Türkiyə bankları Rusiya şirkətlərinin hesablarını bağlayır

09:15 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın aparıcı qəzetlərindən olan “Vedomosti” iş adamları, maliyyə məsləhətçiləri və iş birliklərinin nümayəndələrinə əsaslanaraq xəbərlərində Türkiyədə bəzi bankların rusiyalı müştərilərin hesablarını bağlamağa başladığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, ABŞ prezidentinin ikinci dərəcəli sanksiyalarla bağlı 2023-cü ilin dekabrında verdiyi fərmandan sonra türk bankları Rusiya bankları ilə işləməkdən hamılıqla imtina etməyə başlayıb. Bununla əlaqədar olaraq Türkiyədə fərdlərin ehtiyacları artıb.

Xəbərdə Türkiyə maliyyə qurumlarının ilin əvvəlindən birdən-birə Rusiyadan ödəniş qəbulunu dayandırmağa başladığı, daha əvvəl sanksiyalara məruz qalan şirkətlərlə bağlı olan hesabların bağlanması praktikasının indi digər şirkətləri də əhatə etməyə başladığı vurğulanır. Rusiya şirkətləri müəyyən bir müddət ərzində bütün əlaqələri dayandırmaq və hesabı bağlamaq tövsiyəsi ilə bildirişlər alır. Dövlət bankları qida və əczaçılıq məhsullarının da daxil olduğu “yaşıl siyahı”da olan məhsullar üçün milli valyutalarla ayrıca ödənişləri davam etdirir.

Beynəlxalq ödənişlərin strukturlaşdırılması üzrə rusiyalı biznes məsləhətçisi İsgəndər Mirqəlimov bildirib ki, Rusiya mənşəli korporativ müştərilər üçün hansı ölkədə qeydiyyatdan keçməsindən asılı olmayaraq xidmətlər dayandırılıb.

Bu vəziyyət ilk növbədə neft və qaz treyderlərinə, eləcə də ödənişlər və çatdırılmalarda Türkiyədən tranzit ölkə kimi istifadə edən bizneslərə aiddir.