiirb ki, qəbul edilmiş qərarlar ümumi millətimiz üçün çox vacib olsa da, ən zəruri olanı həmin qərarların icra olunmasıdır. “Bunun üçün isə üzv ölkələr öz daxillərindəki bəzi problemlərdən qaynaqlanan bürokratik maneələri aşmalıdırlar. Bütün bu qərarlar həyata keçirilsə, XXI əsrin "Türk əsri" olaraq tarixə düşməsi yolundakı əngəllər də aradan qalxacaq.