“Türkiyə ilə özümüzü təhlükəsiz hiss edirik” - Hüseyn Kavazoviç

10:00 26.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bosniya və Herseqovina İslam Birliyinin sədri Hüseyn Kavazoviç Türkiyə kimi bir ölkə ilə dost olmağın vacibliyinə işarə edərək, "Türkiyə ilə özümüzü təhlükəsiz hiss edirik. Düşünürəm ki, dünyada hər bir ölkə Türkiyə ilə dost olmaq istəyir. Bizim türk xalqı ilə mənəvi əlaqələrimiz var” deyib.

Hafta.az-ın yazdığına görə, Kavazoviç Türkiyə ilə ikitərəfli əlaqələri, Qəzza hadisələrini, Bosniya və Herseqovinada bosnak əhaliyə qarşı son vaxtlar artan təxribatları dəyərləndirib.

Müsəlman ölkələri arasında Diyanət İşləri Başçılığı ilə ən yaxşı əlaqələrə malik olduqlarını bildirən Kavazoviç, "Türkiyə bizə ən yaxın ölkədir. Biz ortaq mirasın, Osmanlı mədəniyyətinin bir parçasıyıq. Son dərəcə yaxşı əlaqələrimiz var" deyib.

İsrailin Qəzzaya hücumlarını qiymətləndirən Kavazoviç, "Qəzza, şübhəsiz ki, bəşəriyyət tarixində böyük bir yaradır. Qəzzada törədilən vəhşilikləri dayandıracaq vəziyyətdə deyilik. Qəzzadan sonra vəhşiliklərdən danışmaq çox daha ciddi və fərqli olacaq. Qəzza artıq heç kimə cavab deyil. Ən təəccüblüsü susqunluqdur. Qəzzada müharibəni və mülki ölümləri dayandıra biləcək güclər susur" deyə şikayətlənib.

Qəzzada bəşəriyyətin uğursuzluğa düçar olduğunu bildirən Kavazoviç əlavə edib ki, dini dairələrdən heç bir təşəbbüs yoxdur. Amma Qəzza Allahın köməyi ilə xilas olacaq və təbii ki, tarix Qəzzada baş verənlərə səssiz qalanları unutmayacaq.

Dünyada milyonlarla insanın Qəzzada atəşkəsi təmin etmək və mülki ölümləri dayandırmaq üçün küçələrə çıxdığını bildirən müsahib deyib ki, xalq ədalətsizliyi və böyük zülmü gördü. Qəzza bütün insanlara böyük dərsdir.

Bu gün Qəzzada baş verənlərin 1995-ci ildə Bosniya və Herseqovina müharibəsi zamanı baş verən Srebrenitsa soyqırımını xatırlatdığına diqqət çəkən Kavazoviç deyib: “Srebrenitsada baş verənlərin soyqırım olduğu məhkəmələrdə sübuta yetirilib, amma Qəzzada edilənlər də soyqırımdan başqa bir şey deyil. Qəzzadan çox uzaqda yerləşən Cənubi Afrikanın İsrailə qarşı açdığı soyqırım iddiasını yüksək qiymətləndirirəm. Cənubi Afrika da öz tarixində çoxlu hadisələr yaşayıb. Bu, əslində, əxlaqi dərs oldu. Çünki İslam dünyası heç bir müsəlman ölkəsindən belə bir təşəbbüs gəlməyib”.

Kavazoviç, "Cinayətlərə görə dövlət cavabdehdir, xalq yox. Eynilə Srebrenitsada olduğu kimi. Soyqırımın müqəssiri serb xalqı deyil, ordusu və polisi olan dövlətdir. Eyni vəziyyət İsrail üçün də keçərlidir" deyib.