İyulun 5-6-da regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderləri Şuşa şəhərində keçirilən qeyri-formal sammitdə öz imzaları ilə tarix yazdılar. Şuşa Bəyannaməsindən sonra Şuşada imzalanan Qarabağ Bəyannaməsi dünyaya, türk dünyasına növbəti mühüm mesajlarını verdi.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hesab edir ki, Qarabağ Bəyannaməsi türk dünyası tarixində yeni mərhələ hesab olunmalıdır. İlk növbədə ona görə ki, qütbləşmənin dərinləşdiyi hazırkı həssas məqamda türk dövlətləri Şuşadan dünyaya vahid güc mərkəzi kimi səslənə bildi. Deputat eyni zamanda qeyd edib ki, sənədin Şuşada imzalanması və “Qarabağ Bəyannaməsi” adlandırılması özlüyündə simvolik və prinsipial əhəmiyyət daşıyır.
“Qarabağ və Şərqi Zəngəzur 30 il müddətində işğal və təcavüzə məruz qaldığı bir dövrdə qlobal miqyasda BMT qətnamələrinə rəğmən beynəlxalq hüququn bu pozuntusu ilə bağlı heç bir real reaksiyalar gəlməmiş, Gürcüstana, Ukraynaya, Moldovaya münasibətdə ərazi bütövlüyü məsələsində "prinsipial" mövqe göstərən Qərb Azərbaycan torpaqlarının 20 faizinin işğalda qalmasına susqunluq nümayiş etdirmişlər. Azərbaycan işğal və təcavüzə özünün güc və imkanları hesabına, hərbi-siyasi yolla son qoymuş, hazırda Livan ölçüdə ərazidə böyük quruculuq və bərpa prosesi böyük uğurla davam etdirilir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin 30 illik məcburi köçkün həyatından sonra ləyaqətli şəkildə qayıdışının təmin olunması həyata keçirilir. Eyni zamanda, Azərbaycanın artan güc və imkanları deməyə əsas verir ki, bölgədə məhz Bakının əməliyyat şəraitinə tam nəzarət etməsi gələcəkdə Ermənistanın və havadarlarının hər hansı təxribat cəhdlərinin, o cümlədən beynəlxalq hüququn sərhəd toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə istənilən təhdid perspektivini aradan qaldırır. Görünən odur ki, münaqişəsiz bölgə bir çox Qərb dövlətlərinin və təsisatlarının maraqları ilə üst-üstə düşmür. Bu mənada, böyük əhali, ərazi və təbii ehtiyatlar potensialı ilə Türk dünyasının Azərbaycanın yanında olduğunu bəyan etməsi özlüyündə ciddi tarixi-siyasi hadisədir. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquq normalarında əksini tapan prinsiplərə əsaslanan mövqeyi dünyanın yüksələn gücü hesab edilən türk dünyası tərəfindən qəti şəkildə dəstəklənməkdədir”.
B.Məhərrəmov qeyd edib ki, dərinləşən ziddiyyətlər fonunda Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində birmənalı şəkildə nəzarətə malik olan türk dünyasının bu mövqeyi özlüyündə regionda sülh və sabitlik arzu etməyən qlobal subyektlər üçün ciddi siqnaldır. Onun fikrincə, Qərb subyektləri yaxşı başa düşür ki, bu xətlər olmadan iqtisadi və ticari maraqlarını nəinki regionda, bütövlükdə Avrasiya məkanında təmin etmək mümkün olmayacaq.
“Türk dünyasının Qarabağdan və Türk dünyası üçün prinsipial əhəmiyyət daşıyan Şuşadan bir daha birlik nümayiş etdirməsi özlüyündə Qərbin regiona yönəli siyasətinin də konturlarına birmənalı şəkildə təsir edəcək. Bu mənada, Qarabağ Bəyannaməsi Azərbaycan diplomatiyasının böyük uğuru, həmçinin Prezidentin türk dünyasının birliyi adına, bütövlükdə türk tarixinin ən mühüm həmlələrindən biri hesab olunmalıdır”.
Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsi bütün dünyaya verilmiş növbəti mühüm mesaj idi. Onun sözlərinə görə, bu sammit bir daha “Qarabağ əzəli Azərbaycan torpağıdır” - deyə, reallığı Şuşadan dünyaya bəyan etdi.
Deputat Şuşada Qarabağ Bəyannaməsinin qəbul olunması və bu sənədə türk dövlətlərinin imza atmasını mühüm tarixi hadisə kimi önə çəkib. R.Nurullayev hesab edir ki, Qarabağ Bəyannaməsi türk dünyasını regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu bəyan edir. Eyni zamanda, türk xalqlarının qitə miqyasında töhfələrini, qlobal siyasət, iqtisadiyyat və sivilizasiyaların inkişafında tarix boyu oynadığı rolunun ən yüksək dəyərini ortaya qoyur.
Deputat eyni zamanda qeyd edib ki, Macarıstanın Baş nazirini, digər türk dövlətlərini tənqid edən ölkələr, ermənipərəst qüvvələr var. Onlar hələ də türk liderlərinin Şuşaya gedişinə müsbət yanaşmırlar. Ona görə də hesab edir ki, “Qarabağ Bəyannaməsi” bu qüvvələrə tutarlı cavab vermək üçün Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsinin imzalanması qədər əhəmiyyətli bir sənəddir.
“Dünya ölkələrinin başçıları Şuşaya toplaşdıqca Azərbaycan bir daha özünün gücünü, qüdrətini, dövlətçiliyini, oturuşmuş siyasətini dünyaya bariz şəkildə nümayiş etdirir. Bir daha bəyan edir ki, xain niyyətlərinizdən, gözügötürməzliyinizdən əl çəkin.
Qarabağ Bəyannaməsinin qəbul edilməsi haqsız olaraq Ermənistanın yanında dayanmaq istəyən, müdafiə etmək yolunu tutan bir çox dövlətlərin əl-qolunu bağlayır. Qarabağ Bəyannaməsi dünyanın güclü türk dövlətləri tərəfindən imzalanmış bir sənəddir. Bu dövlətlər bir daha Azərbaycanın Qarabağ üzərindəki suvereniyini təsdiq edirlər. Hesab edirəm, bu cür addımların atılması, Qarabağ Bəyannaməsinin imzalanması həm də Ermənistan hakimiyyətini vadar edir ki, öncə haqsız tələblərindən, düşüncələrindən əl çəksinlər, sonra da sülh müqaviləsini imzalamaq üçün Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirsinlər. Qarabağ Bəyannaməsi artıq o qüvvələri çıxılmaz vəziyyətə salır. Onlar bütün dünyanın Azərbaycanın yanında olduğunu anlamalıdır. Ona görə də boş-boşuna atılıb-düşmək, mənasız tələblər irəli sürmək onlara heç nə qazandırmayacaq, əksinə, qonşu ölkələrlə düşmənçiliyi daha da dərinləşdirəcək”.
Deputat Elşad Mirbəşir bildirir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-rəsmi sammitinin Şuşa şəhərində baş tutması böyük tarixi hadisədir. O, sammitdə iştirak edən dövlət başçılarının Şuşanı türk dövlətlərinin, türk dünyası həmrəyliyinin rəmzi hesab etməsinin təsadüfi olmadğını önə çəkib.
E.Mirbəşir Azərbaycan Prezidentinin sammit çərçivəsində etdiyi çıxışa və diqqətçəkən məqamlara toxunub. Deputat ölkə başçısının Türk Dövlətləri Təşkilatını müasir dövrdə çox təsirli, qlobal siyasətdə yeri olan subyekt kimi görmək istəyi ilə bağlı fikrinə xüsusilə diqqət çəkib. Qeyd edib ki, digər platformalarda olduğu kimi Azərbaycanın təşəbbüslərinin Türk Dövlətləri Təşkilatı strukturunun möhkəmləndirilməsinə xidmət edir, əməkdaşlıq imkanlarının genişləndirilməsini şərtləndirir və gələcəkdə daha perspektivli subyektə çevrilməsinə imkan verir. Deputat Azərbaycan Prezidentinin toxunduğu digər bir məqama da diqət çəkib:
“Prezident çxışında bildirdi ki, təşkilatın hazırki strukturu və maliyyələşməsi bütövlükdə üzv olan ölkələrin resurslarına uyğun deyil. Ona görə də Azərbaycan Prezidenti TDT-nın hesabına 2 milyon dollar vəsait köçürüldüyünü bildirməklə yeni bir nümunə ortaya qodu. Bununla da gələcəkdə təşkilatın daha funksional olması, daha sürətlə strukturlaşması istiqamətində ilk addımı atmış oldu. Düşünürəm ki, bundan sonrakı mərhəldə digər üzv ölkələr də analoji addımlar atacaqlar”.
Deputat Azərbaycan Prezidentinin TDT çərçivəsində diqqət çəkdiyi digər prioritet istiqamətlərə toxunub:
“Prezident nəqliyyat, logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə Azərbaycanın malik olduğu infrastrukturun əhəmiyyətinə toxundu, Azərbaycanın atdığı addımları xatırlatdı. Bu da ona dəlalət edir ki, nəqliyyat, logistika sahəsində TDT-a üzv olan ölkələrin maraqlarına uyğun əməkdaşlıq sisteminin qurulması Azərbaycan üçün prioritetdir. Bu istiqamətdə Azərbaycanın addımları təsirlidir. Məsələn, Prezident qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi 1 milyon tondan 2 milyon tona qədər yüksəldilib. Nəzərə almaq lazımdır ki, bu isitiqamətdə imkanların yaradılmasında Azərbaycan dövlətinin həlledici rolu olub. Ayrıca Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükkeçiricilik qabiliyyətinin 15 milyon tondan 25 milyon tona yüksəldilməsi ölkə Prezidenti tərəfindən qeyd edildi. Bu məqamlar bir daha göstərir ki, Azərbaycan həqiqətən də gələcəkdə əməkdaşlıq üçün çox unikal əlverişli şərtlərə sahibdir”.
E.Mirbəşir hesab edir ki, Sammitin əsas nəticəsi məhz Qarabağ Bəyannaməsinn imzalanmasıdır.
“Prezidentin də qeyd etdiyi kimi, Qarabağ Bəyannaməsinin imzalanması TDT-nın bundansonrakı inkişafında həllediçi rol oynayacaq. 31 maddədən ibarət Bəyannamədə türk dövlətlərinin gələcək əməkdaşlıqla bağlı mövqeləri sərgilənir, çox vacib məsələlərlə bağlı strateji yanaşmaları öz ifadəsini tapır. Hesab edirəm ki, Qarabağ Bəyannaməsi türk dövlətlərinin konstitusiyasıdır, mütləq şəkildə Təşkilatın inkişafını sürətləndirəcək bir fəaliyyət strategiyasıdır. Bu baxımdan hesab edirəm, Azərbaycan növbəti dəfə çox mühüm tarixi səhifə formalaşdırdı. TDT-nın Şuşada keçirilən qeyri-rəsmi sammiti diqqəti həm də işğaldan azad etdiyimiz ərazilərə, xüsusən Qarabağın incisi olan Şuşaya çəkmiş oldu. Azərbaycan növbəti dəfə türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi, gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, qarşılıqlı maraqlara cavab verən mövqelərin formalaşdırılması baxımından olduqca təsirli bir addım atmış oldu”.