Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı hafta.az-a növbəti müsahibəsində əsasən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüssel görüşünün nəticələri barədə danışıb.
-Teymur bəy, Brüssel görüşünün nəticələrini necə dəyərləndirirsiz?
-Öncə onu deyim ki, 10 noyabr bəyanatından sonra olan görüşlər arasında Soçi və Brüssel görüşləri xüsusi olaraq seçildi. Hər iki görüş öncəsi cəbhə xəttində gərginlik oldu. Soçi görüşündə müəyyən razılıqlar əldə olunduğu bildirildi. Bundan başqa, zənnimcə, Brüsseldə gözlənilməyən bir məqam da Azərbaycan dövlət başçısı ilə NATO-nun baş katibinin görüşməsi oldu. Bu görüşü yerində olan bir görüş kimi qəbul edir və alqışlayıram. Məhz bu görüşdən sonrakı mətbuat konfransında Azərbaycan Prezidenti bildirdi ki, Zəngəzur dəhlizi boyu çəkilməsi nəzərdə tutulan yolla bağlı ilkin razılaşma olub. İlham Əliyev qeyd etdi ki, Paşinyanla görüşdə bu məsələnin müzakirəsi olacaq. Brüssel görüşündə Soçi görüşündə əldə olunan bəzi məsələləri hər iki tərəfin qəbul etdiyi və razılıq olduğu görsənir. Ümumilikdə Soçi və Brüssel görüşlərini səmərəli kimi qəbul etmək olar. Əsas odur ki, həmin görüşlərdə əldə olunan razılaşmaları Rusiya və Ermənistan tərəfləri yerinə yetirsinlər. Bundan sonrakı prosesləri yaxından izləmək lazımdır...
-Belə çıxmırmı ki, Brüssel görüşü Soçi görüşündən daha məhsuldar oldu? Yəqin ki, Brüssel görüşündən sonra Putində qısqanclıq yaranıb və o, bu görüş əsasında, yəni Avropa İttifaqının patronajlığı altında delimitasiya və Zəngəzurdan dəmir yolunun çəkilməsi ilə bağlı hansısa real nəticələrin əldə olunmasına mane olmağa çalışacaq?
-Birincisi, bu görüşün Soçi görüşündən məhsuldar olması haqqında fikir bildirmək hələ tezdir. Soçi görüşündən sonra baş nazir müavinlərinin görüşü oldu. Ancaq həmin görüş gərgin keçdi və sonda yarımçıq dayandı və qərara alınıb baş nazirlərin müavinlərin ikinci görüşü olacaq. Sonra hər iki ölkənin xarici işlər nazirinin görüşü olacaqdı. Lakin həmin görüş də baş tutmadı. Çünki sərhəddə gərginlik vardı və erməni deputatlar qanunsuz olaraq Qarabağa gəlmişdi. Soçi görüşündə Zəngəzur dəhlizi ilə bağlı razılığa gəlinmişdi, lakin dəmir yolunun haradan keçəcəyi məsələsi qalmışdı, həmin məsələ də bu görüşdə əldə olundu. Burada bir yenilik var: İlham Əliyev tərəfindən Zəngəzur dəhlizində hərəkət rejiminin faktiki olaraq Laçın dəhlizi ilə eyni olması müddəası da səsləndi... Düşünürəm ki, bu da Rusiya ilə razılaşdırılıb. Qaldı Putinin mövqeyinə, düşünürəm ki, buradakı məsələlər məhz Kremlin nəzarəti altında baş verir. Rusiyanın maraqları qorunmadığı müddətdə Rusiya hər şeyə əl atır və atmaqda davam edəcək. Odur ki, əgər Soçi görüşündən əldə olunan razılaşmalardan başqa Brüssel görüşündə başqa razılaşmalar olubsa və Rusiyanın bundan xəbəri yoxdursa və ya onun maraqlarına cavab vermirsə, Putin proseslərə mane ola bilər...
-Sizcə, keçmiş Dağlıq Qarabağdakı digər ərazilərimizə Azərbaycan bayrağı sancılmamış, yəni o yerlərdə yurisdiksiyamız əldə olunmamış Türkiyə dövləti Ermənistanla diplomatik əlaqələrin bərpa olunmasına və sərhədlərin açılmasına razı olacaqmı?
-Hazırkı geosiyasət onu diqtə edir ki, Türkiyə-Ermənistan münasibətlərində yaxınlaşma olsun. Türkiyə-Ermənistan arasında pərdəarxası danışıqlar gedir. Azərbaycan dövləti bu danışıqların aparılmasına isti baxıb və hələki səbirlə izləyir. Əsas odur ki, həmin münasibətlər Azərbaycana qarşı olmasın. Təbii ki, bu yaxınlaşma Azərbaycan və Türkiyənin maraqlarına cavab verməlidir. Türkiyə tərəfi yeni şərtlər irəli sürüb Ermənistan tərəfinə. Ermənistan tərəfi bu yaxınlaşmanı istəyir... Amma İrəvanın burada öz oyunları var. Türkiyənin Orta Asiyaya rahat çıxması üçün Zəngəzur dəhlizi ona lazımdır... Digər tərəfdən, Qərb Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasını həm istəyir, həm də hər iki tərəfə təzyiq etməyə çalışır...
Amma reallıq odur ki, bu münasibətlərin qurulması Ermənistana iqtisadi gəlirlər gətirə bilər. Ancaq bu münasibətlərdə siyasi uğurların olacağına mən hələ ki, şübhə edirəm. Prosesləri yaxından izləmək lazımdır. Qaldı Xocalıya və Xankəndinə Azərbaycan bayrağı sancılması, bu yalnız Azərbaycan dövlətinin atdığı uğurlu diplomatik gedişlərdən asılı olacaq. Mən buna inanıram, Xocalıya və Xankəndində Azərbaycan bayrağı dalğalanacaq...
-Biz deyirik ki, Qarabağdakı ermənilərə status verilməsi məsələsi bitdi, əvəzində Laçın dəhlizi deyilən ərazi və Rusiya hərbçilərinin məsuliyyət zonası olan, ermənilərin yaşadığı digər Azərbaycan torpaqları faktiki olaraq Ermənistanın nəzarətindədir. Və belə görünür ki, Rusiya ordusu oradan çıxınca belə də olacaq. Azərbaycanın bu dalandan çıxması üçün rəsmi Bakı hansı addımları atmalıdır?
-Rusiya hazırda öz oyununu oynayır və öz şərtlərini irəli sürür. Azərbaycan dövləti bu şərtlərin qarşısında oz oyunlarını oynayır, Rusiyanın istəklərini yerinə yetirmir və dirəniş göstərir. Ancaq Brüssel görüşündən gəlinən nəticələr göstərir ki, Azərbaycan dövləti Laçın dəhlizində post quracaq və ona nəzarət edəcək. Ancaq dəhliz hələki Rusiyanın tam nəzarəti altındadır. Azərbaycan dövləti var gücüylə Laçın dəhlizi və Qarabağdakı bütün prosesləri izləməli, yeri gələndə müdaxilə etməlidir. Azərbaycanın bu dalandan çıxması üçün:
1.Milli birliyin qorunub saxlanması mütləq lazımdı.
2. Əsas daxili və xarici problemlər həll olunmalıdır.
3. Diplomatiyamız güclənməli və yeniliklər olmalıdır.
4. Türkiyə ilə strateji müttəfiqlik dərinləşməlidir.
5. Qərb v NATO ilə münasibətləri genişləndirmək lazımdır.
6. Beynəlxalq arenada güclü müttəfiqlər tapıb münasibətlər qurmaq vacibdir.
7. Diplomatiyamız ancaq hucum mövqeyində olmalıdır.
Və 8-ci, bütün deyilənlərin həll olunacağı halda hər zaman Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı antiteror əməlliyyyatlar keçirməyə hazır olmalıyıq.